“Şuşaya necə dırmandı igidlərimiz – deyimmi?” –

QULU AĞSƏS YAZIR
07 Noyabr 2021 - 19:22

“Ulduz” jurnalının baş redaktoru, yazıçı Qulu Ağsəsin Zəfər Günü ilə bağlı yazdığı “4+4: rəqəmsal namə” adlı essesi oxuculara təqdim edirik.

Adamsan, Adam Mitskeviç: “Təbiət zəhəri sürünənlərə verib. Güclülərin buna ehtiyacı yoxdur!”

Düşmən səngərləri ilan yuvasına oxşayırdı, onları torpağın altından çıxarıb… təzədən torpağın altına gömdük. Hər günü Zəfər olan müharibə! – bu, ancaq haqq savaşı ola bilərdi.

Kafir üstünə güllədən, mərmidən, PUA-dan tez şığıyan əsgər eşitmişdiniz? O, bizim əsgərdir! Aldığı ilk yüksəklik – Ruh yüksəkliyi oldu!

Atdığı silah ancaq hədəfə dəyirdi:

torpağı yaralamasın deyə,

quşa toxunmasın deyə,

ağacı qırmasın deyə.

Deyə-deyə aldılar Qarabağı: deyə-gülə, deyə-oxuya, deyə-oynaya…

Şuşa ətrafında gedən döyüşü rus bloger çəkmişdi, ermənilər üzü Xankəndiyə tərəf qaçırlar, bloger soruşur, niyə gedirsiniz, axı, Azərbaycan Ordusu görünmür, terrorçuların komandiri cavabında:

– Onlar hər yerdədir, görünmədən bizi qırırlar, sanki yerin altından çıxırlar, – deyir…

Qarabağda təkcə ordumuz döyüşmədi, həm də orda uyuyan şəhidlərimiz silaha sarıldılar:

Silah çəksə elimizə,

Kimsə həddin aşsa əgər,

Şəhidlər o dünyanın da

Altın üstünə çevirər!..

Çevirdilər də: təkcə işğal altındakı torpaqlarımızda uyuyan şəhidlərimiz deyil, onlarla Şəhidlər xiyabanındakılar da haqq savaşına qatıldılar.

Sizə bir sirr açım:

Şuşaya necə dırmandı igidlərimiz – deyimmi?

Onlara Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan şuşalı Ramiz Qəmbərov əlini uzatdı! Qalxın, dedi, neçə ildir sizi gözləyirdik…

Ali Baş Komandan 44 gündə hər dildə müsahibə verdi, az qala:

hərbin dilində,

siyasətin dilində,

dünyanın aparıcı dillərində…

Həm də hər dildə dillərini kəsdi bədxahların. Hələ dava vaxtı yazmışdım: düşmənlər də ən dəqiq məlumatı Prezidentimizin tviter səhifəsindən alırlar.

Bir vaxtlar: “Durnası da uçmazdı qürbətə bu diyarın”. 1993-cü ildən sonra Qarabağdan quşlar, vəhşi heyvanlar bir yana, ağaclar, daşlar da perik düşübmüş. Biz qayıdıb nələr gördük orda, nələr?! Prezident “Sanki burdan vəhşi qəbilə keçib” deməkdə nə qədər haqlıdır! Ucsuz-bucaqsız bir xarabalıq! 2020-ci ilin payızında Qarabağın şəklinə bundan “yumşaq” ad qoymaq olmazdı. Zəfərdən 1 il ötüb, vur-tut 1 il. Qarabağın indiki şəklinə baxın: bərpa, tikinti, aeroport, festivallar, musiqi, quş səsləri…

Bu payız durnalar da geri qayıdır – bütün qarabağlılar kimi…

44 günlük savaş, 8 noyabr 2020-ci il

– Zəfər tariximiz,

4+4= 8,

8 həm də sonsuzluq işarəsidir. Mən elə görürəm…