1979-cu ildə “Azərbaycanfilm” kinostudiyası 2 hissəli “Qəribə adam” tammetrajlı bədii filmini istehsalata buraxır. Görkəmli rejissor, ssenarist, Əməkdar incəsənət xadimi Əjdər İbrahimovla birgə Marqarita Maleyevanın ssenarisi əsasında çəkilən filmə Əjdər İbrahimov quruluş verir.
Türk dünyasının görkəmli yazıçısı, türk inqilabi poeziyasının banisi Nazim Hikmətin eyniadlı əsərinin motivləri əsasında lentə alınan filmdə çox mühüm mənəvi məsələlərə toxunulmuşdur: insan, onun mənəvi təmizliyi, öz ləyaqəti uğrunda mübarizəsi.
Filmdə pulun hakim olduğu bir ölkədə təmiz adamın ağır taleyindən danışılır.
Azərbaycan Kinomatoqrafçılar İttifaqı filmin 45 illiyi və Ə.İbrahimovun 105- illiyi ilə bağlı material hazırlayıb.
Azpost.info bu məqaləni oxucularına təqdim edir:
ƏJDƏR İBRAHİMOV: FİLMDƏ ÇOX MÜHÜM, MƏNƏVİ MƏSƏLƏLƏRƏ TOXUNULUR
Əjdər İbrahimov 1952–1954-cü illərdə “Türkmənfilm”də, 1954–1959-cu illərdə Bakı kinostudiyasında çalışıb.
1959–1962-ci illərdə Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. O, Vyetnam kinosunu yaradanlardan biridir.
1962-ci ildən “Mosfilm” kinostudiyasında çalışıb, orada yaşayıb-yaradıb.
Ə.İbrahimov yazıçı kimi bir neçə kitabın (“Vyetnamda gördüklərim” (1964), “Günəş ağlayır” (1971), “Döyüşən Vyetnamın kino sənəti” (1968), “Tai qəbiləsindən olan qız” (1970) və s.) müəllifidir.
Rejissor kimi “Firuzə” (1953), “Xəzərin Şərqində” (1953), “Bir məhəllədən iki nəfər” (film, 1957), “Onun böyük ürəyi” (film, 1958), “İyirmialtılar” (film, 1966), “Ulduzlar sönmür” (film, 1971), “Ürək Məsələləri” (1973), “Məhəbbətim mənim, kədərim mənim” (film, 1978), “Qəribə adam” (film, 1979), “Narahat adam” (film, 1985) filmlərini çəkib.
Rejissor xatirələrində yazır ki, sənətdə yüngül və çətin mövzu, janr yoxdur: “Əsl sənətkar hər bir mövzunun düzgün həllinə nail olmaq istəyirsə, onu mütləq günün, cəmiyyətimizin qanunlarının tələbləri baxımından həll etməlidir. Odur ki, cəmiyyətimizin həyatından bəhs edərkən hansı silahdan istifadə edirsənsə et, ancaq mövzuya realistcəsinə yanaşmaq, həqiqəti ön plana çəkmək vacibdir. “Onun böyük ürəyi” filmi kimi, “Ürək əhvalatları” da cəmiyyətdə, həyatda insanlar arasındakı münasibətlərdən söhbət açır”
Rejissor haqqında bəhs etdiyi mövzunu bir qədər dərinləşdirərək növbəti şəkdiyi – “Qəribə adam” filmində cəmiyyətdə hökm sürən mənəviyyatsızlığın və satqınlığın acı nəticələrindən ürək ağrısı ilə danışır. Filmin qəhrəmanı Əhməd öz təmizliyi, paklığı, sevgisində etiabarlı olması ilə başqalarından fərqlənir, insanlara inanır, bu keyfiyyətlərinə görə də onu “qəribə adam” adlandırırlar. Əhməd hər şeyi pulla alıb-satmaqla görən tacir Rəcəbə, ülvi məhəbbətin qədrini bilməyən Nihala, mənəviyyatsız Arifə, əxlaqsız həyat tərzi keçirən hüquqşünas Şekibə qarşı qoyulmuşdur. Əks qütblərdə dayanan bu adamların həyata, bir-birlərinə olan münasibətləri rejissor yozumunda inandırıcı alınıb.
