Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb –

RƏSMİ
19 May 2021 - 10:54

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahimov Təbriz İsmayıl oğlunun nəşi tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilib.

Bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılması istiqamətində müntəzəm iş aparılır.

“İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik”.