“Vəkilimi çağırın!” –Ölkədə vəkilliklə bağlı islahatlar nə vəd edir?

Azərbaycan Konstitusiyası hər bir Azərbaycan vətəndaşına hüquqi yardım və müdafiə hüququnu təmin edir. Bu işdə vəkillərin rolu çox əhəmiyyətlidir.

Ölkəmizdə məhkəmə-hüquq islahatlarının dərinləşməsi, o cümlədən vəkillik təsisatının möhkəmləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il fevralın 22-də imzaladığı Sərəncam bu sahədə atılan vacib addımların bariz nümunəsidir. Sərəncamda ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının əhəmiyyəti xüsusi qeyd olunub. Həmin sənəddə bu təsisatın təkmilləşdirilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin əsas istiqamətləri ölkənin regionlarındakı vəkillik qurumlarının fəaliyyətinin genişləndirilməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatının daha da yaxşılaşdırılması, habelə aztəminatlı şəxslər üçün hüquqi xidmətlərin əlçatanlığının artırılmasıdır.

Sərəncama əsasən, aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ üç dəfə artırılıb. Eyni zamanda, Sərəncamda Vəkillər Kollegiyasına bir sıra tövsiyələr verilib. Xüsusilə gənc hüquqşünasların vəkilliyə cəlb edilməsi yolu ilə ölkədə vəkillərin sayının artırılması tövsiyə olunub. Sərəncamın qəbulundan ötən dövr ərzində ölkədə vəkillərin sayı demək olar ki, iki dəfə artıb.

 

Azərbaycan vəkilliyi zəngin və keşməkeşli inkişaf yolu keçib. Vəkilliyin mühüm hüquq təsisatı kimi 1919-cu ilə – Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşması tariximizin yaddaqalan səhifəsidir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra totalitar rejimin mahiyyətinə uyğun olaraq müstəqil vəkillik institutundan söhbət gedə bilməzdi. Sovet dönəmində vəkillik qurumu müstəqil olmayıb, onilliklər ərzində Ədliyyə Nazirliyinin faktiki tabeliyində olub və fəaliyyəti müxtəlif əsasnamələrlə tənzimlənib.

Vəkillər Kollegiyası Azərbaycanda vəkilliyin ilk idarəedici institutu olub. Əsası 1922-ci ildə Sovetlər İttifaqı vaxtında qoyulan Kollegiyanın müasir tarixi isə 1980-ci il Azərbaycan SSR Vəkilləri haqqında Əsasnamənin fəaliyyətə başlaması dövrünə təsadüf edir . 1991-ci ildə, Sovet İttifaqının dağılmasından sonra 1999-cu il vəkilliklə bağlı yeni qanunvericiliyin qəbuluna qədər vəkilliklə bağlı idarəçiliyi həyata keçirən vahid bir orqan mövcud deyildi. 1999-cu ilə kimi, vəkillər fərdi qaydada Ədliyyə Nazirliyindən alınan lisenziya ilə, və ya hüquq şirkətlərinin nəzdində fəaliyyət göstərirdi.

1999-cu il yeni “Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında” Qanunun qəbulundan sonra, hüquq müdafiəçiləri yalnız Vəkillər Kollegiyasına üzv olmaqla vəkil statusunu əldə edə və Qanunun nəzərdə tutduğu imkanlar çərivəsində fəaliyyət göstərə bilərdilər.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş insan hüquqlarının müdafiəsi məsələlərinə həsr olunmuş dövlət, milli fəaliyyət proqramlarının hamısında Azərbaycan vəkillik institutu ilə bağlı əhatəli sərəncamlar verilib. 2004-cü ildə qəbul olunmuş Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramını, 2007-ci ildə qəbul olunmuş Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanı, 2011-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını, 2018-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamlar bu qəbildəndir.

İslahatların zirvəsi olaraq “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi Haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı vəkillik sahəsində ciddi dəyişikliklərin əsasını qoyub.

Bu gün vəkilliyə qəbul sahəsində də əhəmiyyətli irəliləyişlərə nail olunub. Ölkəmizdə 2018-2022-ci il aralığında vəkillərin sayı təqribən 2135-yə çatıb. Vəkilləri sıralarında gənc vəkillərin, xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artırılıb. Keyfiyyətli hüquqi yardımın reallaşdırılması üçün bütün tələblərə cavab verən şəraitə malik vəkil bürolarının sayı üç dəfəyədək artırılaraq 110-a yüksəldilib.

Dövlət hesabına hüquqi yardımın keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, “formal vəkilliklə” mübarizə öz bəhrəsini verib. Son dörd il ərzində həm paytaxt, həm də regionlarda 30 mindən çox iş üzrə aztəminatlı şəxslərə Kollegiya tərəfindən pulsuz hüquqi yardım xidmətləri göstərilib.

