Türkiyədən ilk astronavt İlon Maskın raketi ilə kosmosa uçub

Türkiyədən ilk astronavt və Avropanı təmsil edən daha üç heyət üzvü yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola salınıb.

SpaceX şirkətinin “Crew Dragon” kosmik gəmisi NASA-nın Kennedi Kosmik Mərkəzindən Falcon 9 raketilə buraxılıb. Bu, Texasda yerləşən “Axiom Space” startapının kommersiya missiyasıdır.

Kosmik laboratoriyaya planlaşdırılan uçuş 36 saat çəkəcək. Avtomatik idarə olunan “Crew Dragon”un yanvarın 20-də səhər BKS-ya çatacağı gözlənilir.

Buraxılandan 9 dəqiqə sonra Falcon 9 kosmik gəmini ilkin orbitə çıxarıb.

Hyustonda mənzillənən Axiom son iki ildə üçüncü kommersiya uçuşunu təşkil edir. Şirkət xarici hökumətlərin və özəl sektorun sponsorluğu ilə astronavtları yerin orbitinə çıxarır. Hər bir astronavt yeri üçün müştərilərdən azı 55 milyon dollar alınır.

Heyət orbitdə təxminən 14 gün qalacaq, azı 30 elmi eksperiment aparılacaq. Onların çoxu kosmik uçuşun insanın səhhəti və xəstəliklərə təsirinə fokuslanıb.

Türkiyəli astronavt Alper Gezeravcı 44 yaşındadır, Türkiyə Hava Qüvvələrinin veteranıdır.

Heyətin başçısı ABŞ-İspaniya vətəndaşı Maykl Lopez-Alegria, İtaliyadan pilot Valter Villadei, missiya mütəxəssisi Alper Gezeravci və İsveçdən astronavt Markus Vandtdır.

Hazırda BKS-da yeddi daimi heyət qalır — NASA-dan iki amerikalı, YAponiya və Danimarkanın hərəsindən bir astronavt və Rusiyadan üç kosmonavt.

Axiom-2 2023-cü ilin martında BKS-ya iki amerikalı və iki səudiyyəlidən ibarət yeddi günlük qonaq komanda yollamışdı. Səudiyyəlilərdən biri qadın idi.

SpaceX milyarder İlon Maskın (Elon Musk) raket və peyk şirkətidir, Axiom-u raket və kosmik gəmi ilə təmin edir. Şirkət NASA üçün də eyni işi görür.

Əvvəlki məqalə

Bakıda sexdəki yanğında xəsarət alanların vəziyyəti açıqlanıb

Sonrakı məqalə

“Limitlərin yenilənməsi başa çatıb”