Vəzirov Həsən Həsənovla bağlı Heydər Əliyevə nə deyib? Qromıkonun oğlunun və Suslovun şok cavabı –HƏSƏN HƏSƏNOV DANIŞDI

 Azərbaycanın dövlət xadimi, sabiq xarici işlər naziri Həsən Həsənov “Xalq qəzeti”nə mərhum prezident Heydər Əliyevlə sovet vaxtı birgə işlədiyi illərdəki hadisələr barədə maraqlı xatirələrini danışıb.

Azpost.info həmin xatirələri qısa ixtisarla oxucularına təqdim edir:

“…1967-ci ildə elə bu ixtisas üzrə aspiranturada təhsilimi davam etdirirdim. S. Dadaşov adına Tikinti Materialları Elmi-Tədqiqat İnstitutunda aspirant kimi çalışırdım. Az bir vaxtdan sonra məni institututun ilk partiya təşkilatı katibi seçdilər. Elə həmin ildə də bu institutdan AKP Mərkəzi Komitəsinə dəvət etdilər. Bir müddət burada işləyəndən sonra AKP Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundovun təklifi ilə məni Respublika Komsomolunda daha yüksək vəzifəyə təyin etmək nəzərdə tutulurdu. Bu barədə Moskvaya məlumat verəndə, ordan təklif etmişdilər ki, məni göndərsinlər, bir müddət mərkəzdə çalışım, müəyyən təcrübə toplayım, işlə yaxından tanış olum, sonra Azərbaycana qayıdım.

Təbii ki, razılıq verdim, çünki əvvəllər də komsomolda çalışmışdım. Mən Mos­kvada işləməyə başlayandan altı ay sonra Vəli Axundov vəzifədən kənarlaşdırıldı və Heydər Əliyev AKP Mərkəzi Komitəsinin birinci katibi seçildi. Müəyyən vaxtdan sonra Bakıda Respublika komsomolunun qurultayı keçirildi, amma məni birinci katib seçmədilər. Vəziyyəti belə görəndə məsələ qaldırdım ki, geri – Bakıya qayıtmaq istəyirəm. Qayıtmaq isə gözlənilmədən çox çətin oldu. Moskvada mənə bildirdilər ki, Heydər Əliyev səni geri götürmək istəmir.

Bakıda olanda maraqlandım ki, Heydər Əliyevin məni MK-ya geri qaytarmamağının səbəbi nədir? Dedilər, “yəqin səni Vəli Axundovun adamı bilir, ona görə. Çünki 26 yaşında hər adamı MK-nın aparatına vəzifəyə götürmürlər. Üstəlik səni qısa müddətdən sonra hətta Moskvaya işləməyə göndərib”.

Bir il müzakirələr getdi. Moskvada vəzifələr təklif etdilər, bu dəfə mən razılaşmadım. Dedim yox, Bakıya qayıtmaq istəyirəm. İstəyirdim Azərbaycanda hər hansı vəzifəyə qayıdım. Moskvadan isə deyildi ki, “yox, Komsomolun Mərkəzi Komitəsi hörmətdən düşər, gərək layiqli bir vəzifə olsun”.

Nəhayət, uzun müzakirələrdən sonra Heydər Əliyev məni qəbul etməyə razılıq verdi. Görüşün sonunda mənə bildirdi ki, “işə götürürəm, amma sənə heç bir perspektiv vəd etmirəm”. Dedim, “Azərbaycana qaytardığınız üçün təşəkkür edirəm”. Amma 10 aydan sonra artıq Heydər Əliyev özü məni yeni vəzifəyə təyin etdi.

