Tofiq Qasımovun 1992-ci ildə Litva qəzetinə verdiyi MÜSAHİBƏ:

“Rusiya ilə münasibətlərimizə pis  demək olmaz”
30 Yanvar 2020 - 00:28

Azərbaycan Respublikasının sabiq xarici işlər naziri Tofiq Qasımov 1992-ci ilin iyul ayında Bakı beynəlxalq hava limanında Litva jurnalisti Tomas Srebalyusa müsahibə verib.

 Sabiq nazirin indiyədək Azərbaycanda dərc olunmamış sözügedən nadir müsahibəsini oxucuların diqqətinə təqdim edirik:

 Təyyarədən Bakının ətrafları mazutlu sularla dolu çala-çuxurlardan ibarət toz-torpaqlı yolları xatırladır. Azərbaycanın ekoloji problemləri çoxdur. Demək olar ki, bütün ölkələrin ekoloji çətinlikləri vardır. Ələlxüsus,“qardaş xalqların” beynəlmiləl inkubatorunda bəslənmiş hansı ölkənin oxşar problemləri yoxdur ki? Xalqlar azadlığa qurtulmaq istərkən çoxlu sayda siyasi problemlər də meydana gəlir. Azərbaycan Respublikasının Xarici işlər naziri Tofiq Qasımovla məhz elə bu barədə söhbət etdi:

– Azərbaycanda ən vacib problem – Dağlıq Qarabağ uğrunda gedən müharibədir. Bu müharibəyə tezliklə son qoymaq lazımdır. Amma qarşı tərəf bununla razılaşmaq istəmir. Ən böyük çətinlik ondan ibarətdir ki, beynəlxalq təşkilatlarda müqavilələr imzalanarkən konsensusa gəlmək lazımdır. Bu prinsip kiçik dövlətlərin, o cümlədən Azərbaycanın da maraq və mənafeyinə uyğundur. Lakin, qanlı müharibə qurtarmaq bilmirsə və insan itkiləri davam edirsə, deməli, konsensus kömək etmir. Deyək ki, hamı ümumi razılığa gəlib bir qərar qəbul etmək istəyir. Ermənilərsə bu zaman özlərinin veto hüququndan istifadə edərək qərarın qəbul edilməsinin qarşısını alırlar. Hadisələr göstərir ki, təcavüzkar tərəf və yaxud yaranmış vəziyyət üçün bu və ya digər dərəcədə məsuliyyət daşımalı qüvvələr çox təsadüfi hallarda günahlarını etiraf edirlər və tək-tük hallarda onlara qarşı hər hansı bir sanksiyanın tətbiq olunması ilə razılaşırlar. Odur ki, beynəlxalq forumlarda nəzərə çarpan müsbət nəticələr əldə olunmur.

Helsinki və Roma sülh konfranslarında iştirak edən zaman Bosniya və Herseqovina münaqişəsini yoluna qoymaq üçün tətbiq olunmuş 50+1 konsensus formulasından istifadə etməyi təklif etdim. Bu, digər tərəfi beynəlxalq təşkilatların qərar və göstərişlərini yerinə yetirməyə məcbur edərdi. Başlanğıcda təcavüzkara qarşı hər hansı bir iqtisadi və yaxud siyasi sanksiyanı tətbiq etməyi təklif edirəm. BMT-nin arsenalında bunun üçün nəzərdə tutulmuş müxtəlif sanksiyalar mövcuddur. Axı, müharibə gedən zaman razılaşmalar və müqavilələr boş yerdən əmələ gəlmir və yaxud göydən düşmür.

Düşünürəm ki, belə münaqişələri həll edərkən onların tam yoluna qoyulmasına mane törədən tərəfə lazımi qədər təzyiq göstərmək lazımdır.