RAFİQ QƏMBƏROV: ƏJDƏR İBRAHİMOV SOVET KİNOSUNUN KLASSİKİ İDİ
Filmin operatoru Rafiq Qəmbərov yaradıcı heyətin tərkib hissəsinə dəvət olunduğu zaman “İstintaq” filminin çəkilişlərini yenicə çəkib qurtarıb.
Operator deyir ki, “İstintaq” mənim Rasim Ocaqovla birgə olan ilk yaradıcı işim idi: “ O zaman mən gənc idim və təbii ki, daha çox yaşlı sənətkarlardan öyrənməyə, təcrübə qazanmağa can atırdım. Günlərin birində Rasim Ocaqovla “İstintaq” filminin montajı ilə məşğul olduğumuz zaman o, məndən Əjdər İbrahimovu tanıyıb-tanımadığımı haqda soruşdu. Doğrusu o vaxta qədər Əjdər İbrahimovla qiyabi tanışlığım var idi. Bunu eşidən Rasim müəllim həmin an məni qonşu otaqda yaradıcı işlə məşğul olan Əjdər İbrahimovun yanına apararaq ona təqdim etdi. Ə.İbrahimovla ilk tanışlığım 1979-cu ilin aprelinə təsadüf etdi”.
Həmin ərəfədə Ə.İbrahimovun 60 illik yubileyi təntənəli surətdə qeyd olunurdu və bütün kinematoqrafçıların qatıldığı yubiley gecəsində gənc operator Rafiq Qəmbərov iştirak edir: “Və günlərin birində Rasim Ocaqov şəxsən özünün vasitəsilə operatora ünvanlanmış təklifi Rafiq Qəmbərova çatdırır. Təklif nədən ibarət idi? “”İstintaq” filminin nümayişində iştirak edən və təbii ki, filmi yüksək səviyyədə qəbul edən Əjdər İbrahimov Rasim Ocaqovla bu barədə söhbət edərkən operator işini xüsusilə qiymətləndirmiş və məni növbəti çəkəcəyi “Qəribə adam” filminə dəvət etmək fikrində olduğunu bildirmişdir”.
Operator Ə.İbrahimovun təklifini böyük məmnuniyyətlə qəbul edir: “Elə həmin ərəfələrdə bəzi söz-söhbətlər eşitməyə başladım. Bildiyiniz kimi, Əjdər İbrahimov sovet kinosunun klassiki, böyük təcrübəyə malik kinorejissor idi. O, “İyirmialtılar”, “Ulduzlar sönmür” kimi tarixi filmlərin yaradıcısı olub. Bundan başqa, Ə.İbrahimov “Mosfilm” kinostudiyasında “partkom” kimi fəaliyyət göstərirdi. Onu da qeyd edim ki, o, Hazim Hikmətin əsərinə quruluş vermək üçün Bakıya dəvət olunmuşdu. Onunla mənim aramda 30 yaş fərqi var idi. Arada gəzən söhbətlər də ən çox ona əsaslanırdı ki, mənim kimi gənc operatorla Əjdər İbrahimov kimi klassik bir kinorejissorun işbirliyi tuta bilməz”.
