Şuşada hansı bazarlar olub?

İrandan Avropaya, Avropadan isə əks istiqamətdə karvan və ticarət yolları Şuşadan keçdiyi üçün burada bir neçə növ bazar formalaşmışdı. Xalça, ayaqqabı, müxtəlif peşələrə aid bazarlardan ibarət böyük ticarət mərkəzi və sair. Şəhərin hər bir məhəlləsində də kiçik bazarlar fəaliyyət göstərirdi və onlara “bazarçı”, yəni “kiçik bazar” deyilirdi. XIX və XX əsrlərdə Şuşada bir sıra bazarlar var idi.

Qarabağın tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyev həmin yerlər barədəAZƏRTAC-a məlumat verərək deyib: “Rastabazar” şəhərin baş ticarət küçəsi idi. Mərkəzdən keçən və qalanın eni boyunca uzanan bu düz küçə ən böyük ticarət obyektlərindən sayılırdı. Şuşanın ən məşhur tacirlərinin arşın malı, ayaqqabı, paltar, dərzi, çəkməçi, qəssab, tərəvəz, bəzzaz, nüsxəbənd, papaqçı, əttar dükanları burda yerləşirdi. Küçənin həm başlanğıcında, həm də qurtaracağında kiçik meydança vardı. “Rastabazar”ın başlanğıcından sahə “bazar başı”, yəni bazarın başlanğıcı, qurtaracağındakı ərazi isə “meydan” adlanırdı.

“Şeytanbazar” şəhər meydanındakı karvansaranın qarşısından başlayaraq “Cıdır düzü” istiqamətində uzanan ikinci düz küçə idi. Burada əsasən dəmirçi və nalbənd dükanları yerləşirdi.

“Həftə bazarı” şəhərdə yalnız bazar günləri fəaliyyət göstərən yarmarka tipli bazar olub. Həftəbazarları arasında ticarət işlərini, əsasən çarvadarlar və xırdavatçılar yerinə yetirirdilər.

“Qapandibi” Şuşanın ilk böyük ticarət komplekslərindən biri idi, “Böyük bazar”, “Böyük tərəzi” demək idi. Bəzən onu “Aşağı bazar” və ya “Aşağı meydan” adlandırırdılar. “Yuxarı meydan”la “Aşağı meydan”ı (“Torpaq meydanı”) birləşdirən maili relyefli küçə yerləşirdi. Şəhərin şərq hissəsində geniş dairə şəklidə olan bu meydanın ortasında 4 kərpic sütunun üstündən böyük bir tərəzi asılmışdı. Burda yüzdən çox ikipudluq (32 kiloqramlıq) çəki daşları vardı. Həmin çəki daşlarını axşamlar zəncirlə bağlayıb açarlayırdılar. Meydanın bir tərəfində faytonçular, digər tərəfində isə arabaçılar dayanırdı. Bura Qarabağın kəndlərindən yemiş, qovun, qarpız, boranı, soğan, kələm və sair bostan bitkiləri, Daşaltıdan un məmulatları, Naxçıvandan duz, Təbrizdən xurma, şərq və Avropa ölkələrindən, Rusiyadan, Qafqazın müxtəlif şəhərlərindən növbənöv çeşidli mallar gətirilir, qapanda çəkiləndən sonra alıcılara və satıcılara paylanılırdı. Həmin qapanlarda qoyun, keçi, inək, camış, öküz və digər ev heyvanları, bir tondan artıq çəkisi olan taxta məhsulları çəkilirdi. Qapanın ətrafı, demək olar ki, həmişə yerli və xarici mallarda dolu olardı.

“Qapandibi”ndən “Bazar başı”na gedən dar küçənin sağ tərəfində cərgə ilə əsasən, dərzixanalar, başmaqçı, çay, parça, sol tərəfində qəssabxana, çayxana, cız-bızxana, pitixana, yağ, bəzzaz, əllaf, əttar, düyü, ləbləbi, qənnadı, şirniyyat və cuhudların xırdavat dükanları vardı. Bu azad və sərbəst məkanda şəhərin, əsasən işsiz-gücsüz adamları toplaşır, xoruzbazlar xoruzlarını və bildirçinlərini, qoçbazlar qoçlarını və keçilərini döyüşdürür, itbazlar itlərini boğuşdururdular. Döyüşə buraxılmazdan əvvəl sahibləri xoruzlarına istiotli kişmiş yedizdirib onları qızışdıraraq otun üstünə buraxardılar. Xoruzlar da bir-birinin üstünə atılıb döyüşür, biri o birinin başını vurub dəlməyincə, ya da heç olmasa, gözlərini vurub çıxarmayınca əl çəkmirdi. Xüsusi bəslənmiş qoçların isə başlarına həna yaxır, buynuzlarını yağlayır və göz dəyməməsi üçün boyunlarına gözmuncuğu asır, lentlə bəzəyib meydana buraxırdılar. Onlar da kəllə-kəlləyə gələrək yorulub əldən düşənə qədər bir-birini al qana qərq etməyincə aralanmazdılar.

Xırda sənətkarların və tacirlərin məclislərində, küçələrdə, bazarlarda, iri ticarət meydanlarında çalıb-oxuyan gəzəyən musiqiçilərin əksəriyyəti vaxtaşırı “Qapandibi”nə gəlir, gündəlik ruzilərini qazanırdılar. Bura İrandan, əsasən, yaz-yay aylarında dərvişlər gələr, meydan açıb qəribə əhvalatlar uydurub danışar, bəzən də üz-üzə durub bir-biri ilə deyişərdilər. Meymun, ilan oynadıb min cür hoqqadan çıxardılar. Bəzən də kim istəsə ilanla onu ovsunlayırdılar ki, sonralar həmin adamı daha başqa ilan sancmasın.

Əllərində mal satan dəllallar bazarı o baş-bu başa gəzib-dolaşır, sıra ilə düzülüb müştəri gözləyən iranlı hamballar işsizlikdən bir-biri ilə dərdləşir, bəziləri isə belində palan bir küncdə oturub mürgü vururdular.

Şəhərin bir dəstə işsiz-gücsüz adamı “Aşağı bazar”da günlərini belə keçirirdi. Bura yığışanlara dəyib-toxunan olmurdu. Yalnız dükanlardan vergi yığmaq üçün hərdənbir bazara vergi məmurları gəlirdi.

Bazarla üzbəüz Uğurlu bəy Cavanşirin karvansarası və yanında dəlləkxanası olan hamamı, 2 baqqal və 2 əttar dükanı şəhərin qonaqlarına mədəni xidmət göstərirdi. Hər cür ticarət və oyunlar gedən bu bazar meydanında həmişə qələbəlik olurdu. Ötən əsrin XX illərinə qədər fəaliyyət göstərən “Qapandibi bazarı” uzun illər Şuşanın satış bazası funksiyasını yerinə yetirib və şəhər iqtisadiyyatının inkişafında mühüm rol oynayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ordubadda canavar sürüsü şagirdlərə hücum edib –

Sonrakı məqalə

Gürcüstan quru sərhədi ilə ölkəyə gələnlərdən vaksin analizi tələb edəcək