Bu hadisələrdən 10 il keçdi. Gəncə (30-cu illərdə adını dəyişib Kirovabad qoymuşdular) Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyirdim. Bir gün Heydər Əliyev ora səfərə gəlmişdi. İşlədiyim müddətdə şəhərdə gördüyüm işləri, verdiyi tapşırıqları necə yerinə yetirdiyimi və vəzifəmin öhdəsindən necə gəldiyimi görəndən sonra, uzun illər içimdə yaşadığım narahatlığa son qoydu. Qəflətən dedi, “Həsən, sən bilirdinmi ki, Moskvadan qayıdandan sonra gərək Komsomolun birinci katibi seçiləydin?” Dedim: “Bəli, bilirdim”. Soruşdu ki, hardan bilirdin? Cavabında bildirdim ki, Moskvaya gedəndə Vəli Axundov mənə demişdi. O, üzümə baxıb dedi ki, bəs niyə olmadın. Dəqiq bilmirəm, amma mənə dedilər, guya siz məni Vəli Axundovun adamı bilib bu vəzifəyə qoymamısınız, − deyə, cavab verdim. Ulu öndər gülümsəyərək dedi: − Vəli Axundovun bu işə heç bir aidiyyəti yoxdur. Həmin ərəfədə mən Moskvaya Əbdülrəhman Vəzirova zəng vurub soruşdum ki, sizdə Həsən Həsənov adlı bir adam işləyir. (O zaman Vəzirov Moskvada komsomolda yüksək vəzifədə işləyirdi.) Onun Azərbaycan Komsomolunun birinci katibliyinə namizədliyi var. Bu haqda fikrin nədir? O da cavab verdi ki, Həsən bu vəzifənin öhdəsindən gələ bilməz. Mən də onun sözünə əsaslanıb, qərar verdim.

Dediyim kimi, bu hadisələrin üstündən 10 il keçmişdi. Çox hadisələr olmuşdu. Heydər Əliyev bunu deməyə də bilərdi. Amma, uzun illər Vəzirovun mənim haqqımda dediyini unutmurdu. Dedim: − Heydər Əliyeviç, bəs niyə bu hadisələri indi xatırlayırsınız? Axı o hadisələrin üstündən 10 il keçib? Dedi: −Axı Vəzirov gəlib Gəncədə işləyə bilmədi. Sən isə uğurla işləyirsən. O özü işləyə bilməyəcəyi halda, sənin haqqında belə saxta, doğru olmayan fikir söylədi. Dedim ki, bunları biləsən”.

“Əliyev dediklərini edəcəksə, onda SSRİ-də partlayış olacaq…”

**

“… 1965-ci ildə indiki Azadlıq meydanında tədbir keçirilirdi. Mən də Oktyabr (indiki Yasamal) Rayonu Komsomol Komitəsinin katibi idim. Yanımda rayonun birinci katibi Yunus Məmmədov oturmuşdu. Qəfildən o məni dümsükləyib dedi: −Bir o gələn adama bax. Baxdım ki, enlikürək, ucaboy, əzəmətli, yaraşıqlı bir gənc kişi gəlir. Soruşdum: − O kimdir elə? Dedi: − Heydər Əliyevdir, DTK-da rəhbər vəzifədə işləyir. Düşünürəm, o, gələcəkdə Azərbaycanın rəhbəri olacaq”.

Bu, 1965-ci ilin söhbətidir. Onda Heydər Əliyevi qiyabi tanıdım. İki il sonra Heydər Əliyev DTK-nın sədri təyin olundu, 1969-cu ildə isə Azərbaycan KP MK-nın birinci katibi seçildi və respublikaya rəhbərlik etməyə başladı”.

 

**

“…1969-cu ildə hələ Moskvada işlədiyim vaxtda Bakıda sovet-yapon gənclərinin festivalı keçirilirdi. Bu tədbiri təşkil etmək üçün Moskvadan komsomolun Mərkəzi Komitəsindən məni də nümayəndə heyətinin tərkibinə salmışdılar. Biz Bakıda olan günlərdə, Vəli Axundovu işdən çıxarıb yerinə Heydər Əliyevi seçmişdilər. Tezliklə nümayəndə heyətimizi tam tərkibdə yenicə seçilmiş respublika rəhbərinin qəbuluna dəvət etdilər. Heydər Əliyev festivalın təşkili, necə aparılacağı və sair məsələlərlə tanış olandan sonra, bizə müraciət edib dedi:

– Sizi maraqlandıran suallar varsa, verə bilərsiniz.

Nümayəndə heyətinin rəhbəri dedi: − Heydər Əliyeviç, heç bir sualımız yoxdur, hər şey yüksək səviyyədə təşkil olunub. Heç bir problem yoxdur.

