Türkiyənin az tanıdığı Z nəsli –Onların problemləri nələrdir?

Türkiyədə Z nəsli adlanan qrup siyasi partiyaların, reklamverənlərin, şirkətlərin diqqət mərkəzindədir.

“Z nəsli” 1996-cı ildən sonra doğulan və indi gəncliyini yaşayan şəxsləri əhatə edir. Siyasi partiyalar onlardan alacaqları səs haqda düşünür, şirkətlər bu nəsillə necə ünsiyyət quracağını araşdırır, reklam verənlər isə əmək bazarının bu ən gənc mənsublarının istehlak vərdişlərini formalaşdırmağa çalışır.

Türkiyədə 2023-cü ildə keçiriləcək seçkilərdə bu nəslə mənsub 7 milyon gənc səs verəcək. Ona görə də siyasi partiyalar strategiyalarını bu nəsil ətrafında qurmağa çalışır.

Paralel olaraq Prezident Recep Tayyip Ərdoğan 26 iyunda Ali Təhsil Qurumunun imtahanları əvvəlcə təxirə salması, daha sonra isə vaxtını geri çəkməsini tənqid edən gənc nəsillə video konfrans vasitəsilə görüşüb.

Amma gənclərin mənfi tənqidləri və “Sizə səs-filan yoxdur” (Size #oymoyyok) ifadəsinə görə Youtube-da şərh bölməsi qapadılıb. Bu da videonun bəyənməmək düyməsinin minlərlə dəfə basılmasına səbəb olub.

Beləliklə, “Z nəsli”nin dərdi və onların narahatlığına səbəb olan mövzulardakı suallarının qızğın müzakirəsi başlayıb.

İnternet əsrində doğulan bu nəsil üçün rəqəmsal dünyanın əlçatımlığı sayəsində bir çox maneələr aradan qalxmış kimi görünsə də, onlar əvvəlki nəsillə müqayisədə daha böyük bir problemlə – işsizliklə üz-üzədirlər.

BBC Türkcə Z nəslinin kimlərdən təşkil olunduğunu və Türkiyədəki ən böyük problemlərinin nə olduğunu bir yerə toplayıb.

Z nəslinin dünya üzrə ortaq xüsusiyyətləri

Yeditepe Universitetinin Sosiologiya Fakültəsinin professoru Demet Lüküslü bu nəsilərin digər sosial kateqoriyalar kimi homogen (hərtərəfli eyni xüsusiyyətlərə sahib) quruluşlu olmadığını vurğulayır.

BBC Türkcənin suallarını cavablayan Lüküslü deyir ki, daha çox marketinq və insan resursları sahələri müəyyən dövrdə yaşayan nəsilləri X,Y, Z “nəsli” kimi adlandırıb “istifadə edirlər”.

Gəncliyin sosiologiyası ilə məşğul olan Lüküslüyə görə dünya üzrə gənc nəslin ortaq xüsusiyyətləri isə belədir:

  • Təhsilin rolunun sorğulandığı vaxtın gəncliyi. Ən yaxşı təhsil görmüş və təhsil sisteminin içində ən uzun qalan nəsil olmasına rəğmən təhsilin vəd verdiklərinin həyata keçirilmədiyinin şahidi olurlar.
  • Demoqrafik olaraq bir tərəfdə yaşlanmaq üzrə olan Qərb və Şimali Avropa cəmiyyətləri, digər tərəfdə isə gənc Orta Şərq və Afrika cəmiyyəti var. Lakin hər iki tərəf üçün də gənc olmaq sərfəli deyil.
  • Gənclərin işsizliyinin həyatlarına əngəl törətdiyi nəsil. Uşaqlıqla böyüklüyün arasında bir keçid olan gəncliyi maddi cəhətdən özünü təmin etməkdə çətinlik çəkən, böyüməyən və ya böyüyə bilməyən, qorxu və narahatlıqla keçirən gənclik.
  • İqlim böhranı ilə birgə dünyanın gələcəyinin soğru-sual edildiyi vaxtın gəncliyi.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının gənclik siyasəti komandasının siyasi təhlilçisi Gamze İğrioğlu 15-24 yaş aralığında olan gənclərin rəqəmsallaşma, avtomatlaşma və iqlim dəyişikliyinə məruz qalan və uzun müddət ərzində bu dəyişiklərin təsiri ilə yaşamalı olan nəsil olduğunu deyir.

