“SpaceX”-lə müqavilə imzaladıq, İlon Mask Bakıya gələcək…” –EKSPERT ŞƏRHİ

Bu gün “Azərkosmos” ilə “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
İlon Maskın oktyabrda Bakıya gəlişi reallaşmaq üzrədir.
Müqaviləyə əsasən, Azərkosmos və SpaceX şirkəti arasında şirkətin Starlink peyk internet xidmətinin Azərbaycanda satışı üzrə razılıq əldə olunub.
Xeyli müddət olardı ki, Azərbaycan ərazisi də Starlink peyklərinin əhatə dairəsinə daxil olmuşdu.
Starlink internet xidməti yetərincə baha olduğundan güman ki, bu xidmət daha çox korporativ sektor, işğaldan azad olunan ərazilər və ənənəvi internet bağlantıların əlçatan olmadığı ərazilər üçün cəlbedici olacaq.
Xatırladıram ki, müharibə şəraitində olan Ukrayna bu peyk operatorunun imkanlarından yetərincə bəhrələnmişdi.
İstənilən halda, alternativ bir internet xidməti olaraq Starlink-in ölkəmizə gəlişi yetərincə faydalıdır.
Düşünmək olar ki, Azərkosmos bu əməkdaşlıq çərçivəsində yeni istehsal olunacaq peyklərin də SpaceX vasitəsilə orbitə qaldırılmasını nəzərdə tutub.
Daha öncə də Azərkosmos rəhbərliyi belə bir əməkdaşlıq üzərində çalışdıqlarını bildirmişdi.
Beləliklə də, Azərbaycanın yeni müşahidə peykinin İsrail tərəfindən istehsal olunacağını və SpaceX şirkəti tərəfindən orbitə qaldırılacağını gözləmək olar.
Fikrimcə, son illərin də təcrübəsi göstərir ki, əlçatanlıq, qiymətlərin sərfəli olması və daha müasir həllər baxımından SpaceX şirkəti ilə əməkdaşlıq əhəmiyyətlidir və doğru seçimdir.
Beləliklə, bununla da ölkəmizdə internet xidməti göstərən provayderlərin sayı daha da artmış oldu.
Hazırda 150-dən çox provayder Azərbaycan internet məkanında xidmət göstərir.
Qeyd olunan müqavilənin reallaşması ilə bu ilin oktyabrında Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə İlon Maskın da qatılacağını gözləmək olar. Gözləmək olar ki, peykimizin orbitə qaldırılması ilə bağlı SpaceX ilə anlaşmalar elə Konqres çərçivəsində imzalansın.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti
Əvvəlki məqalə

İmran Xan həbs edildi

Sonrakı məqalə

İlham Əliyev Şuşada Mir Möhsün Nəvvabın məzarını ziyarət edib