Heydər Əliyev sonra respublikada görüləcək işlər barədə yarım saata qədər danışdı. Məsələn, respublikada sosial-iqtisadi sahədə islahatlar olacaq, rüşvətxorluğa qarşı amansız mübarizə aparılacaq, respublikada bir çox sahələrdə olan nöqsanları tezliklə düzəltməliyik və s. Moskvadan gələnlərin heç birinin səsi çıxmırdı. Heyrətlə ona baxırdılar. Sağollaşıb çıxanda nümayəndə heyətinin rəhbəri üzünü mənə tutub astadan soruşdu: − O, doğurdanmı dediklərinin hamısını edəcək?

Dedim: − Düşünürəm, Heydər Əliyeviç bacarmadığı sözü deməz, dediklərinə də əməl edəcək.

Dedi: − Hardan bilirsən?

Dedim: − Heydər Əliyeviç konkret və qətiyyətli adamdır, sözünü küləyə verən deyil. Bunun haqqında Azərbaycanda çoxdan müsbət fikirlər dolaşır. Onlar da boş yerdən yaranmayıb.

Gülə-gülə dedi: − Dediklərini edəcəksə, onda SSRİ-də partlayış olacaq…”

 

“Bu, SSRİ qanunlarına zidd idi. Heydər Əliyev buna göz yumurdu…”

**

…Heydər Əliyev Moskva, Kreml isteblişmenti tərəfindən ilk əvvəl Azərbaycanda qanun-qayda yaratmağa potensialı olan, bunu bacaran bir şəxsiyyət kimi qəbul olunurdu. O, bu posta iqtisadi cəhətdən geridə qalan əyalət respublikasında modernləşməni həyata keçirməyi bacaracaq, neqativ hallara və özbaşınalığa qarşı mübarizə aparacaq cəsarətli bir rəhbər kimi təyinat almışdı. İlk növbədə, Sov.İKP MK-nın Baş katibi Brejnev onu belə görürdü və imkanlarını yüksək dəyərləndirirdi. İnsafən, Brejnev özü respublikadakı milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsinə millətçilik kimi yanaşmırdı. Amma ətrafında olan və rus şovinizmindən qurtula bilməyən adamlar orda-burda Əliyevin milli əhval-ruhiyyəsini millətçilik kimi yozur və dedi-qodu ilə məşğul olurdular. Brejnev isə, ilk növbədə, istəyirdi ki, SSRİ-nin bir üzvü kimi Azərbaycan inkişaf etsin, əhalinin güzəranı yaxşılaşsın.

Baxın, Heydər Əliyev respublika rəhbəri seçilənə qədər SSRİ-də üç respublika – Tacikistan, Türkmənistan və Azərbaycan sosial-iqtisadi göstəricilərə görə daim sonuncu üç yeri 13, 14 və 15-ci yerləri bölüşürdülər. Gah Tacikistan 13-cü, Azərbaycan 14-cü, Türkmənistan 15-ci olurdu, gah da əksinə. Heydər Əliyev hakimiyyətə gələndən sonra bu vəziyyət çox qısa bir zamanda tamamilə dəyişdi.

Məsələn, 1970-ci illərdə SSRİ-də bəzi iqtisadçılar və yüksək çinli məmurlar təklif irəli sürdülər ki, Azərbaycan neft sənayesinə yatırım etmək lazım deyil. Bu ideyanın əsas müəllifi məşhur Aqanbekyan idi. Bu o Aqanbekyan idi ki, bir müddət sonra Qarabağda separatizmi alovlandırmağa və Azərbaycanı parçalamağa çalışacaqdı. O təklifini belə əsaslandırırdı ki, Azərbaycanda neft ehtiyatları tükəndiyindən oradakı neft sənayesinə vəsait yatırmaq düzgün deyil. Bundan sonra əsas vəsaiti Sibirə və Tatarıstana yönəltmək lazımdır. Əslində, Heydər Əliyev hakimiyyətə gələndə neft sənayesində vəziyyət, həqiqətən, çox ağır idi. Pambıq planımız 400 min ton idi, lakin 200-250 min ton ancaq toplaya bilirdik. Üzümçülükdə, vəd edilmişdi ki, böyük inkişaf olacaq, lakin bu sahədə də vəziyyət ürəkaçan deyildi, cəmi 100-150 min ton üzüm yığılırdı. Ola bilsin, rəqəmlər bir qədər dəqiq olmasın, amma hər halda respublikada iqtisadi vəziyyət ürəkaçan deyildi. Ona görə də başqa respublikalarla müqayisədə əhalinin sosial durumu çox aşağı idi.

Heydər Əliyev respublika rəhbəri kimi fəaliyyətə başlayandan sonra kənd təsərrüfatı, xüsusilə üzümçülük və pambıqçılıq sürətlə inkişaf etməyə başladı. Üzümçülük deyirəm, bəlkə də çoxları buna dodaq büzər, amma bu çox gəlirli və faydalı bir sahə idi. Bilirsiniz ki, üzüm texniki kənd təsərrüfatı məhsulu olduğu üçün onun həm də emal sənayesinə ehtiyac var idi. Ona görə üzümçülük rayonlarının hamısında üzüm emalı zavodları tikilməyə başlandı. Bunun hesabına rayon və kəndlərimizdə mühəndislər təbəqəsi yarandı. O zaman kəndlərimizdə mühəndisləri, demək olar ki, barmaqla saymaq olardı. Yalnız çilingərlər vardı, onlar da ancaq traktorlar təmir edirdilər. Az bir zamandan sonra rayonlarımızda mühəndislərin sayı artdı. Beləliklə, kənd rayonlarında ziyalılar yalnız məktəb müəllimlərinin hesabına deyil, mühəndislər hesabına da artmağa başladı. Bu ilk baxışdan əhəmiyyətli görünməyə bilər, lakin respublikada ziyalı təbəqəsinin sayı sürətlə artırdı, gənclərdə texniki sahəyə meyl yaranırdı.

 

İkinci vacib məsələ əhalinin gəlirlərinin artması idi. O zaman kəndlərimizdə əhali əsasən çiy kərpicdən tikilmiş birmərtəbəli, darısqal evlərdə yaşayırdı. Heydər Əliyevin islahatlarından və iqtisadiyyatı, kənd təsərrüfatını inkişaf etdirməyə başlamasından sonra hətta kəndlərimizdə belə əhəng daşından iki mərtəbəli, yaraşıqlı və geniş evlər ucalmağa başladı. Əslində bu, SSRİ qanunlarına zidd idi. Heydər Əliyev buna göz yumurdu və milli məmur kadrlarına deyirdi, mane olmayın, qoy tiksinlər. Çünki SSRİ-də qərar qəbul edilmişdi ki, kənd evi neçə kvadratmetr olmalıdır. Baltikyanı respublikalardan fərdi tikililəri əsas götürüb əhali üçün ümumi standart qəbul edilmişdi . Həmin respublikalarda da ailələrdə bir, maksimum iki uşaq olurdu. Bizdə isə ailədə 10, bəzən 15 uşaq olurdu. Heydər Əliyevin Moskvanın verdiyi bu qanunu dəyişməyə imkanı yox idi, amma respublikamızda tikilən fərdi evlərə göz yummağı bacarırdı. Bu da onun cəsarətindən irəli gəlirdi. Əlbəttə, şikayətlər, donoslar var idi, lakin Heydər Əliyevin arqumentləri qarşısında Moskva məcbur olub onunla hesablaşırdı”.

 

“Görürəm, Heydər Əliyev səni çoxdan bu vəzifəyə hazırlayır”

**

“…Heydər Əliyev tərəfindən mən Azərbaycan KP MK-ya katib təyin olunanda təsdiq üçün Moskvaya getdim. Orada Suslov məni qəbul etdi. Həmin illərdə “boz kardinal” ləqəbi almış Suslov SSRİ-nin əsas ideoloqu idi. O, mənim bir səhifəlik anketimi bir neçə dəfə oxudu. Sonra gözümün içinə baxıb çox ciddi şəkildə dedi:−Görürəm, Heydər Əliyev səni çoxdan bu vəzifəyə hazırlayır axı…

Dediyim kimi, Heydər Əliyev 1971-ci ildə məni işə qəbul edəndə, demək olar ki, 1974-cü ilə qədər məni qiyabi tanıyırdı. Yəni mənə rəhbərlik edən adamların rəyini əsas götürürdü. Tapşırıq verirdilər və necə yerinə yetirirdimsə, onu da Heydər Əliyevə çatdırırdılar. 1974-cü ildən sonra artıq bilavasitə birbaşa əlaqələrimiz başladı. Bu vaxtlar Mərkəzi Komitədə şöbə müdirinin müavini işləyirdim. Məni yaxından tanıyandan sonra 26 Bakı Komissarı – indiki Səbail Rayon Partiya Komitəsinin katibi vəzifəsinə təyin etdi. Əslində birbaşa əlaqələrimiz müntəzəm şəkildə oradan başladı. Sonra Sumqayıt PK-da, daha sonra o zamankı Kirovabad şəhər PK-nın birinci katibi vəzifələrində çalışdığım zaman daha sıx ünsiyyətdə olurduq. 6-7 illik birbaşa əlaqələrimiz sayəsində artıq onun haqqımda kifayət qədər təsəvvürü və məlumatı var idi.

