“Sülhəddin Əkbərin namizədliyini Afiyəddin Cəlilov verdi” –

Yaqub Məmmədovdan maraqlı açıqlama  
12 İyun 2020 - 12:55

“Sülhəddin Əkbərin MTN-in birinci müavini vəzifəsinə namizədliyini rəhmətlik Afiyəddin Cəlilov irəli sürmüşdü. Mən də onu bəyənmişəm və təyin etmişəm”.

Azpost.info bildirir ki, bu sözləri 1992-ci ildə Ali Sovetin sədri və Prezident səlahiyyətlərini icra edən professor Yaqub Məmmədov azpolitika.info-ya müsahibəsində deyib.

Y.Məmmədov bildirib ki, S.Əkbər verdiyi müsahibəsində bəzi məqamları düz deməyib: “Sülhəddin Əkbər həkimdir və mən onu yaxşı tanıyıram. Onun namizədliyini rəhmətlik Afiyəddin Cəlilov irəli sürmüşdü. Mən də onu bəyənmişəm və təyin etmişəm. Müsahibəsində qeyd edib ki, guya İsa Qəmbər və ya başqa bir nəfər onun namizədliyini irəli sürüb. Qətiyyən belə bir şey olmayıb. Onun namizədliyini rəhmətlik Afiyəddin müəllim irəli sürüb, məndən xahiş edib. Mən də onu nazir müavini təyin etmişəm”.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik nazirinin həmin dövrdə onun kadrı olması barədə deyilənlər doğru deyil: “ İndi deyirlər Yaqub Məmmədov Əbülfəz Elçibəyə deyib ki, İsgəndər Həmidov sizin namizəd kimi Daxili İşlər naziri təyin olunub, Milli Təhlükəsizlik nazirini də mən təyin edim. Qətiyyən belə şeylər olmayıb”.

Y.Məmmədov prosesin necə baş verdiyini açıqlayıb: “Mən onlara dedim ki, onsuz da icra hakimiyyəti orqanlarını götürmüsünüz. Özünüz kimi istəyirsiniz təyin edək. Elçibəy dedi ki, Milli Təhlükəsizlik naziri ölkənin birinci şəxsinin tanıdığı adam olmalıdır. Ölkənin birinci şəxsi, Yaqub bəy, sizsiniz və bu posta öz namizədinizi təklif edin. Mən də bir neçə təklif irəli sürdüm, bəyənmədilər. Çünki bu adamlar mitinqlər zamanı onlarla hansısa formada üz-üzə gəlmişdi. Sonradan Fəxrəddin Təhməzovun adını çəkdim. Onu tanımırdılar deyə heç kəs etiraz etmədi. Əbülfəz bəy xahiş etdi ki, onu dəvət edin, görək kimdir. Dəvət etdim, bir az söhbət etdikdən sonra Əbülfəz bəy onu bəyəndi və dedi ki, nazir təyin etmək olar. Hadisə bu cür olub. Amma Sülhəddin Əkbər müsahibəsində qeyd edib ki, guya mən demişəm Milli Təhlükəsizlik naziri vəzifəsinə mən öz adamımı təyin edəcəyəm. Bunların hamısı yalandır”.