Türk dövlətlərinin dini vəhdət platforması –Şeyxülislamın təklifi nə vəd edir?

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin bu ay Azərbaycanda baş tutacaq zirvə görüşü bir sıra məqamlar baxımından əlamətdar hadisədir.

Bu ilin aprel ayında Azərbaycanın təşəbbüsü ilə yaradılan TDT dini liderlərinin Şurası türk dövlətləri arasında mənəvi bağ yaradılması, eyni kökdən olan xalqların vahid mövqeyinin formalaşması üçün mühüm platformadır.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı nəzdində dini liderlərin birliyinin yaradılması ideyası Azərbaycan tərəfindən irəli sürülüb. Prezident İlham Əliyev bu ideyanı müsbət qarşılayıb və təsdiq edib. Bu ilin aprelində İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlər Şurasının ilk təsis toplantısı keçirilib. Toplantıda Şeyxülislam A.Paşazadə Azərbaycanın hazırladığı Türk Dövlətləri Təşkilatının Dini Liderlər Şurasının Nizamnaməsini təqdim edib və sənəd qəbul edilib.

Dini, dili, tarixi bir olan türkdilli ölkələr birliyini əhatə edəcək bu qurum mənəvi birliyin qurulmasında mühüm əhəmiyyət daşıyır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin türk dövlətləri arasında mənəvi bağların möhkəmləndirilməsi üçün apardığı işlər bu baxımdan təqdirəlayiqdir. Orta Asiyada QMİ sədrini tanıyır və gördüyü işi yüksək qiymətləndirirlər.

QMİ həmişə Orta Asiyanın türk ölkələri ilə sıx təmaslar saxlayıb. Hələ sovet dövründən bu yana bu ölkələrin Azərbaycanla əlaqələrində mənəvi –dini və milli bağ seçilib.

Bu sırada Özbəkistan xüsusi seçilir.

Türk xalqlarının fəxri olan Çingiz Aytmatov özbək xalqının Mərkəzi Asiyanın inkişafına təsirini qədim Bizansın Avropaya təsiri ilə eyniləşdirmişdi. Özbəkistan bütün islam dünyası, islam dini üləmaları üçün bir xəzinə sayılıb. Bu ölkə özünün din xadimləri, alimləri, ilahiyyatçıları ilə şöhrət tapıb. Bütün dünya müsəlmanları etiraf edir ki, islam Ərəbistanda meydana gəlsə də özbək torpağında güc tapıb.

Əsrlər boyu islam dünyasının gənc nəsli Səmərqənd və Buxarada təhsil almağı arzulayıb. Çünki bu şəhərlərdə həm dini elm, həm də dünyəvi elmlər tədris olunurdu.

Ateist sovet zamanında Buxara və Daşkənd dini məktəbləri saxlaya bilmişdi. Buxarada Mir Ərəb mədrəsəsi, Daşkənd İslam İnstitutu bunlara misaldır.

Şeyxülislam sovet vaxtı SSRİ-nin müxtəlif regionlarından gələnlərlə birgə burada islamın əsaslarını öyrənib, Quran tilavətinə vaqif olub, ərəb dilindən təhsil alıb.

A.Paşazadə müsahibələrində etiraf edib ki, onun Şeyxülislam mərtəbəsinə çatmasında özbək torpağının böyük rolu olub. “Özbək xalqı ateizmin sərt dönəmində mənə yüksək mənəviyyat, tolerantlıq, qardaşlıq məhəbbəti aşıladı”.

Bu baxımdan QMİ sədrinin Özbəkistanda nufuzu danılmazdır.

2017-ci ilin oktyabrında Daşkənddə keçirilmiş “Özbəkistan və Azərbaycan nümunəsində islam həmrəyliyi” konfransı iki xalqın mənəvi bağlarının bir nümayişi oldu. Özbəkistan prezidenti Şavkat Mirziyayev QMİ sədri ilə görüşündə ölkəsinin islam həmrəyliyi, tolerantlıq və dinlərarası dialoq məsələlərində Azərbaycanla ümumi birliyinin olduğunu vurğulamışdı.