BBC Türkcəyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının gəncliklə bağlı araşdırmalarını şərh edən və özü də Z nəslinin təmsilçisi olan İğrioğlu deyir ki, “bu nəsil bilik və təhsilə çatımlılıqla texnologiyaya adaptasiya olmaq məsələlərində digər nəsillərə görə daha əlverişli vəziyyətdə olmasına rəğmən iqtisadi, xüsusilə də məşğulluq məsələlərində digər nəsillərə nisbətən çətinlik çəkir.”

Ən böyük çətinlikləri hörmət görməməkdir

Yeditepe Universitetindən Lüküslü Türkiyədə məşğulluq və təhsil sahələrində mövcud olan problemlərə görə indi gənc olmağın çətin olduğunu vurğulayır.

“Ən vacibi də bunları həll etmək üçün Türkiyənin totalitar gənclik siyasəti yoxdur. Qəhrəmanlıq xaric, siyasi arenada gəncliyin problemlərinin müzakirələri təəssüf ki, müşahidə olunmur”, deyən Lüküslüyə görə gənclər üçün ən böyük çətinlik sözlərinin və şəxsiyyətlərinin ciddi qəbul edilməməsi və hörmət qoyulmamasıdır.

Haqlar məsələsində bərabərlik fundamental anlayışdır

Gezici Araşdırma Mərkəzinin Türkiyənin 12 bölgəsində 20 yaşdan aşağı qrupu təmsil edən Z nəsli arasında apardığı sorğu bu ay Sözçü qəzetində yayımlanıb.

1.062 gənc arasında aparılmış sorğu nəticələrini Gezici Araşdırma Mərkəzinin sədri Murat Gezici eyni xəbərdə belə şərh edib:

Z nəsli insan haqları, heyvan haqları, cinsiyyət ayrı-seçkiliyi kimi məsələlərdə həssaslığı olan, haqlar məsələsində bərabərlik anlayışına sahibdir. Onların 45 faizi hər kəsin bərabər və oxşar haqlara sahib olduğuna inanır.

Bu nəsil üçün irq, cinsiyyət, dil, məzhəb kimi xüsusiyyətlər dəyər kəsb etmir. “Fərqli din və ya məzhəbə aid biri ilə evlənə bilərəm” deyənlərin faizi bundan əvvəlki nəsildə 32,8 olub, Z nəslində isə bu 82,2 faiz təşkil edib.

Bu nəslin 15,7 faizi namaz qılmaq, oruc tutmaq kimi dinin tələblərini yerinə yetirdiyini bildirəkən, 55,8 faizi bu qaydalara əməl etmədiyini bildirib. Onlardan 28, 5 faizi isə heç bir dinə etiqad göstərmədiyini bildirib.

Z nəslinin 76,4 faizi ədalət, demokratiya, ifadə və düşüncə azadlığı, ləyaqət, israf, sənət kimi anlayışlara dəyər verdiyini bildirib. Avropa İttifaqını dəstəkləyənlərin faizi Z nəslində 78,6 faiz ikən, X və Y nəsillərində bu faiz 35,6 faiz olub.

Gün ərzində sosial mediada keçirdikləri vaxt ortalaması 6 saatdır. Z nəslinin 65 faizi ağıllı telefon (smartphone) istifadəçisidir.

Z nəsli özünü bəlli bir ideoloji qrupa və ya siyasi partiyaya aid etmir. Araşdırmalar bu nəslin təxminən 68,7 faizinin özünü Atatürkçü, mühafizəkar, ya da millətçi kimi bəlli kateqoriyalara aid etmədiyini və hazırki siyasi partiyalara qarşı hansısa bir yaxınlıq hiss etmədiyini göstərir.

Sorğuda Z nəslinin 86,7 faizinin səs verərkən valideynlərinin təsirinin olmamasını, öz istəyinin vacib olduğunu bildirir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə fabrikdə partlayışa görə 3 nəfər saxlanılıb

Sonrakı məqalə

Eldar Namazov Ramiz Mehdiyevdən yazdı: