Tofiq Zülfüqarovdan  Elmar Məmmədyarova çağırış:

“Erməni nazirlə görüşə getməsin!”
23 Sentyabr 2019 - 12:10

“Azərbaycan- Ermənistan xarici işlər nazirlərinin bu gün Nyu-Yorkda keçiriləcək  görüşündən nəsə gözləmirəm. Adi bir görüşdür”.

Bu fikirləri Modern.az-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov  Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin Nyu-York görüşünü şərh edərkən bildirib.

Sabiq xarici işlər nazirinin sözlərinə görə,  bu görüş baş tutmamalı idi: “Hesab edirəm ki, Azərbaycan bu görüşə getməməli idi. Ona görə ki, Ermənistanın baş naziri Paşinyanın bəyanatından sonra Azərbaycanın xeyrinə olmayan vəziyyət yaranıb. Bu görüşdən də heç bir nəticə gözlənilmir. 501 yaxud da 504-cü görüşdür, artıq sayını da itirmişik. Düşünürəm ki, Paşinyanın bəyanatlarından sonra Azərbaycan mövqeyini bildirməli idi”.

Qeyd edək ki, bu gün  Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.