Soyuq havaların başlaması ilə immunitetin möhkəmləndirilməsi məsələsi daha da aktuallaşıb. AzPost xəbər verir ki, terapevt həkim Svetlana Burnatskaya “Çempionat” nəşrinə açıqlamasında qış mövsümündə orqanizmin viruslara qarşı müqavimətini artıran əsas məhsullar barədə danışıb.
Mütəxəssisin sözlərinə görə, immun sisteminin güclənməsində antioksidantlarla, vitaminlərlə və bioloji fəal maddələrlə zəngin qidalar xüsusi rol oynayır. O, bu baxımdan yeddi əsas məhsul qrupunu fərqləndirib.
Sitrus meyvələri – portağal, qreyfrut və limon C vitamini ilə zəngindir. Bu vitamin leykositlərin aktivliyini artırır və orqanizmdə qoruyucu maddələrin yaranmasına kömək edir.
Turşudulmuş kələm, kefir və canlı mədəniyyətli qatıq bağırsaq mikroflorasını tənzimləyir. Həkimin sözlərinə görə, immunitetin böyük hissəsi məhz bağırsaqlarla bağlıdır.
Sarımsaq və soğan tərkibindəki maddələr hesabına viruslara və bakteriyalara qarşı təsir göstərir.
Zoğal, mərcangilə və qaragilə kimi tünd rəngli giləmeyvələr, dondurulmuş halda belə, orqanizmdə iltihabi prosesləri azaldan maddələrlə zəngindir.
Qoz və badam kimi çərəzlər immun hüceyrələrinin fəaliyyəti üçün vacib olan E vitamini və sink mənbəyidir.
Göbələklər, xüsusilə də şampinyon növləri, orqanizmin müdafiə hüceyrələrinin aktivliyini artıran maddələr ehtiva edir.
Tünd yaşıl yarpaqlı tərəvəzlər isə dəmir, A vitamini və digər faydalı elementlərlə immun sistemini dəstəkləyir.
Svetlana Burnatskaya vurğulayıb ki, bu məhsullar virusları birbaşa məhv etmir, lakin immun cavabı gücləndirir, orqanizmin müdafiə imkanlarını artırır və infeksiyalara qarşı davamlılığı yüksəldir.