Sumqayıtda yeni fəaliyyətə başlayan müəssisələrə mediatur təşkil olunub –FOTO

İyulun 21-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların Inkişafi Agentliyinin (İZİA) təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkında yeni fəaliyyətə başlayan istehsal müəssisələrinə mediatur təşkil edilib.

Media nümayəndələrinə əvvəlcə ölkədə fəaliyyət göstərən sənaye zonaları, eləcə də Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, sənaye zonaları üzrə indiyədək 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 60-ı fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10100-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 450 milyon manatdan çox investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye zonalarında indiyədək ümumilikdə 7,17 milyard manatdan çox məhsul istehsal edilib ki, bunun da 2,3 milyard manatlıq hissəsi (təqribən 32,7 %-i) ixrac olunub.

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi təqribən 3,27 milyard ABŞ dollarından artıq olan 31 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək Sənaye Parkına rezidentlər tərəfindən 3,1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Qeydiyyata alınmış 31 rezidentdən 19-u artıq fəaliyyət göstərir. Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Belə ki, 2021-ci ilin I yarısında Sənaye Parkında 794 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin analoji dövründə bu göstərici 52,14% çox – 1,2 milyard manat olmuşdur. İstehsal olunan məhsulların ixrac rəqəminə nəzər salsaq, 2021-ci ilin I yarısı (267,5 milyon manat) ilə müqayisədə bu rəqəm 1,9 dəfə artaraq 2022-ci ilin I yarısında 508 milyon manat təşkil edib.

Daha sonra media mənsubları Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərsulfat” MMC-nin Sulfat turşusu istehsalı müəssisəsində olublar. Diqqətə çatdırılıb ki, Sənaye Parkının 1,5 hektar ərazisində inşa edilmiş müəssisədə mineral gübrələrin (superfosfat, amonium-sulfat) istehsalında, kimya sənayesi və metallurgiyada, neft sənayesində təmizləyici maddə kimi istifadə edilən sulfat turşusu məhsulunun istehsalı həyata keçirilir. İllik istehsal gücü 20 min ton, ümumi investisiya həcmi 10 milyon manatdan çox olan müəssisədə 34 nəfər daimi işlə təmin edilib. Zavodun məhsulları ilkin mərhələdə daxili tələbatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələlərdə isə xarici ölkələrə ixrac ediləcək.

“Glassica” QSC-nin Şüşə tara məhsullarının istehsalı müəssisəsində olan KİV nümayəndələrinə məlumat verilib ki, ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan müəssisənin illik istehsal gücü 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) təşkil edir. Müəssisədə istehsal olunan məhsullar daxili tələbatı tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac ediləcək.

Sənaye Parkının 2,6 hektar ərazisində inşa edilmiş müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.

Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 ildən çox təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən həyata keçirilib.

Bundan başqa, media nümayəndələrinə iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş müəssisələr barədə məlumat verilib. Qeyd edilib ki, “Az-Tex-Import” MMC tərəfindən Sənaye Parkının 4 hektar ərazisində İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 19,2 milyon manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək. Zavodun ildə 100 ədəd avtomobil istehsal etmək gücündə olacaq.

100 faiz Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co” MMC tərəfindən Sənaye Parkının 22,8 hektar ərazisində “Keramik plitələrin istehsalı” layihəsini həyata keçirəcək zavod inşa etməyi planlaşdırır. Zavodda Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələr (kafel, metlax) istehsal ediləcək. İnvestisiya dəyəri 68 milyon manat, illik istehsal gücü 18,5 milyon m2 keramik plitə istehsalı təşkil edəcək müəssisədə 400 nəfər daimi işlə təmin olunacaq.

Sumqayıt Kimya Sənaye Parkının digər rezidenti “4MAPS Bilgi Teknolojileri” MMC Sənaye Parkının 1,5 ha ərazisində “Tədqiqat-inkişaf mərkəzinin təşkili, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Jurnalistlər Sumqayıt Şəhidlər xiyabanında da olublar. Bildirilib ki, 1992-ci ildə salınan, 513 şəhidin uyuduğu Şəhidlər xiyabanı 2021-ci ildə əsaslı şəkildə təmir olunub, burada kompleks yenidənqurma işləri aparılıb. Şəhidlər xiyabanında hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılıb.

Diqqətə çatdırılıb ki, Şəhidlər xiyabanının ərazisi genişləndirilərək 1,2 hektara çatdırılıb. Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 144 şəxs haqqında məlumatların əks olunduğu abidə ucaldılıb.

Jurnalistlər 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi ilə tanış olublar.

“ASAN xidmət”in mətbuat katibi Elnur Niftəliyev bildirib ki, Mərkəz Sumqayıt şəhərində dənizkənarı bulvara inteqrasiya edilib və onunla vəhdət təşkil edir.

Mərkəz üçün ayrılan 1,85 ha ərazidə 4 mərtəbəli inzibati bina, fəvvarə, yerüstü 2 avtomobil dayanacağı, kafe, istirahət və uşaq əyləncə meydançası yaradılıb. Fasadlarda müasir texnologiyalardan istifadə edilib.

Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 325 xidmət həyata keçiriləcək. Mərkəzdə xidmət edən digər dövlət orqanları da daxil olmaqla, ümumilikdə 192 əməkdaş və 45 könüllü fəaliyyət göstərəcək.

Mərkəzdə 220 video müşahidə kamerası, 13 monitor, 150 kompüter, 101 printer, 125 İP telefon, elektron növbə sistemini tənzimləyən 18 monitor, 2 “ASAN ödəniş” terminalı, 3 elektron rəy sorğusu (exit poll) köşkü, “108 Çağrı mərkəzi”nə zəng köşkü, elektron şikayət köşkü (Skype), mərkəzləşdirilmiş havalandırma və istilik sistemi, yanğın söndürmə sistemi, çiller, generator, UPS və xüsusi dizayna malik 2 lift quraşdırılıb.

Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin, habelə “YAŞAT” Fondunun fəaliyyəti barədə məlumat əldə etmək mümkündür.

Həmçinin Mərkəzdə ənənəvi olaraq “ABAD Food Hall” təşkil edilib. Mərkəzin Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan, ümumilikdə 700 minə yaxın vətəndaşa xidmət göstərməsi nəzərdə tutulur. Eyni zamanda Mərkəz ölkəmizin digər regionlarında qeydiyyatda olan vətəndaşlara da ərazi məhdudiyyəti olmadan xidmət edəcək.

Əvvəlki məqalə

Türkiyənin ailə və sosial xidmətlər naziri Şuşada olub

Sonrakı məqalə

“Yalnız bu ilin beş ayı ərzində Azərbaycandan tranzit 30 faizdən çox artıb”-