Hətta Rafiq Qəmbərova onu da eşitdiriblər ki, bu yaş fərqi elə ilk gündən çəkiliş meydançasında özünü büruzə verəcək, çünki 30 yaş böyük fərqdir. Bir sözlə, əsas məqsəd bəlkə də Rafiq Qəmbərovun işinə mane olmaq üçün onu vaxtında başını-beynini doldurub, bir növ bezdirib qaçırtmaq olub. “Ancaq mən deyilənlərə qulaq asmadım və “alınmaz, alınmaz də” deyə öz işimlə məşğul olmağa başladım. Ümumiyyətlə mənim iş təcrübəmdə belə hal olmuşdu, yəni iş prosesində rejissorla dil tapa bilməmişdik və nəticədə də çəkiliş meydançasını tərk etmişdim. Ancaq xoşbəxtlikdən yarım il üzərində çalışdığımız “Qəribə adam” filminin çəkilişi zamanı, istərsə də ondan sonrakı illərdə, bir sözlə, Ə.İbrahimov dünyasını dəyişdiyi ana qədər bu gözəl rejissorla yaxşı münasibətləri qoruyub saxlaya bildim. “Qəribə adam” filminin çəkildiyi ildən rejissorun ömrünün sonuna qədər onunla dostdan da yaxın olan qardaş kimi bir-birimizə dayaq olmuşuq. Onunla birgə maraqlı layihəmiz var idi, Hindistanla bağlı film çəkmək fikrində idik. Təbii ki, filmin operator işi mənə həvalə olunacaqdı, ancaq əcəl aman vermədi”.
ƏJDƏR İBRAHİMOV FİLMDƏ MİLYONÇU TACİR RƏCƏB ROLUNU OYNAYIB
Filmin çəkilişləri yarım il müddətinə başa gəlib. Əvvəlcə bir seriya üçün hazırlıq işlərinin getməsinə baxmayaraq sonrakı proseslərdə vəziyyət dəyişmiş və film iki hissədən ibarət olmaq şərtilə lentə alınıb təhvil verilmişdi.
Qeyd edək ki, filmin sınaq çəkilişləri dövrün qayda-qanunlarına uyğun formada keçirilmiş və çox sayda aktyor heyəti foto-kinosınaqlarında yoxlanmışdı. Xüsusilə baş qəhrəman olan vəkil Əhməd obrazının sınağında yoxlanan aktyorlar sayca çoxluq təşkil edib.
Rafiq Qəmbərov deyir ki, vəkil Əhməd rolunun sınağında daha çox Nodar Şaşıqoğlu ilə Moldaviya aktyoru Qriqori Qriqoriunun ifası bir növ rəqabət xarakteri daşıyırdı. Ola bilsin ki, Nodar da bu rola təsdiq oluna bilərdi. Ancaq sonrakı proseslərdə Qriqori Qriqoriunun ifası üzərində dayanıldı və o rola təsdiq olundu. Baş rol hesab olunan Nihal obrazına isə İrina Miroşniçenko təsdiq olundu. Mən belə güman edirəm ki, filmin baş qəhrəman rollarında kənar studiyalardan dəvət olunan aktyorların təsdiq olunması yaxşı əlamət idi. Əvvəla ona görə ki, film Moskvanın sifarişi ilə çəkilirdi. İkincisi isə adlarını çəkdiyim aktyorlar artıq SSRİ miqyasında kifayət qədər tanınırdılar. Bu da o demək idi ki, filmin uğur qazanmasında onların məhşur olması müəyyən mənada rol oynayacaq. Doğrudur ki, İrina Miroşniçenko rola görə bir az yaşlı idi, ancaq buna baxmayaraq o Nihal obrazının öhdəsindən gələ bildi. Bəlkə də Nihal rolu hər hansı bir gənc aktrisanın ifasında o qədər də inandırıcı alınmazdı. Bundan başqa, filmdə iştirak edən digər aktyorlarımız – Həsənağa Turabov, Şahmar Ələkbərov kimi sənətkarlar o dövrdə artıq kifayət qədər filmə çəkilmişdilər. Hətta Əjdər İbrahimov özü də filmdə milyonçu tacir Rəcəb rolunu oynayıb. Etiraf edim ki, rejissorun aktyor kimi ifası inandırıcı alınmışdı”.
Əjdər İbrahimov quruluş verdiyi “Onun böyük ürəyi” filmində Rəsulov, “Ulduzlar sönmür”də Bequlov kimi epizodik rollar oynayıb.
