Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir- PREZİDENT

Ermənistan 28 illik bir dövrdə beynəlxalq hüququn fundamental prinsipləri ilə razılaşmaq istəmədi. Onlar bütün humanitar qanunları pozdular, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə məhəl qoymadılar. Heç kim onlara zərrə qədər də irad tutmurdu.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbulu edərkən deyib.

Dövlət başçısı bildirib ki, münaqişə barədə danışan bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyünə sadiqlik bəyan etmirdilər.

Prezident İlham Əliyev vurğulayıb ki, indi – biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik: “Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir”.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi: “Bəli, bir sıra Qərb ölkələrində ermənipərəst sentimentlərin mövcudluğu, erməni diasporunun rol oynaması məlumdur. Amma beynəlxalq hüquqa gəldikdə bu emosiyalar kənara qoyulmalıdır. Lakin bunu anlamaq önəmlidir ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərinin 1-2 ilə həll edilməsi çətindir. Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi”.

Prezident İlham Əliyev vurğulayıb ki, çünki bu, bizim daxili məsələmizdir: “Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir”. Dövlətimizin başçısı bildirib ki, buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir: “Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”.

Əvvəlki məqalə

Dövlət Xidmətinin həbsdə olan sabiq rəisi azadığa buraxılıb

Sonrakı məqalə

Ankara Türkiyə və Ermənistan nümayəndələrinin görüşündən imtina edib