Ukraynanın sabiq müdafiə naziri İtaliyada yeni vəzifə aldı

Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorov İtaliyanın müdafiə naziri Qvido Krosettonun müdafiə innovasiyaları üzrə müşaviri olmaq təklifini qəbul edib.

Bu barədə Fyodorov özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, İtaliyanın müdafiə naziri ilə görüş rəqəmsallaşma və müdafiə texnologiyaları sahəsində yeni layihələrin inkişafına dair məsləhətləşmələr çərçivəsində baş tutub.

Sabiq nazir Qvido Krosettoya şəxsi dəstəyinə və onu müdafiə innovasiyaları üzrə müşavir təyin etmək təklifinə görə təşəkkür edib.

“Bu vəzifədə İtaliyaya müasir müharibə texnologiyalarının inkişafında, müdafiə sahəsinin təkmilləşdirilməsində və təhlükəsizlik sahəsində yeni qlobal çağırışlara uyğunlaşmaqda kömək edəcəyəm”, – deyə Fyodorov bildirib.

O vurğulayıb ki, əsas fəaliyyət istiqaməti dəyişmir və Ukraynanın müdafiəsini gücləndirən, həmçinin ölkəyə beynəlxalq resursların cəlb edilməsinə kömək edən layihələr üzərində işləməyə davam edəcək.

Fyodorov qeyd edib ki, Ukrayna texnoloji müharibə sahəsində unikal təcrübəyə malikdir və Kiyev bu təcrübəni tərəfdaşları ilə bölüşməyə hazırdır.

İtaliyanın müdafiə naziri ilə keçirilən görüşdə pilotsuz uçuş aparatları, avtonom sistemlər, hava hücumundan müdafiə və yüksək texnologiyalı müdafiə ekosisteminin inkişafı məsələləri müzakirə olunub.

“Gələcəyin müdafiəsi yeni həlləri sürətlə sınaqdan keçirə və geniş tətbiq edə bilən ölkələrindir. Bunun üçün texnologiyalar güclü istehsal imkanları ilə birləşdirilməlidir. Ukraynanın təcrübəsi Avropa üçün yeni müdafiə modelinin əsasına çevrilə bilər”, – deyə o bildirib.

Qvido Krosettonun əməkdaşlıq təklifini Fyodorova 2026-cı ilin iyulunda müdafiə naziri vəzifəsindən istefa verdikdən dərhal sonra etdiyi qeyd olunur.

İtaliyanın müdafiə naziri Ukraynanın sabiq müdafiə nazirini müasir döyüş meydanında “oyun qaydalarını yenidən yazan” şəxslərdən biri adlandırıb. Krosettonun sözlərinə görə, Fyodorov yeni texnologiyalardan istifadə etməklə Ukraynanın müharibədə təşəbbüsü yenidən ələ almasına kömək edib.

Mixail Fyodorov 2026-cı ilin yanvarından iyulunadək Ukraynanın müdafiə naziri olub. Onun istefası ölkədə etirazlara səbəb olmuşdu.

İstefadan sonra Ukrayna Prezidenti Volodimir Zelenski Fyodorova hərbi innovasiyalar üzrə baş nazir müavini vəzifəsini təklif etsə də, sabiq nazir başqa dövlət vəzifəsini qəbul etməyəcəyini bildirmişdi.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.