Namizədliyimi MK katibliyinə irəli sürəndə isə artıq mənə tam inamı vardı. Bu vəzifəyə təyin olunanda mənə dedi: −Həsən, mən hiss edirəm ki, bu vəzifə sənin canında, qanındadır, inanıram bu sahədə potensialını ortaya qoya bilərsən. Sən burda bizim xəttimizi davam eləməlisən…

Çünki məndən əvvəl olan katiblərdən biri Azərbaycan dilində düz-əməlli danışa bilmirdi və Heydər Əliyevin içindən keçən əvvəl söylədiyim məsələlərə çox da baş qatmırdı. Sonrakı katiblər də bu işlərə elə maraq göstərmirdilər. Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini elə də yaxşı bilmirdilər.

Heydər Əliyev sözünə davam edərək dedi: − Sən Azərbaycan dilində sərbəst danışırsan, tariximizi, ədəbiyyatımızı, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizlə bağlı məsələləri bilirsən.

Heydər Əliyev bu keyfiyyətlərimi mən, Səbaildə, Sumqayıtda, Gəncədə işləyəndə sınamışdı. Gəncədə işlədiyim illərdə üç dəfə ora səfər etdi. Hər dəfə gələndə də bütün günü bir yerdə olurduq. Söhbətlərimiz olurdu, gördüyüm işlərlə maraqlanırdı, suallar verirdi, məram və məqsədimi dərhal duyurdu. Ona görə münasibətlərimiz elə idi ki, ürək sözlərimizi bir-birimizə deyə bilirdik…”

“Həsən, qorxma, Heydər Əliyev bilir və bu işə müsbət baxır.

**

Heydər Əliyevin Vətəninə cani-dildən bağlılığına şübhə ola bilməzdi. O olmasaydı, Həsən Həsənov da o dövrün Həsən Həsənovu olmazdı. Bilmirəm mən o vəzifəyə təyin olunardım, ya olunmazdım. Olunsaydım belə, fəaliyyətim necə olacaqdı, demək çətindir.

Sizə Gəncədə işlədiyim dövrdən bir xatirə danışım. Az bir müddət burada çalışandan sonra bir gün də viranə qalmış, bəziləri dağılmış, bəziləri isə tam uyğun olmayan məqsədlər üçün istifadə olunan məscidlərə rast gəldim. Bakıda heç kimə demədən məscidləri təmir etdirdim. Açığı, bilmirdim Heydər Əliyevin münasibəti necə olacaq? Ancaq qəlbimin dərinliyində bir arxayınçılıq var idi ki, pis qarşılamayacaq.

Bir gün də Heydər Əliyevin köməkçisi Arif Mustafayev mənə zəng edib dedi: –Heydər Əliyeviç Gəncəyə səfərə gəlməyə qərar verib, sən bir proqram hazırla göndər. Mən də dərhal bir proqram düzəldib göndərdim. Bir saat sonra Arif Mustafayev təkrar mənə zəng vurub dedi: “Həsən, sən orda məscidləri təmir etdirmisən, onları nə üçün proqrama salmamısan?” Dedim: “Mən, axı məscid təmir etdirməmişəm”. Dedi: “Necə etməmisən, hamı deyir, təmir etdirmisən axı. Bəs təmir etdirdiyin nədir?” Dedim: “Memarlıq abidələridir”. O, güldü və dedi: “Həsən, qorxma, Heydər Əliyev bilir və bu işə müsbət baxır. Sal proqrama, gələndə özü baxacaq”. Mən də iki təmir olunmuş məscid binasını proqrama saldım. Səfərə gələndə ikisinə də baxdı. Onların birində kitabxana, o birisində isə aptek təşkil etmişdik. Onu da deyim ki, ikisini də təmir edərkən malalanmış hissələri sökəndə altından Quran ayələri yazıları üzə çıxırdı. Göstəriş vermişdim ki, yazılar olduğu kimi saxlansın.

