Türk dövlətlərini birləşdirən mənəvi körpü

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin üçüncü görüşü böyük maraqla qarşılandı.

İstanbulda və Türküstanda keçirilmiş görüşlərin ardınca Bakıda keçirilən üçüncü toplantı oktyabrın 19-da Gülüstan Sarayında baş tutdu. Görüşdə Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının təsis edilməsi üçün Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Türkmənistan müftisi Yalkab Xocaquliyev Azərbaycanda bir araya gəlib.

Dini liderlər əvvəlcə Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edib. Dini liderləri Heydər məscidində birgə namaz qılıblar. Namazda türk dövlətlərinin birliyi və qardaşlığın üçün dualar edilib.

Daha sonra dini liderlər işğaldan azad olunmuş ərazilərə gedib. Nümayəndələr Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, işğal zamanı Füzulinin dağıdılmış yaşayış məntəqələrinə baxdıqdan sonra Şuşaya yola düşüblər. Şuşada dini liderlər TDT üzv ölkələrin Müsəlman Dini İdarələrinin rəhbərləri Şurasının Əsasnaməsi imzalayıb.

Bəyannamənin Türk dünyasının Mədəniyyət paytaxtı elan olunmuş Şuşada qəbul olunması rəmzi əhəmiyyət daşıyır.  Dini liderlərin Qarabağ səfəri nümayəndə heyətinə erməni vandalizminin izlərini canlı görmək fürsəti verdi. Müsəlman dini liderləri dini və mədəni abidələri barbarcasına dağıdan Ermənistanın vəhşi siyasətinin şahidi oldular.

Şuşa görüşü həmçinin Türk Dövlətləri Təşkilatının Azərbaycanın qədim və ayrılmaz ərazisinə ictimai-siyasi dəstəyinin ifadəsi oldu.

 Oktyabrın 21-də isə Gülüstan Sarayında Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri və elm adamlarının iştirakı ilə “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Türk coğrafiyasının tanınmış elm və din xadimlərinin iştirak etdiyi konfransda Türk-İslam sivilizasiyasının perspektivlərinə və dünyada sülh və təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparılıb, qardaş xalqlarımızın və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən addımlar müzakirə olunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadə çıxışında deyib ki, Türk Dövlətləri Təşkilatı məkanının xalqları müqəddəs dinimizə və türk kimliyimizə sadiq olaraq dini-mənəvi dəyərlərimiz və milli ənənələrimizə hər zaman sadiq olub, bununla fəxr ediblər. Türk-İslam dünyasının bəşərin elm və mədəniyyət, ürfan və ədəbiyyat xəzinəsinə hər zaman böyük töhfələri olub.

Şeyxülislam qeyd edib ki, Azərbaycan dünyada multikulturalizm və İslam həmrəyliyi ideyalarına qlobal miqyasda töhfələri ilə tanınan dövlətdir. Azərbaycan Prezidenti İlham Əliyev dünyada İslam dəyərlərinin fəal müdafiəçisi, islamofobiyaya qarşı qətiyyətli mövqeyini ali beynəlxalq kürsülərdən ifadə edən, sivilizasiyalararası dialoqa dair çoxsaylı forumların təşəbbüskarı, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nin müəllifidir. Bakı dünya dini liderlərinin iki ümumdünya sammitinə ev sahibliyi edib. “Azərbaycanın türk-İslam dünyasının mənəvi birliyinin rəsmiləşdiyi məkan kimi çıxış etməsindən qürur duyuruq”-deyə QMİ sədri vurğulayıb.

Bu ilin aprel ayında Azərbaycanın təşəbbüsü ilə yaradılan TDT dini liderlərinin Şurası türk dövlətləri arasında mənəvi bağ yaradılması, eyni kökdən olan xalqların vahid mövqeyinin formalaşması üçün mühüm rıçaq sayıla bilər.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı nəzdində dini liderlərin birliyinin yaradılması ideyası Azərbaycan tərəfindən irəli sürülüb. Prezident İlham Əliyev bu ideyanı müsbət qarşılayıb və təsdiq edib. Bu ilin aprelində İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlər Şurasının ilk təsis toplantısı keçirilib. Toplantıda Şeyxülislam A.Paşazadə Azərbaycanın hazırladığı Türk Dövlətləri Təşkilatının Dini Liderlər Şurasının Nizamnaməsini təqdim edib və sənəd qəbul edilib.

Dini, dili, tarixi bir olan türkdilli ölkələr birliyini əhatə edəcək bu qurum mənəvi birliyin qurulmasında mühüm əhəmiyyət daşıyır.

Hazırkı dünyada milli-etnik dözümsüzlüyün acı nümunələri ilə üzləşən dövlətlər kənardan ixrac olunan ekstermist və yad dalğanın qarşısını almaq üçün bir-birinə dəstəyə böyük ehtiyac duyurlar.

TDT-nin bu yeni platforması türkdilli dövlətlərin ortaq mədəni izinin təbliği üçün əhəmiyyətlidir. Şura üzv ölkələrin mədəni sərvəti sayılan abidələri, fikir adamlarını, din xadimlərini tanıtmaq və öyrənmək üçün imkanlar yaradır. Həmçinin dövlətlərin dini-ideoloji müstəvidə fəaliyyətinin koordinasiyası üçün nufuzlu din xadimlərinin dəstəyini ortaya qoyacaq.

Dini liderlərin Şurası eyni zamanda məzhəblərarası qardaşlığın təbliği və eyni zamanda dünyaya nümayişi üçün yaxşı imkandır.

Dini rəhbərlərin Şurasının münasibətlərin dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mədəni və mənəvi dəyərlərin inkişaf etdirilməsi üçün geniş imkanları var. Bu addım türk-islam mənəvi-mədəni irsinin dünya sivilizasiyasına töhfəsinin təbliğ edilməsi böyük əhəmiyyətə malikdir.

TDT Dini Liderlər Şurasının Bakı sammiti türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi üçün yaxşı imkanlar yaradacaq.

Bu toplantının daha bir mesajı TDT dövlətlərinin digər qurumlarının bir-biri ilə əməkdaşlıq perspektivlərinə bir çağırış oldu. Dövlətlər mədəni və digər sahələrdə uğurlu əməkdaşlıq platformasının qurulması üçün səylərini səfərbər edə bilərlər.

Mədəni inteqrasiya mesajlarını öz siyasətinin vacib prioriteti elan edən Prezident İlham Əliyevin bu ideyanın  təşəbbüskarı kimi çıxış etməsi Azərbaycanın bu müstəvidə liderliyini nümayiş etdirir. Təməli İstanbulda qoyulan bu mötəbər qurum türk dövlətlərində ictimai rəyi formalaşdırmaq üçün geniş əməkdaşlıq perspektivləri yaradıb. Dini Liderlər Şurasının Bakı toplantısı da türk dünyası üçün yeni çağırışlara vəsilə olacaq.

Türk Dövlətləri Təşkilatının dini liderlərinin birgə əməkdaşlığındantürk-İslam birliyi faydalanacaq və birgə məqsədlərə doğru addımlayacaq.

A.ABBASOV

 

 

Əvvəlki məqalə

ANAMA əhaliyə müraciət edib

Sonrakı məqalə

“Avropa İttifaqı Rusiya qazından tam şəkildə ayrılıb”