Tanınmış pedaqoq Aliyə Təhmasib vəfat edib

Tanınmış pedaqoq, Bakının 132 saylı məktəbinin sabiq direktoru Aliyə Təhmasib vəfat edib. 
Azpost.info bildirir ki, bu barədə teleaparıcı Saleh Bağırov məlumat verib. A.Təhmasib 75 yaşında dünyasını dəyişib.
Aliyə Təhmasib 1947-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb.

1966–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb. 1967-ci ildə 132 nömrəli məktəbdə əmək fəaliyyətinə qədəm qoyan Aliyə xanım burada kitabxanaçı, pioner baş dəstə rəhbəri işləyib və 1970-ci ildən həmin təhsil ocağında bir müəllim kimi Azərbaycan dili və ədəbiyyat fənnini tədris etməyə başlayıb. Yaxşı işinə, qabaqcıl pedaqoji fəaliyyətinə görə 1985-ci ildə bu tədris müəssisəsinə direktor təyin edilib. Aliyə Təhmasib 1985, 1989-cu illərdə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı kimi respublikanın ictimai həyatında mühüm rol oynayıb, təhsilin inkişafı üçün xüsusi xidmətlər göstərib.

1989 və 1990-cı illərin məlum hadisələri ilə əlaqədar respublika Qadınlar Şurasının sədr müavini kimi Moskvada SSRİ Qadınlar Cəmiyyətinin geniş yığıncağında erməni qəsbkarlarının Azərbaycanda törətdikləri vəhşiliklər barədə məruzə edib, Ali Sovetin sessiyalarında cəsarətlə öz mövqeyini bildirib. 1992-ci ildə Türkiyənin Ankara şəhərində keçirilən təhsil işçilərinin həmkarlar təşkilatının qurultayında Xocalı faciəsini törədən erməni vəhşiliklərini müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin diqqətinə çatdırıb, fotoşəkillər, sənədlər nümayiş etdirib.

1995-ci ildə İzmirdə keçirilən türk xalqlarının Dostluq, Qardaşlıq qurultayının nümayəndəsi olub. O, həmçinin Azərbaycan müəllimlərinin və Azərbaycan qadınlarının qurultaylarına nümayəndə seçilib.

Uzun illər 132 nömrəli məktəbə ləyaqətlə rəhbərlik edən Aliyə Təhmasib yüksək dövlət mükafatları ilə yanaşı, bir sıra diplom və fəxri fərmanlara da layiq görülüb.

2007-ci ilin mart ayında Aliyə müəllim təhsilimizin inkişafındakı böyük xidmətlərinə görə və ömrünün 60, əmək fəaliyyətinin 40 ili tamam olması münasibətilə Prezidentin fəxri təqaüdünə layiq görülüb.

Aliyə Təhmasib Respublika Təhsil Şurasının üzvü idi. 

2010-cu il sentyabrın 15-də uzun müddətli təmirə dayanmış 132 saylı məktəbin aşılışından bir neçə gün sonra fəxri təqaüdə yola salınıb.

Aliyə Təhmasib dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.