Vəkillər Kollegiysının sədri Anar Bağırovun açıqlamasına  görə, bu gün də ölkəmizdə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, insan və vətəndaşların hüquqlarının səmərəli müdafiəsi ilə bağlı mütərəqqi islahatlar aparılır. Xüsusilə vəkillərin sayının artırılması, vəkillərə olan etimadın gücləndirilməsi, habelə son nəticədə vəkilliyin nüfuzunun artırılması üçün işlər görülür.

İnsan hüquqlarının müdafiəsində məhkəmələrin rolunun artması ilə insanların peşəkar hüquqi yardıma ehtiyacı daha da artmaqdadır. Məhkəmələrə müraciət edilməsi, habelə məhkəməyə qədər hərəkətlərin məsrəfli olması səbəbilə sosial təminatı zəif olan əhali qrupu üçün belə müdafiə çox vaxt əlçatan olmur. Problemlərinin həllini tapa bilməyən insanlar isə adətən öz hüquqlarının müdafiəsindən imtina etməli olurlar. Bu isə öz növbəsində insanların ədalət mühakiməsinə olan inamını zəiflədir. Belə olan halda dövlətlər öz orqanları və ödənişsiz hüquqi yardım institutunun təşkili vasitəsilə insanların bu hüquqlarına çatımlılığına şərait yaradılmasına çalışır.

 

Ölkədə vəkilliyə qəbul sahəsində də əhəmiyyətli irəliləyişlərə nail olunub. 2018-ci ildən başlayaraq Kollegiya tərəfindən ölkədə vəkillərin sayının artırılması üzrə genişmiqyaslı işlərin görülməsinə başlanıb. 2004-2018-ci il aralığında vəkillərin sayı 600 nəfər artaraq 931 nəfər olmuş, lakin 2018-2021-ci il aralığında (4 il ərzində) isə vəkillərin sayı təqribən 2120-yə çatıb.4 il əvvəl vəkil qurumlarının sayı 39 olsa da, hazırda bu rəqəm artaraq 110-dan çoxdur.

Vətəndaşların hüquqi yardıma əlçatanlğını təmin etmək üçün, Vəkillər Kollegiyasının veb-saytında bütün vəkil qurumlarının və vəkillərin onlayn reyestri yaradılıb. Vəkillər “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunaraq hər bir vəkil üçün yaradılmış “şəxsi kabinet” vasitəsilə məhkəmələrə iddialarını elektron qaydada göndərə, işlər barədə sms və e-poçt vasitəsilə məlumatlandırıla və məhkəmə sənədlərini elektron qaydada əldə edə bilirlər.

Görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycan vəkilliyi həm aparıcı beynəlxalq təşkilatlar, həm də vətəndaş cəmiyyəti qarşısında mahiyyətinə uyğun müstəqilliyini təsdiq edərək Avropa Şurası və Avropa İttifaqına üzv ölkələrin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini və bir milyondan çox hüquqşünası birləşdirən Avropa Vəkillər və Hüquq Cəmiyyətləri Şurasında (CCBE) təşkilatına üzvlüyə qəbul olundu.

Bu üzvlüklə Azərbaycan hüquqşünasları ilə Avropa hüquqşünasları, kollegiyaları və hüquq cəmiyyətləri arasında əməkdaşlıq imkanları genişlənəcək.

Azərbaycan Vəkillər Kollegiyası İntizam Komissiyasının sədr müavini, 20 saylı Vəkil Bürosunun sədri İlhamə Həsənovanın sözlərinə görə, CCBE-yə üzvülüklə biz vəkillərin hüquqlarının müdafiəsində  daha səmərəli mexanizm yaradılması üçün dövlətin bizim üçün yaratdığl imkanlarla yanaşı,yeni imkanlara malik olacaq.

“CCBE Avropada vəkil  peşəsinin vahid səsidir.  1960-cı illərdə bir sıra Avropa ölkələrinin  peşəkar vəkil birliklərinin assosiasiyası kimi əsası qoyulan bu təşkilat bu gün Avropa Şurasının, Avropa İttifaqı institutlarının və Avropa məhkəmələrinin hesablaşdığı nüfuzlu qüvvəyə çevrilib”.

İlhamə Həsənova qeyd edib ki, bu quruma üzvlük ilk növbədə vəkil  kimi hüquqlarının kobud şəkildə pozulduğu halda beynəlxalq ictimaiyyətdən müdafiə almaq imkanı verir.  Bu, hər bir vəkil üçün  işləyən real mexanizmdir.  Belə ki, CCBE milli səviyyədə reaksiya tələb etmək üçün hər bir pozuntu faktını yoxlayır.  Bir təşkilat olaraq Vəkillər Kollegiyası  Azərbaycanda vəkillik peşəsinin tənzimlənməsinin bütün məsələləri üzrə CCBE-dən sistemli dəstək alacaq, bu məsələlərin digər ölkələrdə və bütövlükdə Avropada necə həll olunduğunu təhlil edəcək”.

Onun fikrincə, vəkillərimiz peşə bilik və bacarıqlarının inkişafı, Avropa  ölkələrinin vəkillərinin peşə birliklərinə üzvülük üçün real imkanlar əldə edəcəklər.