II Dünya müharibəsindən sonrakı dövrün tarixi göstərir ki, heç bir müharibə müsbət nəticələrə gətirib çıxarmır. Elə götürək Amerikanın Vyetnamla və yaxud SSRİ-nin Əfqanıstanla apamış olduqları müharibələri. Bu müharibələrdə basqın etmiş tərəflər uduzdular. Xalqları diz çökdürmək asan deyil. Xalqı onun müqavimət göstərdiyi bir şeyi etməyə məcbur etmək qeyri-mümkündür. Buna görə də, Qarabağ müharibəsi də mənasız müharibədir. Dağlıq Qarabağın “Respublika” elan edilməsi barədə qərar qəbul etmiş Ermənistan Ali Soveti məgər bilmirmi ki, Azərbaycan əhalsinin böyük qismi bu diyarın hətta muxtar vilayət adlandırılmasının tərəfdarı deyil? Axı, orada hansı respublika yaratmaq barədə söhbət gedə bilər? Bu, doğrudan da gülməlidir. Ermənistanın bu qərarı aranı daha da qızışdırır.

Bütün ümüdimüz beynəlxalq ictimaiyyətin digər tərəfə təsir göstərə bilməsi ilə bağlıdır. Deyirik ki, qarşı tərəf ATƏM-in (1 yanvar 1995-ci ildən bəri ATƏT adlanır. – M.H.) heç olmazsa 10 prinsipinə əməl etsin. Ermənistan Azərbaycanla münasibətlərdə həmin prinsiplərdən altısını pozur. Təəsüf ki, barışıq barədə yalnız boş-boş söhbətlər aparılır, ancaq, real addımlar atılmır. Bizim 360 min qaçqınımız var. Onların 100 minini bir təhər yerbəyer etmişik. Qalır 260 mini. Bunların da 160 mini Qarabağdan və ona bitişik ətraf rayonlardandır. Hamısı da Bakıda cəmləniblər. Çoxusu hər gün Prezident Aparatının qarşısına gəlir, mənim yanıma da gəlir və tələb edirlər ki, bu münaqişə tezliklə yoluna qoyulsun ki, doğma torpaqlarına qayıda bilsinlər. Qaçqınlar Respublikada qeyri-sabitlik yaradırlar.

– Rusiya ilə olan münasibətləriniz necədir?

– Deməzdim ki, pisdir. Demək olar ki, münasibətlər zahirən normal görünür. Diplomatik əlaqələrimizdə nizamlanmamış yeganə məsələ ondan ibarətdir ki, Rusiya ilə olan dövlət sərhəddimizdə Azərbaycan tərəfdən durmuş Rusiya sərhəd qoşunları barədə ümumi razılığımız yoxdur. Belə ki, rus qoşunlarının Respublikamızda qalma şərtləri və onların Azərbaycandan çıxarılma müddəti haqqında müqaviləmiz yoxdur. Hərbçilərin özləri deyirlər ki, sentyabr ayına kimi çıxıb gedəcəklər. Amma, bu yalnız söz-söhbətdir. Hər şey üçün danışıqlar aparmaq və müvafiq sənədlər qəbul edib imzalamaq lazımdır.

– Azərbaycanda Rusiyanın nə qədər hərbi qüvvəsi vardır?

– Dəqiq deyə bilmərəm. Amma kifayət qədər çoxdur. Rusiyadan hərbi xidmətə təzə çağırılmış əsgərləri Respublikamıza buraxmadıq, öz gənclərimizi də rus ordusuna səfərbər etməyə qoymadıq. Odur ki, buradakı rus ordusunda faktiki olaraq yalnız zabitlər və silahlar qalıb. Sıravi əsgərlərsə demək olar ki, qalmayıblar. Bəzi xüsusi təyinatlı hissələr, məsələn, desant hissələri artıq Azərbaycandan çıxıblar.

– Strateji əhəmiyyətli silah bazalarınız varmı?

– Vardır. Lakin bu hissələrdə çalışa bilən hərbi kadrlar az qalıb. Ona görə də, o silahları işə buraxmaq çətin olardı.

– Rusiya qarşısında qoyduğunuz qadağaya baxmayaraq, Litvada olduğu kimi burada da ərazinizə əlavə hərbi qüvvələr yeritmək halları olubmu?

– Axı, onlar bunu necə edə bilərlər ki? Hələlik belə addımlar atmırlar. Ola bilsin ki, gələcəkdə bunu etmək istədilər. Lakin mən buna şübhə edirəm. Axı, Litvadan fərqli olaraq bizim ordumuz var. Pis və ya yaxşı, amma hər halda ordumuz var. Ruslar isə ərazimizdə hələ ki, dava etmək istəmirlər.

