ABŞ-ın “Tesla” şirkəti “Robotaxi” adlanan pilotsuz taksinin sınaqlarına başlayıb.
Şirkət pilotsuz taksinin iş qabiliyyətini hələlik yalnız Texas ştatının administrativ mərkəzi olan Ostin şəhərində və San-Fransisko körfəzi rayonunda sınaqdan keçirə biləcək.
“Robotaxi” müstəqil hərəkət etsə də, təhlükəsizliyə nəzarət üçün hələ də insan lazımdır.
“Tesla”nın sahibi İlon Mask pilotsuz taksinin 2025-ci ilin iyununda fəaliyyətə başlayacağını vəd etmişdi. O, layihənin gələn ilin sonunadək şirkətin maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə dəyişdirəcəyini bildirmişdi.
Buna baxmayaraq, “Tesla”nın işləri o qədər də yaxşı getmir: Cari ilin birinci rübündə şirkətin xalis gəliri 409 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71 faiz azdır. Buna həm iqtisadi vəziyyət, həm də Donald Trampı fəal şəkildə dəstəkləyən İlon Maskın imicinin dəyişməsi səbəb olub.