Bəs mövcüd çətinliklər nədir?

Bu gün vəkillər, öz peşə fəaliyyətlərini icra edərkən müxtəlif çeşidli gündəlik çətinliklərlə qarşılaşırlar. Bu çətinliklərə vəkillərin həbsxanalarda öz müştəriləri ilə əlaqə saxlayarkən üzləşdikləri maneələr və müdafiə zamanı məruz qaldıqları təqiblər daxildir.

Vəkil Aqil Layıcın sözlərinə görə, vəkillərin məvacib və gəlirləri istənilən səviyyədə deyil. Vəkil hesab edir ki, vəkillər tam müstəqil deyil və bu da onların fəaliyyətlərini tam həyata keçirməyə müəyyən maneçilik yaradır.

Aqil Layıc son zamanlar Azərbaycanda kollegiyaya yeni vəkillərin götürülməsinin müsbət hal olduğunu bildirib.

“Çənim əsas arzum vəkilliyin tam olaraq müstəqil şəkildə fəaliyyət göstərməsi üçün bütün şəraitin yaradılmasıdır”.

Vəkil Xalid Bağırovun sözlərinə görə, vəkillik istitutu ədalət mühakiməsinin bir parçasıdır. “Bu, dövlətə bağlı olan həm istintaq, həm dövlət ittihamı ilə bağlı olan bir institutdur. Təbii ki, belə bir çəki mübarizəsində ictimai nüfuzun da çox böyük önəmi var. Amma bu gün vəkillik institutunun dövlət qurumları qədər, dövlət institutu qədər nüfuzu mövcud deyil. O baxımdan da vəkillərin kifayət qədər problemləri yarana bilir. Yəni dövlət institutları bəzən onların maraqlarına cavab verməyən vəkilləri təqib etməklə məşğul olurlar. Onlardan şikayət verirlər ki, hansı ki, o vəkillərin fəaliyyətinə maneə yaradılsın”.

Vəkilin sözlərinə görə, bundan əlavə institusional problemlər var. Məsələn, sistem içərisində vəkillərin sübutlara çatımlılığı, ümumiyyətlə, cinayət prosesində ilkin mərhələdə inkvizisyon prosesin olması, harada ki, vəkilin çox da böyük səlahiyyətləri yoxdur. Müstəntiqlərin böyük səlahiyyətləri var.

Hüquq müdafiəçisi Çingiz Qənizadənin açıqlamasına görə,  ədalətli və müstəqil məhkəmə hakimiyyəti olmayınca vəkillərimiz ciddi problemlərlə üzləşəcəklər. Hüquq müdafiəçisi bildirib ki, vəkillik institutunun inkişaf istiqamətində xeyli uğurlar var, ancaq bu gün vəkillik institunun müəyyən problemləri də mövcuddur.

“Vəkillərin nüfuzunun artması üçün ədalətli məhkəmə sistemi olmalıdır. Hakimlərin cəzalanması mexanizmi olmalıdır. Bu hakim-vəkil münasibətlərinin qaydasında olmasını təkmilləşdirmək üçün lazımdır. Bu baxımdan ümid edirəm ki, islahatlar davam edəcək”, – deyə Ç.Qənizadə əlavə edib.

Anar Bağırov qanunvericilikdə müəyyən boşluqlar olduğunu etiraf edib: “Cinayət-Prosessual Məcəlləsində də boşluqlar var. Bilirsiniz, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində hər kəsin həbs olunduğu, cinayətdə ittiham olunduğu andan hüquqi yardım almaq hüququ təsbit olunub. Bu hüquq tam hüquqdur. Yəni, orada hər hansı məhdudiyyət və ya şərtlər nəzərdə tutulmayıb. Bizdə nə baş verir? Bəzən görürsən ki, vətəndaş vəkillə müqavilə bağlayır, ancaq vəkil öz müvəkkili ilə görüş zamanı müəyyən problem yaranır. Bəzən bu boşluq qanunvericilikdə olan müəyyən ziddiyyətlərdən irəli gəlir”.

Onun sözlərinə görə, vəkilin müdafiə prosesinə buraxılıb-buraxılmamasından söhbət gedə bilməz və vəkil kimisə müdafiə etməkdən ötrü heç kəsdən icazə almamalıdır. “Təəssüflər olsun ki, bəzi hallarda problemlər olur və biz işçi qaydada onların həllinə çalışırıq”.

Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən məhkəmə-hüquq islahatları hüququn bir çox sahələrini əhatə edib. Bu qədər mütərəqqi islahatlar fonunda vəkillik institutunun etibarlı institut kimi formalaşması və inkişafı zəruridir.

V.ABBAS

Yazı MEDİA-nın maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

“Haradan uçaq? Qanad çıxardıb, qanadla uçaq?” –

Sonrakı məqalə

Cəbrayılda mina partlaması nəticəsində 7 nəfər xəsarət alıb –