NAZİM HİKMƏT SSRİ MİQYASINDA TANINIRDI
Əjdər İbrahimovun Nazim Hikmət yaradıcılığına müraciət etməsi sırf yaradıcılıqla əlaqədar olub. Çünki onun yaradıcılığını yaxşı bilirdi, şəxsi tanışlığı var idi, aralarında olan yaş fərqinə baxmayaraq dostluq ediblər. Hətta Ə.İbrahimovun Nazim Hikmətin əsərləri əsasında çəkilmiş bir neçə filmi var.
R.Qəmbərov bildirir ki, Nazim Hikmət demokrat yazıçılardan biri hesab olunmaqla yanaşı, eyni zamanda SSRİ-yə meylli idi: “Məhz buna görə də Nazim Hikmət üçün doğma vətəni olan Türkiyədə yaşamaq, fəaliyyət göstərmək çətin idi, nəinki digər ölkələrdə”.
Yeri gəlmişkən, Sabah Duru adlı türk xanımı “Qəribə adam” filminin yaranmasında böyük köməklik göstərib. O, sovet filmlərinin Türkiyədə prokatı ilə məşğul olub. “Qəribə adam” filminin yaranmasında,
filmin istər SSRİ-də, istərsə də Türkiyədə mətbuata çıxmasında, güclü prokatının olmasında Sabah Durunun böyük rolu olub.
Rafiq Qəmbərov onu da xüsusilə qeyd edir ki, “Qəribə adam” filminin yaradıcı heyəti dəqiqliklə seçildiyi üçün çəkiliş vaxtı çox güclü yaradıcı mühitin əhatəsində çalışıblar: “Təbii ki, bu da Ə.İbrahimovun ustad sənətkar olmasından irəli gəlirdi. Filmin quruluşçu rəssamı Rafis İsmayılov idi ki, o, kino aləmində çalışan rəssamlar arasında daima bir nömrəli yerdə durub. Bəstəkarı Murad Kazlayev bir neçə respublikanın, ümumilikdə isə SSRİ-nin xalq artisti idi. Filmin ikinci rejissoru Ramiz Əliyev idi ki, onun filmdə çox böyük əziyyəti olmuşdu. Bir sözlə, filmin yarı uğurunun qazanmasında adları çəkilən yaradıcılarla birgə, eləcə də digərlərinin böyük əməyi olmuşdu”.
Onu da qeyd edək ki, filmin çəkilişlərinin əsas hissəsi Bakıda, təbiət mənzərələri Zuğulba qəsəbəsində, dəniz kənarında, otaq şəraitində olan çəkilişlər isə kinostudiyanın pavilyonunda lentə alınıb.
Çəkiliş vaxtı yaradıcı heyət o qədər də çətinlik çəkməyib. O mənada ki, adətən rejissorlar rejissor ssenarisini hazırlayarkən görüntülərini əsas götürmələrinə baxmayaraq çəkiliş vaxtı yaranan vəziyyətdən asılı olaraq bəzi dəyişikliklik etmək məcburiyyətində qalırlar ki, bu da yaradıcı heyətin işini bir qədər çətinləşdirir.
R.Qəmbərov deyir ki, Ə.İbrahimovun iş metodunda dəqiqlik əsas yeri tuturdu: “O, hələ rejissor ssenarisi üzərində iş apararkən yüz ölçüb bir biçərdi. Eyni zamanda isə Əjdər müəllim rejissor ssenarisinin yazılışına operatorla birgə rəssamı da dəvət edirdi ki, sonrakı proseslərdə çətinlik yaranmasın. “Qəribə adam” filminin ssenarisinin hazırlıq prosesində mən bir quruluşçu operator kimi, Rafis İsmayılov isə quruluşçu rəssam kimi öz məsləhətlərimizlə rejissora yaxından kömək etmişdik. Buna görə də rejissor dəqiq bilirdi ki, hansı epizodu harada və necə çəkəcək.
Yəni, çəkiliş üçün olan bütün seçimlər, pavilyonun qurulması əvvəlcədən elə planlaşdırılmışdı ki, nəticədə də orada Türkiyənin oxşar görüntüsü olsun”.
