Tibbi Sosial Ekspert Komissiyasının sədri rüşvətə görə həbs olunub

18 Dekabr 2020 - 15:05

Tibbi Sosial Ekspert Komissiyasının sədri və digər vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Məmmədov Oruc Nüsrət oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında həyata keçirilmiş təxirəsaslınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Oruc Nüsrət oğlunun əlillik əlamətləri olan xəstəyə əlillik dərəcəsinin müəyyən edilməsi üçün zəruri olan tibbi müayinə aktının tərtib olunaraq müvafiq elektron sistemə göndərilməsi müqabilində vətəndaşdan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Cabbarova Münəvvər Cəlil qızı vasitəsilə 7 oktyabr 2020-ci il tarixdə sözügedən Komissiyanın fəaliyyət göstərdiyi inzibati binadakı xidməti otağında 2 min manat, 9 dekabr 2020-ci il tarixdə isə şəxsən qeyd olunan inzibati binanın yaxınlığında  500 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına və digər qanunsuz hərəkətlərinə əsaslı şübhələr yaranıb.

17 dekabr 2020-ci il tarixdə Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.