Türk Şurasının baş katibi qondarma “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb

27 Aprel 2020 - 13:33

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev qondarma “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda bildirilib ki, erməni ideoloqlarının düşmən doqması əsasında qondarma “erməni soyqırımı” ilə əlaqədar Türkiyə Respublikasına qarşı irəli sürdüyü və bəzi dövlətlər tərəfindən dəstəklənən iddialar və tələblər tarixi saxtalaşdıraraq siyasi məqsədlərə nail olmaq məqsədi daşıyır.

“Tarixi həqiqətləri araşdırmadan, hadisələrə siyasi hüquqi qiymət və hökm vermək və bunu xüsusilə də kollektiv şüurda nifrət, tarixi düşmənçilik və qisas almaqla həyata keçirmək insanlığı, vicdanı və mərhəməti təhdid edir, xalqların qarşılıqlı anlaşma və sülh şəraitində yaşamalarına təhlükə yaradır.  Bölgədəki qarşıdurmalar, qaçqın və məcburi köçkün problemi əsasən bu hadisələrin məntiqi nəticəsidir.

Müasir beynəlxalq münasibətlər və bu günə qədər baş verən bütün faciələr şəffaf və ədalətli şəkildə öyrənilib araşdırılmalıdır. Bu kontekstdə tarixçilər tərəfindən 1915-ci il hadisələrini araşdırmaq və bu məqsədlə arxivləri açmaq üçün ortaq bir tarixi komissiya qurmaqla bağlı Türkiyənin təşəbbüsü təqdirəlayiqdir.

Əminik ki, alimlər və tədqiqatçılar tərəfindən tarixi faktların qərəzsiz bir şəkildə araşdırılması və qiymətləndirilməsi 105 il əvvəl baş vermiş hadisələrə aydınlıq gətirəcək”, – deyə bəyanatda qeyd olunub.