Mirziyayev bu qəbulda Şeyxülislamı müqəddəs dinimizin humanist dəyərlərinin dünyada birgə təbliğinə və əməkdaşlığa  çağırmışdı. 2019-cu ilin oktyabrında Bakıda QMİ sədri ilə görüşən Özbəkistan prezidenti Şeyxülislamla dini tolerantlıq, milli həmrəylik istiqamətində əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib.

A.Paşazadə fəal dialoq və əməkdaşlıq üçün hazır olduğunu vurğulayıb.

QMİ sədrinin Özbəkistanla etimadlı əməkdaşlığının subutu kimi bu ilin fevralında onun haqqında verilmiş yüksək səviyyəli qərarı göstəmək olar. Özbəkistan prezidentinin qərarı ilə dünya şöhrətli, 500 illik tarixə malik Mir-Ərəb mədrəsəsinin, Daşkənd İslam Universitetinin dünyada tanınan şöhrətli məzunu –Şeyxülislam Allahşükür Paşazadənin şərəfinə özbək torpağının tarixi məkanları – Daşkənd, Buxara, Səmərqənd və digər şəhərlərin dini-mənəvi məkanlarına ziyarətlərin təşkili «Allahşükür Paşazadənin izi ilə» devizi altında həyata keçirilib.

2021-ci ilin sentyabrında isə prezident Şavkat Mirziyayevin sərəncamı ilə Allahşükür Paşazadə iki ölkə arasında münasibətlərin inkişafındakı xidmətlərinə görə “Özbəkistan Respublikasının müstəqilliyinin 30 illiyi” medalı ilə təltif olunub.

Qazaxıstan da Azərbaycanla sıx əlaqələri olan türk dövlətidir. Dövlətlərarası münasibətlərin yüksək səviyyədə olması xalqlar arasında etimada və qardaşlığa möhkəm zəmin yaradıb. QMİ-nin Astana ilə müsəlman həmrəyliyi üçün apardığı iş diqqətdən kənarda qalmır.

Ötən ay Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak etmək üçün Qazaxıstanda səfərdə olan Allahşükür Paşazadə Prezident Kasım Jomart Tokayev tərəfindən qəbul edilib.

Qazaxıstan Prezidenti K.J. Tokayev Şeyxülislamın faəliyyətini uzun illər ərzində izlədiyini bildirib, onun dünyada dinlərarası dialoq və əməkdaşlıq prosesində yerini və rolunu xüsusi qeyd edib. QMİ sədri A. Paşazadənin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müsəlman dini liderlərini bir araya gətirən təşkilatın ərsəyə gəlməsindəki rolunu olduqca önəmli sayan Qazaxıstan Prezidenti K. J. Tokayev bu quruma, onun işinə öz dəstəyini bəyan edib.

Dünya və ənənəvi din liderlərinin VII Qurultayında Şeyxülislam dinlərarası dialoqa töhfələrinə görə Astana Beynəlxalq Mükafatına layiq görülüb və Qurultayın Fəxri medalı ilə təltif olunub.

Bu il may ayında isə Qazaxıstanın Türküstan şəhərində QMİ sədri ilə Qazaxıstanın Ali muftisi Naurzbay Taranulı ilə görüşdən iki türk dövləti arasında dini müstəvidə əlaqələr müzakirə edilib. Ötən ilin oktyabrında Qumilyov adına Avrasiya Universitetində qonaq olan QMİ sədri burada mühazirə oxuyub və bu nufuzlu təhsil ocağının fəxri professoru diplomu ilə təltif edilib.

Türkmənistanla əlaqələrdə də QMİ sədri fəal olub.

2014-cü ildə Türkmənistanın paytaxtı Aşqabad şəhərində səfərdə olan şeyxülislam Allahşükür Paşazadə bu ölkənin sabiq prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb və ona “Şeyxülislam ordenini” təqdim edib.

Bu ilin fevralında Türkmənistan səfirini qəbul edən QMİ sədri Türkmənistanla Azərbaycan arasında dini-mənəvi sahədə əməkdaşlığın səviyyəsinin daha da dərinləşdirilməsinin vacibliyi vurğulayıb, Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş xalqlarımız və dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə fikir mübadiləsi aparılıb.

