Tanınmış yazıçı-dramaturq Aqşin Babayev vəfat edib

Azərbaycanın tanınmış yazıçı-dramaturqu, ictimai xadim, Milli Məclisin mətbuat xidmətinin sabiq rəhbəri Aqşin Babayev vəfat edib.

Azpost.info bildirir ki, bu barədə A.Babayevin sosial şəbəkədəki səhifəsində məlumat verilib.

Aqşin Babayev 1936-cı ildə anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb.

1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavini olub. 1972-1975-ci illərdə Türkiyədə işləyib. Sədr müavini işləyərkən onun təməl daşını qoyduğu verilişlərdən biri bu gün də Cənubi Azərbaycana yayımlanan proqramlarda səslənən “Körpü”dür. O, radioya rəhbərlik etdiyi vaxtlar “Araz” radiostansiyasının verilişləri səhər erkən efirə çıxdı. “Səhər” proqramı fəaliyyətə başladı. Televiziya və Radio Verilişlərinin Bədii Şurasına rəhbərlik etdi, mahnı və diktor müsabiqələrində münsiflər heyətinin sədri olub. Milli Məclisdə mətbuat xidməti 1991-cı il mart ayının 1-də yaradılıb. Onun ilk rəhbəri də Aqşin Babayev olub. O, bu vəzifədə 15 il işləyib. Kütləvi informasiya vasitələri ilə sıx əlaqə yaratmış, MM-in nəşri olan “Qurtuluş”, “Tariximizin faciəli səhifələri: soyqırımı”, “Heydər Əliyev və Azərbaycan parlamenti”, “Azərbaycan parlamenti və beynəlxalq təşkilatlar”, “Müstəqil dövlətimiz və parlamentimiz” yazıları ilə tanınmışdı. Onun parlament nümayəndə heyətlərinin tərkibində Fransaya və Səudiyyə Ərəbistanına səfərlərindən hazırladığı reportajlar, Türkiyə və İsveçrədən yazdığı publisistik qeydləri maraqla oxunurdu.

1991-2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat katibi vəzifəsində çalışıb. 1993-cü il iyun ayının 15-dən oktyabr ayının 3-nə qədər, yəni H.Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilən günədək onun Mətbuat katibi olub.

 

Aqşin Babayevin ilk hekayəsi 1958-ci ildə “Oktyabr işıqları” almanaxında çap olunub. 1964-cü ildə onun “Cazibəli üfüqlər” adlı ilk hekayələr kitabı çapdan çıxıb. “Həmişəbahar”, “Bir parça həyat”, “Ağ ulduzlar”, “Bir ürəyin hərarəti”, “Ayrılıq”, “Söz gülləsi”, “Dünyanın axırı” adlı kitabların müəllifidir. “Kişilər az yaşadı” kitabı isə Moskvanın “Sovetski pisatel” nəşriyyatı tərəfindən 30 min nüsxə tirajla nəşr edilib. Yaxın günlərdə 10 cilddən ibarət “Seçilmiş əsərləri”nin birinci cildi işıq üzü görüb.Onun dövri mətbuatda işıq üzü görən və kitablarında toplanmış oçerkləri, reportajları, məqalələri yüzlərlədir. Niyaziyə, Q.Qarayevə, M.İbrahimova, Nazim Hikmətə, Ə.Məmmədxanlıya və başqa yazıçı və mədəniyyət xadimlərinə həsr etdiyi portret yazıları oxucular tərəfindən maraqla qarşılanmışdı.

Aqşin Babayevin elmi əsərləri Moskvada, Ankarada, Tbilisidə çap olunub. “Nazim Hikmətin yaşamı” adlı kitabı 1989-cu ildə Almaniyada işıq üzü görüb. “Türk ədəbiyyatı müntəxəbatı”, “Türk dramaturgiyası”, “Cümhuriyyət dövrü türk ədəbiyyatında sosial motivlər”, “Azərbaycan və türk dünyası” kitabları bu gün də dəyərli dərs vəsaitidir. Türkiyədəki Nazim Hikmət vəqfinin Məsləhət Şurasının fəxri üzvüdür. O, 1967-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Yetirmələri “Azərbaycan”, “Zerkalo”, “Ayna” qəzetlərində, müxtəlif teleradio kanallarında çalışırlar. O, 30-dan artıq xarici ölkə filmini dilimizə çevirib. “Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü” (A.Kazımzadə ilə birlikdə), “Kino…kino”, “Kino sənətinin təməl daşı” kitablarını sənətsevərlər maraqla qarşılayıblar. İtalyan dramaturqu Terensinin “Qardaşlar”, türk dramaturqu Haldun Tanerin “Kemanlı Əli dastanı” pyeslərini, Əziz Nesinin hekayələrini dilimizə çevirib.

Onun çoxşaxəli yaradıcılığı haqqında Mirzə İbrahimov, Qulu Xəlilov, İrfan Ünver Nəsrəddinoğlu, Həmid Araslı, Əli Tudə və başqa ədəbiyyat, incəsənət xadimləri məqalələr yazıblar.

Attestasiya Komissiyası Ekspert şurasının üzvü olan A.Babayev Yazıçılar Birliyi (1978) və Jurnalistlər Birliyinin (1961) üzvüdür. 35 bədii və elmi kitabın müəllifidir. Kitabları – “Kişilər az yaşadı” (1986) Moskvada, “Nazim Hikmətin yaşamı” (1989) və “Əyri gözlük” (2016) Berlində, “Nazim və Azərbaycan” (2012) İzmirdə, hekayələri Amerikada, Türkiyədə, İraqda, Moldovada, Gürcüstanda nəşr olunmuşdur. Türkiyədəki Nazim Hikmət Kültür və Sanat Vakfının fəxri üzvü seçilib.

A.Babayev 1970-ci ildə “Əmək rəşadətinə görə” medalı ilə təltif edilib, 1987-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2004-cü ildə II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan əhalisinin sayı açıqlandı –

Sonrakı məqalə

Karantində iti necə gəzdirmək olar? –