Tərcüməyə ehtiyac olmayan mesajlar –Pezeşkian Bakıya nə üçün gəlmişdi?

İran prezidenti Pezeşkianın Azərbaycana rəsmi səfəri və Bakıda səslənən bəyanatlar iki ölkə arasında münasibətlərdə “yenidən yüklənmə” mesajlarını daşıyır.
Bu səfərin Bəndər Abbas limanında partlayışla başlanan və ulu Şəhriyarın şeiri ilə bitən nəticələri diqqətçəkəndir.
Prezident İlham Əliyev görüş zamanı və media üçün Bəyanatlarında İran-Azərbaycan əlaqələrinin çoxtərəfli imkanlarını net şəkildə açıqladı. İlham Əliyev Tehrana mesajında bölgədə faydalı əməkdaşlığın siyasi hədə -qorxulardan yox, iqtisadi və ticari əlaqələrdən keçdiyini dolayısı ilə xatırlatdı.
Bakı İrana əməkdaşlıq üçün geniş spektr, o cümlədən sərfəli logistika meydanı təklif edir.
Pezeşkianın səfərinin əsas məqsədi də regionda yaranan yeni geosiyasi çağırışlardan geri qalmamaqdır.
Vətən müharibəsindən sonra Azərbaycan bölgədə Şərqi və Avropanı birləşdirə biləcək yeni nəqliyyat qovşağına çevrilir.
“Gəncə qapısı”ndan başlanan, Arazboyu Naxçıvana, oradan Türkiyəyə və daha sonra Avropaya gedən bu qovşaq Tehran üçün çox vacib əhəmiyyət daşıyır.
Pezeşkianın çıxışlarının əsas leytmotivi məhz bu nəqliyyat dəhlizləri idi. Təcriddə olan Tehranın Avropa bazarına qısa yolla çıxması üçün Azərbaycanla əməkdaşlıq mühüm məsələyə çevrilir.
“Araz Dəhlizi” bu baxımdan cazibədar layihədir.
Naxçıvana quru yolu olacaq “Araz dəhlizi” həmçinin İranın Orta Dəhlizə çıxışını təmin edə, beynəlxalq logisitka şəbəkəsinə çıxara bilər.
Azərbaycan eyni zamanda bu layihə ilə Ermənistanın nəqliyyat qovşağından kənarda saxlayır, İranı yeni geopolitik çağrışları qəbul etməyə vadar edir.
Çin, Rusiya, Türkiyənin Cənubi Qafqazda nəqliyyat yolları üzərində təsir imkanları Tehranı “yeni xanə”dən başlamağa məcbur edir. Azərbaycan da bu logistik qovşağın həlledici ölkəsi olaraq öz şərtlərini masaya qoyub.
İran üçün regionda təhlükəsizlik çox mühüm şərtdir. Bunun təmin olunması üçün isə dost olmaq istədiyin dövlətin maraqlarını nəzərə almaq lazım gəlir. Azərbaycan- İran münasibətləri bu ötən illərdə nə qədər ziq-zaqlı olsa da Bakı həmişə İrana yeni geopolitik çağırışlar zamanında “hansısa müttəfiq qonşunun qərarı” ilə hərəkət etməməyi məsləhət bilirdi.
Tehranda siyasi dairələr isə 90-cı illərin ab-havasından çıxa bilmirdilər.
Hazırda dünya düzəninin yenidən qurulması Cənubi Qafqaz üçün də yeni mənzərə yaradır. Azərbaycan –İran münasibətlərində “yenidən yüklənmə” siyasi maraqların deyil, iqtisadi faktorların önə çıxmasını tələb edir.
Tehran bunu yaxşı başa düşür.
Prezident Pezeşkian Şəhriyarın şeiri ilə Azərbaycanın bu geopolitik çağırışlarda əhəmiyyətini bir daha nümayiş etdirdi.
Xaqani SƏFƏROĞLU
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.