SSRİ pasportu ilə yaşayan şəxslərin müəyyən edilməsi istiqamətində işlər aparılır

Dövlət Miqrasiya Xidməti (DMX) SSRİ pasportu ilə yaşayan və ya vətəndaşlığını təsdiq edən hər hansı sənədi olmayan şəxslərin müəyyən edilməsi, müvafiq qaydada sənədləşdirilməsi istiqamətində işlər aparır.

DMX-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri də vətəndaşlıq məsələləri ilə bağlıdır. Xidmət tərəfindən Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğular araşdırılır.

Eyni zamanda, vətəndaşsızlıq hallarının qarşısının alınması və sayının azaldılması, o cümlədən vətəndaşsızlıq vəziyyətində olan şəxslərin aşkar edilərək sənədləşdirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Bu insanlar arasında məlumatlılığın artırılması, onların hüquqi statusunun müəyyənləşdirilməsi, yaranan problemlərin həll edilməsi, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən Xidmətin regional miqrasiya idarələrinin iştirakı ilə yerli icra hakimiyyətləri ilə birgə ölkənin şəhər və rayonlarında geniş maarifləndirmə tədbirləri həyata keçirilmiş, çoxsaylı görüşlər təşkil edilmiş, sənədsiz yaşayan şəxslərin aşkar olunması istiqamətində müvafiq işlər görülüb.

Görülmüş tədbirlər nəticəsində 2008-2019-cu illər ərzində 1744 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan vətəndaşlığına qəbul olunub. Hazırda isə heç bir ölkənin vətəndaşlığına mənsub olmayan, ölkə ərazisində keçmiş SSRİ pasportu ilə yaşayan və ya vətəndaşlığını təsdiq edən hər hansı sənədi olmayan şəxslərin Xidmət tərəfindən müəyyən edilməsi və  müvafiq qaydada sənədləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

125 dairənin hər biri üzrə lider namizədlər

Sonrakı məqalə

Ukrayna Prezident Administrasiyasının rəhbəri dəyişib