“Taclım mənim, bizləri bağışla və get!” –

İLQAR RƏSUL YAZIR
06 Aprel 2020 - 12:49

Sənin nə tacını gördük, nə taxtını, nə də hökmünü eşitdik. Amma sən bu görünməzliyinlə, səssizliyinlə bəşəriyyətin ikinci və daha praktik GÖZəgörünməzinə, DİNməzinə çevrilib nələr eləmədin ki.

Kəndləri, şəhərləri insanlardan boşaldıb itə-pişiyə bağışladın. Kafe-restoranları bağladıb mehrləri mətbəxlərə saldın. Kişiləri evlərə qaytardın, qadınların ayağını “anasıgil”dən kəsdin. Sən nə sabunlar aldırdın, nə spirtlər heyif elədin. Nə ağızlar qapatdın, nə əllər əlcəklədin. Sən nə harınları, bivecləri ipə-sapa düzdün, düşünməyə vadar etdin.

Çoxlarına heç baş da çəkmədin.

Eləcə Çindən, Avropadan əl yelləməklə nəfəsini kəsdin.

Qadın-kişi bilmədin, ahıl-cavan anlamadın, varlı-kasıb saymadın. Sən heç qocalara da aman vermədin.

Bircə uşaqlara dəymədin.

Nə dəymək, əksinə, onlara əylənmək, oynamaq, səhərdən axşamacan valideynə naz etmək üçün uzun bir tətil bağışladın (Heç şaxta baba yarandığından indiyədək bu qədərini bacarmamışdı). Qoymadın kimsə qonaq gəlib onların bu tətilini pozsun. Qoymadın onları aparıb bağçada, yaxud hansısa qohumda gözlədib axşam götürsünlər. Evdə, hamının əhatəsində, nə vaxtsa həvəslə xatırlayacaqları şirin bir zaman kəsiyi bəxş etdin onlara.

Sən heç uşaqlara özünü tanıtmadın, mahiyyətini anlatmadın, qorxutmadın da. Əksinə, bu dünyaya qüsurlu gələn körpələrdən bir-ikisini tapıb geri də göndərdin, bəlkə, sonra daha sağlam gəlməsi üçün…

Bu qədər qorxunc sayıldığın halda, hardandır səndə bu uşaq sevgisi, uşaq təəssübkeşliyi?

Bəlkə…

Bəlkə, sən özün də uşaqsan? Körpə, ərköyün, qayğıya, nəvazişə ehtiyacı olan təmiz bir uşaq.

Bəlkə, ona görə ipə -sapa yatmırsan?

Bəlkə, insanlarla sadəcə oynamaq istəyirsən, səni düz başa düşmədikləri üçündür bütün bu yaşananlar?

Bəlkə, sənin oyununun mahiyyətində sadəcə yadlaşmış insanları yenidən doğmalaşdırmaq, məsum, təmizkar, məsuliyyətli etmək, həyata dəyər verdirmək istəyi dayanır?

Bəlkə, insanlar vaxtında bunu anlamadıqları, dilini tapmadıqları üçün cırnayıb belə fəsadlar törədirsən?

Bəlkə, səni acığa salan, insanların öz uşaqlarına, valideynlərinə olan etinasızlığıdır?

Bəlkə, ona görə hələ bu dünyanı yaxşı tanımayan uşaqlara evdə, bu dünyadan yorulmuş qocalara hansısa başqa dünyada uzun bir tətil verirsən?

Bəlkə, insanları evlərdə qəfəsləyib dünyanı heyvanlara verməyin də uşaq sevgindəndir?

Və daha nələr…

Əgər belədirsə, demək ki, sən yaxşı uşaqsan, taclım mənim.

Sadəcə insanların ürəyində, beynində isinə bilmədiyin üçün onların ciyərinə sığınır, “ciyərparəlik” edirsən…

Amma ta bəsdir. Get. Bizləri bağışla və get.

Axı sən də gözəgörünməz və qadirsən. Ona görə də rəhmdil və bağışlayan olmalısan…

İlqar Rəsul

Bakı-02.04.2020