FİLMİN BİR NEÇƏ KADRINDA DƏYİŞİKLİK APARILIB
Filmin çəkildiyi dövrdə “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Əlibəyov idi. Bədii Şuranın tərkibində isə dövrün tanınmış sənətkarları-kinostudiyanın baş redaktoru Hadejda İsmayılova, kinorejissor Tofiq Tağızadə, bəstəkar Xəyyam Mirzəzadə, “Bakinskiy raboçiy” qəzetinin baş redaktoru Asim Cəlilov fəaliyyət göstərirdi. “Qəribə adam” qurumun üzvləri tərəfindən baxıldıqdan sonra yaxşı qəbul olunub. Yalnız bir neçə kadrında dəyişikliklər ararılıb.
Sovet dövrü olduğu üçün filmdə olan bəzi ifadələr dəyişdirildi. Hətta film o qədər maraqlı alınıb ki, nəticədə də qurumun üzvləri belə qərara gəliblər ki, lenti kəsib filmi 1 seriyalı şəklə salmaqdansa, “Qəribə adam” iki seriyada tamaşaçılara təqdim olunsun.
Bu, “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinin, eləcə də qurumun üzvlərinin gəldiyi qənaət idi. Moskva filmi 2-ci kateqoriyaya layiq görülüb.
R.Qəmbərov deyirdi ki, filmin əvvəlcədən Mərkəzi Televiziya ilə nümayişi nəzərdə tutulmuşdu: “O dövrdə 2-ci dərəcə ən yüksək kateqoriya sayılırdı. O dövrdə yalnız kinoprokatda iştirak edən filmlərə 1-ci kateqoriya verilirdi. Məsələn, mənim çəkdiyim filmlər arasında yeganə olaraq “İstintaq” filmi 1-ci kateqoriyaya layiq görülüb. Bu filmin SSRİ məkanında böyük prokatı olub. Başqa filmlərdən yadımda qalan “Babək” filmidir ki, o da 30-a yaxın ölkəyə satılmışdı. Yenə də təkrar edirəm ki, SSRİ dövründə 1-ci kateqoriya almaq üçün mütləq film kinoprokata çıxmalı idi”.
Operator söhbət əsnasında onu da qeyd etdi ki, “Qəribə adam” istehsalata buraxıldığı ildə istər mətbuat tərəfindən, istərsə də tamaşaçılar tərəfindən yüksək şəkildə qəbul olunub. Təəssüf ki, öz dövründə maraqla qarşılanan film hazırkı dövrümüzdə ekran üzünə həsrət qalıb.
“İş burasındadır ki, o dövrdə Mərkəzi Televiziyanın sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərin əksəriyyətinin surətləri bizdə yoxdur. Eyni zamanda da əksəriyyəti heç Azərbaycan dilinə tərcümə olunmayıb” deyir Rafiq Qəmbərov. Bütün bunları həyata keçirmək üçün isə güclü maliyyə xərcləri tələb olunur.
FİLMİN YARADICI HEYƏTİ:
Ssenari müəllifləri Əjdər İbrahimov, Marqarita Maleyeva, quruluşçu rejissor Əjdər İbrahimov, quruluşuçu operator Rafiq Qəmbərov, rəssam Rafis İsmayılov, bəstəkar Murad Kazlayev, səs operatoru Vladimir Savin, II rejissor Ramiz Əliyev, II operator Nemət Rzayev.
Rollarda çəkiliblər: Həsənağa Turabov (jurnalist Arif), Əjdər İbrahimov (tacir Rəcəb), İlham Əhmədov(Əbdürəhman), Şahmar Ələkbərov(Nuru), Qriqori Qriqoriu (vəkil Əhməd), İrina Miroşniçenko(Nihal), T.Əhmədova (Aytən), K.Dadaşov (Maqsud), K.Quliyev (Kamil), R.Kərimov (Xəlil), A.Ələsgərov (Xalid), A.Pənahova, E.Məmmədov, T.Tağızadə, M.Maleyeva, M.İsmayıl, Ə.Əhmədov, Ə.Səmədov.