Ürək və qan-damar xəstəlikləri üzrə ölüm sayında artım var- Bakı Baş Səhiyyə Mərkəzi

Ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəlikləri üstünlük təşkil edir. Yanvar ayı ərzində Bakıda 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən yaranıb. Bu isə ümumi ölüm hadisələrinin 68 faizini təşkil edir.

Bakı Baş Səhiyyə Mərkəzindən verilən məlumata görə, bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşlar ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmalı, tibbi müayinələrdən keçməlidir.

Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və digərləri) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyevanın sözlərinə görə, ürək və qan-damar xəstəlikləri səbəbi ilə dünyasını dəyişənlərin böyük əksəriyyəti uzun müddət ürəyində yaranan problemdən xəbərsiz olur. “Bəzən ürəklə bağlı ölümləri insanlar “vaxtsız gələn ölüm” hesab edirlər. Əslində bu belə deyil. Bu xəstəliklərdə erkən diaqnoz önəmlidir. İnsanların çoxu buna o qədər də əhəmiyyət vermir. Vaxtında profilaktik müayinələrdən keçmir, ilkin tibbi xidmətlərdən müntəzəm yararlanmır. Halbuki erkən diaqnozun qoyulması onları həyati təhlükələrdən xilas edə bilər. Biz, ilkin səhiyyə xidməti müəssisələri olaraq, vətəndaşlarımızı zamanında tibbi müayinələrdən keçməyə çağırırıq”,- deyə mütəxəssis bildirib.

Həkim qeyd edib ki, ilkin səhiyyə xidməti müəssisələri ürək xəstəliklərinə erkən diaqnozun qoyulmasında və erkən müalicəyə başlanılmasında böyük rola malikdir. Ürək nahiyəsində küt ağrılar, sinədə göynəmə, təngnəfəslik, tezyorulma kimi hallar müşahidə edilərsə, dərhal ailə (sahə) həkimlərinə müraciət edilməlidir: “Ailə (sahə) həkimləri onları müvafiq tibbi müayinələrdə keçirir, lazım olduğu təqdirdə həkim-kardioloqa , müvafiq qan analizlərinə yönləndirir. Xəstələrin müvafiq olaraq elektrokardioqramma və exokardioqrafiya müayinələrindən keçirilməsi onlarda sonradan ağır fəsadlara səbəb ola biləcək ürək-damar xəstəliklərinin aşkarlanmasına səbəb olur. Çox yaxşı olardı ki, ürəkdə müəyyən ağrılar baş verməsə belə insanlar hər ehtimala qarşı 6 aydan bir və ya ildə bir dəfə profilaktik müayinələrdən, ümumi yoxlanışlardan keçsin”, – deyə həkim vurğulayıb.

Ürəyin işemik xəstəliklərində irsi və yaş faktorlarının da rolu var. Xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirən insanların tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları önəmlidir. O cümlədən, piylənmədən əziyyət çəkənlər, şəkərli diabet xəstələri, zərərli vərdişləri olan şəxslər, yaşlı insanlar, qanı tez laxtalanan, xolesterini yuxarı olan insanlar da əsas risk qrup hesab edilir.

Əvvəlki məqalə

“Dərmanlar bahadır, təxirəsalınmaz tədbirlər görülməlidir” –

Sonrakı məqalə

“Qadınların pensiya yaşı azaldılmalıdır” –