Bir zaman öncə biz Rusiyanın Azərbaycanda yerləşdirilmiş hərbi hissələrini öz yurisdiksiyamıza keçirmişik və onların buradakı bütün əmlakını da öz mülkiyyətimiz elan etməşik. O vaxt ki, Rusiya hərbi hissələrini öz tabeliyinə qaytarmaq məsələsini qoydu, onda biz həmin hissələri ya yubatmadan ərazimizdən çıxarmaq, ya da Azərbaycanın ixtiyarına vermək tələbini irəli sürdük. O zaman, Rusiya izah etməyə başladı ki, bəs, elə olan halda Azərbaycanın sərhədlərini heç kim qorumayacaq. Cavabında dedik ki, onun sizə dəxli yoxdur. Sizin işiniz Azərbaycandan çıxmaqdır. Bundan sonra ruslar danışıqlara başladılar. Biz belə bir tələb irəli sürdük ki, sərhədlərimizi qoruyanlar bizə qulaq asmalı və bizim göstərişləri yerinə yetirməlidirlər. Əgər belə olmazsa, onda həmin hərbçilərə sərhədləri necə etibar etmək olar axı?! Həmçinin, Rusiya tərəfinə onların buradakı hərbçilərini müqavilə əsasında xidmətə götürməyi təklif etmişik. Maaşlarını verərdik, olardılar muzdlu ordu hərbçiləri. Ordu yalnız Azərbaycan rəhbərliyinin əmrlərini yerinə yetirməlidir. Bu problemi heç bir keçid variantı olmadan radikal surətdə həll etməyə çalışırıq.

– Rusiya ilə iqtisadi əlaqələriniz nə yerdədir?

– İqtisadi əlaqələr barədə müqavilə imzalamışıq, amma, faydası yoxdur. Belə ki, müqavilə pis işləyir. Bu, iqtisadi amillərlə yox, Rusiya tərəfindən bizə edilən siyasi təzyiqlərlə bağlıdır. Hərçənd ki, onların bizdən apardıqları mallar, bizim onlardan gətirdiyimiz mallardan qat-qat çoxdur. Bir sıra zavodlarımız vardır ki, onlar Sovet dönəmində Rusiyanın iqtisadi tələblərini təmin etmək üçün tikilmişdi və xammalı da oradan alırdılar. Onda hər şey mərkəzləşdirilmişdi. İndisə görünür ki, Rusiya rəhbərliyi hər şeyə nəzarət edə bilmir.

Ukrayna və Belarus ilə iqtisadi əlaqələr saxlayırıq və bu əlaqələr nisbətən normal xarakter daşıyır.

Bir müddət əvvəl Rusiyanın səfiri məni məlumatlandırdı ki, yaxın zamanda biz bütün iqtisadi məsələlər üzrə danışıqları müstəqil dövlətlər kimi aparacağıq. Axı, necə olmasa da Rusiya bizdən 70% neft məhsulları idxal edir.

Biz heç zaman iqtisadi əlaqələr üzrə çoxtərəfli sazişlərdə iştirak etməyə hazırlaşmırıq. Odur ki, yalnız ikitərəfli müqavilələrə imza atacağıq.

– Azərbaycan MDB-yə daxil olmağa hazırlaşırmı?

– Xalq Cəbhəsi həmişə bunun əksinə olub. Lakin müxtəlif fikirlər eşidilir. Həmin fikirləri keçmiş kommunistlər yayırlar. Hazırda bizdə MDB tərəfdarı olan qüvvələr də vardır. Amma onların həlledici gücü yoxdur. Biz MDB müqaviləsini ratifikasiya etməmişik və zənn edirəm ki, etməyəcəyik də.

Tomas Srebalyus

Litva dilindən tərcümə etdi: Mahir HƏMZƏYEV, Litva Ədəbi Tərcüməçilər İttifaqının üzvü

Qeyd: Müsahibənin çap olunduğu mənbə: Vilnüs, Litva Respublikası Ali Sovetinin mətbu orqanı – dövlət qəzeti “Lietuvos aidas” gündəliyi, 06 avqust 1992-ci il, № 152, səh. 5.