Türkmənistan səfiri M. İşanquliyev Şeyxülislamın Türkmənistana 2014-cü ildə etdiyi səfəri xatırladıb və ölkəsində Qafqazın dini liderinin İslami həmrəylik və birlik üçün göstərdiyi fəaliyyətlərin yüksək dəyərləndirildiyini və Türkmənistanın dövlət başçısının Şeyxülislamın şəxsiyyətinə ehtiramlı münasibətini ifadə edib.

Türkiyə ilə sıx münasibətlər son 30 ildə QMİ üçün prioritet xətt olub. Müxtəlif beynəlxalq tədbirlərdə birgə çıxış edən Türkiyə və Azərbaycan milli və dini birlik mesajları ilə dünyaya səsləniblər.

Şeyxülislam daima iki qardaş dövlət arasında mənəvi bağların möhkəmləndirilməsi üçün çalışıb və ən yüksək səviyyədə dəstəklənib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2019-cu ildə 70 illik yubileyi münasbəti ilə Şeyxülislam Allahşükür Paşazadəyə ünvanladığı təbrikində onun dinlərarası dialoqun genişlənməsində çox böyük əməyi olduğunu vurğulamışdı. “Fəaliyyətə başladığınız andan bu günə qədər bölgənin bütövlüyünə dəstək vermisiniz. Sizin dinlərarası dialoqun genişlənməsində çox böyük əməyiniz var. Uzun illər boyu belə önəmli və məsuliyyəti böyük olan vəzifənin öhdəsindən bacarıqla gəldiyiniz üçün sizi təbrik edirəm”-deyə Ərdoğan yazmışdı.

Qardaş Türkiyə dövlətinin şanlı Vətən müharibəsi dövründə Azərbaycana mənəvi dəstəyini və qardaş həmrəyliyini yüksək dəyərləndirən QMİ sədri A. Paşazadə Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, mədəni və dini-mənəvi əlaqələrin davamlı inkişafının ardıcıl tərəfdarı olub.

 

Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsi ilə Türkiyə Diyanət Başkanlığı arasında dini-mənəvi əməkdaşlıq mühüm amildir. Şeyxülislam A. Paşazadə Müfti dr. Əli Erbaşla olan qardaşlıq münasibətləri dini münasibətlərin vəhdəti üçün mühüm indikatordur.

Şeyxülislam 2022-ci ilin aprelin 15-də İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dini Liderləri Şurasının ilk – təsis toplantısına belə bir zəngin “baqaj”la getmişdi.

Toplantnda çıxış edən QMİ sədri bu tədbirin yüz milyonlarla türkün mənəvi birliyinin təşkilatlandığı gün kimi tarixdə qalacağını ifadə edərək bildirmişdi ki, vəhdətimizi parçalamaq, dövlətlərimizi zəiflətmək məqsədini güdən bəzi qüvvə və dairələrin mənfur niyyətlərinin qarşısına sipər çəkməyin ən doğru yolu türk dövlətlərinin sarsılmaz birliyidir.

Bu ideyanın TDT üzv ölkələrinin yekdilliklə qəbul etməsi həmçinin Şeyxulislamın etimad qazanmış din xadimi kimi qəbul edildiyini göstərir.

Bu baxımdan QMİ sədrinin yorulmaz fəaliyyəti Azərbaycanın siyasi prioritetlərinin dünyada tanıdılması baxımından öz töhfələrini verir.

Bakıda keçiriləcək Türk Dövlətlərinin Dini Liderlərinin Şurasının ikinci toplantısı  xalqların qardaşlığı, vəhdəti və dini irsinin tanıdılması üçün əməkdaşlıq platformasına şevriləcək və Prezident İlham Əliyevin dünyaya bəyan etdiyi tolerantlıq prinsiplərinə sadiqliyin, bu siyasətin qardaş türk dövlətləri tərəfindən dəstəyin nümayişi olacaq.

Aydın ABBASOV

 

 

 

Əvvəlki məqalə

Beyləqanda gənc oğlanı daşla vurub öldürüblər

Sonrakı məqalə

Qubada doğuş zamanı ana və uşaq ölüb