Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müsəlman dini liderlərinin üçüncü görüşü diqqətçəkən hadisə oldu.
İstanbulda və Türküstanda görüşlərinin ardınca Bakıda keçirilən üçüncü görüşü oktyabrın 19-da Gülüstan Sarayında baş tutub.
Görüşdə Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının təsis edilməsi üçün Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Türkmənistan müftisi Yalkab Xocaquliyev Azərbaycanda bir araya gəlib.
Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri əvvəlcə Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edib. Dini liderləri Heydər məscidində birgə namaz qılıblar. Namazda türk dövlətlərinin birliyinin, qardaşlığının daimi olması üçün dualar edilib.
Daha sonra dini liderləri işğaldan azad olunmuş ərazilərə gedib. Nümayəndələr Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, işğal zamanı Füzulinin dağıdılmış yaşayış məntəqələrinə baxdıqdan sonra Şuşaya yola düşüblər.
Şuşada dini liderlər TDT üzv ölkələrin Müsəlman Dini İdarələrinin rəhbərləri Şurasının Əsasnaməsi imzalayıb. Bəyannamənin Türk dünyasının Mədəniyyət paytaxtı elan olunmuş Şuşada qəbul olunması rəmzi əhəmiyyət daşıyır.
Oktyabrın 21-də isə Gülüstan Sarayında Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri və elm adamlarının iştirakı ilə “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda beynəlxalq konfrans keçirilib. Türk coğrafiyasının tanınmış elm və din xadimlərinin iştirak etdiyi konfransda Türk-İslam sivilizasiyasının perspektivlərinə və dünyada sülh və təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparılıb, qardaş xalqlarımızın və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən addımlar müzakirə olunub.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin bu toplantısı bir sıra məqamlar baxımından əlamədar hadisədir.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı nəzdində dini liderlərin birliyinin yaradılması ideyası Azərbaycan tərəfindən irəli sürülüb. Prezident İlham Əliyev bu ideyanı müsbət qarşılayıb və təsdiq edib. Bu ilin aprelində İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlər Şurasının ilk təsis toplantısı keçirilib. Toplantıda Şeyxülislam A.Paşazadə Azərbaycanın hazırladığı Türk Dövlətləri Təşkilatının Dini Liderlər Şurasının Nizamnaməsini təqdim edib və sənəd qəbul edilib. Azərbaycanın təşəbbüsü ilə yaradılan TDT dini liderlərinin Şurası türk dövlətləri arasında mənəvi bağ yaradılması, eyni kökdən olan xalqların vahid mövqeyinin formalaşması üçün mühüm rıçaq sayıla bilər.
Dini, dili, tarixi bir olan türkdilli ölkələr birliyini əhatə edəcək bu qurum mənəvi birliyin qurulmasında mühüm əhəmiyyət daşıyır. Hazırkı dünyada milli-etnik dözümsüzlüyün acı nümunələri ilə üzləşən dövlətlər kənardan ixrac olunan ekstermist və yad dalğanın qarşısını almaq üçün bir-birinə dəstəyə böyük ehtiyac duyurlar.
TDT-nin bu yeni platforması türkdilli dövlətlərin ortaq mədəni izinin təbliği üçün əhəmiyyətlidir. Şura üzv ölkələrin mədəni sərvəti sayılan abidələri, fikir adamlarını, din xadimlərini tanıtmaq və öyrənmək üçün imkanlar yaradır. Həmçinin dövlətlərin dini-ideoloji müstəvidə fəaliyyətinin koordinasiyası üçün nufuzlu din xadimlərinin dəstəyini ortaya qoyacaq.
Dini liderlərin Şurası eyni zamanda məzhəblərarası qardaşlığın təbliği və eyni zamanda dünyaya nümayişi üçün yaxşı imkandır.
Dini rəhbərlərin Şurası münasibətlərin dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mədəni və mənəvi dəyərlərin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Bu addım türk-islam mənəvi-mədəni irsinin dünya sivilizasiyasına töhfəsinin təbliğ edilməsi böyük əhəmiyyətə malikdir.
TDT Dini Liderlər Şurasının Bakı sammiti türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi üçün yaxşı imkanlar yaradacaq.
Mədəni inteqrasiya mesajlarını öz siyasətinin vacib prioriteti elan edən Prezident İlham Əliyevin bu ideyanın təşəbbüskarı kimi çıxış etməsi Azərbaycanın bu müstəvidə liderliyini nümayiş etdirir. Təməli İstanbulda qoyulan bu mötəbər qurum türk dövlətlərində ictimai rəyi formalaşdırmaq üçün geniş əməkdaşlıq perspektivləri yaradıb. Dini Liderlər Şurasının Bakı toplantısı da türk dünyası üçün yeni çağırışlara vəsilə olacaq. Türk Dövlətləri Təşkilatının dini liderlərinin birgə əməkdaşlığından türk-İslam birliyi faydalanacaq və birgə məqsədlərə doğru addımlayacaq.
Aydın ABBASOV
Yazı MEDİA-nın dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.