Mərkəzi Komitənin ideoloji məsələlər üzrə katibi, bugünkü düşüncə ilə desək, yəni Heydər Əliyevin elm, mədəniyyət, ədəbiyyat, mətbuat üzrə müavini deməkdir. Məni bu vəzifəyə təyin edərkən o özü mənə dedi ki, Səbaildə, Sumqayıtda, Gəncədə necə işləmisənsə, o xətti də davam etdir. Bu o demək idi ki, mən arxandayam”.

 

“Çaşıb qalmışdım…”

**

“…Günlərin bir günü də Heydər Əliyev gözlənilmədən məndən soruşdu:

“Həsən, Vaqifi tanıyırsan?” Soruşdum: “Hansı Vaqifi?” Dedi: “Molla Pənah Vaqifi”. Dedim: “Tanıyıram, Azərbaycan şairi kimi tanıyıram”. Dedi: “Tək şair kimi tanıyırsan? Vaqif tək şair olmayıb”… Sonra söhbət bizim cari kommunist və beynəlmiləlçi vəzifələrimizdən uzaq mövzuya keçdi. Heydər Əliyev dedi ki, Şuşada Vaqifin məqbərəsini tikməyi qərara alıb. Məqbərənin layihəsi hazırlanır, yer seçilib, tikinti başa çatandan sonra məqbərənin təntənəli açılışını və Vaqif Poeziya Bayramını keçirmək nəzərdə tutulur.

Heydər Əliyev sözünə davam edərək dedi: “Sən bu məsələləri ən yaxın vaxt üçün prioritet məsələ kimi qəbul etməlisən. İstəyirəm ki, sən mənim əsas məqsədimi biləsən. İndiki halda Vaqif bizim üçün sadəcə şair, məqbərə sadəcə qəbirüstü abidə, bayram sadəcə şeirlər oxumaq deyil, Vaqif bizim üçün Azərbaycanın dövlət xadiminin rəmzidir və belə də olacaq. Şuşadakı məqbərə bizim üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, poeziya bayramı bu torpaqda Azərbaycan dilinin əbədi təntənəsinin rəmzidir”.

Təsəvvür edirsiniz də, bütün bunları Kommunist Partiyasında ən yüksək vəzifələrdən birini tutan insan deyirdi. Çaşıb qalmışdım. Keçirdiyim hissləri təsəvvür belə edə bilməzsiniz. Sovet İttifaqının respublikalarından birinin partiya rəhbəri əgər bu sözləri sənə deyirsə, demək onun böyük etimadını qazanmısan. Çünki bu, qətiyyən məni sınamaq deyildi. Heydər Əliyevin mənə bu münasibətindən təsviredilməz dərəcədə qürur hissi keçirirdim”.

“Nəbi Xəzri böyük çətinliklə Şəhriyarla telefonla danışa bildi”

**

“…1981-ci ildə Azərbaycan Yazıçılar İt­tifaqının növbəti qurultayı keçirilirdi. Qu­rultayda iştirak edən Heydər Əliyev təklif irəli sürdü ki, bizim Yazıçılar İttifaqının nəzdində xüsusi “Cənubi Azərbaycan ədəbiyyatı bölməsi yaradılsın”. Bölməyə rəhbərlik əslən Güney Azərbaycandan olan Balaş Azəroğluna tapşırıldı. Bunun­la yanaşı o, həm də Azərbaycan Yazı­çılar İttifaqının katibi vəzifəsinə seçildi. Həmin dövrdə əslində, sovet xalqlarının bir çoxunun xarici ölkələrdə yazıçıları, şairləri və başqa incəsənət adamları var idi. Amma dediyim şəkildə təşkilat ancaq Azərbaycanda fəaliyyət göstərirdi və bu da Heydər Əliyevin təşəbbüsü ilə yaranmışdı. Bu ərəfədə Xalq şairi Nəbi Xəzri böyük çətinliklərlə Güney Azərbaycanda yaşayan Şəhriyarla telefonla danışa bildi. Bu da gözlənilməz hal idi. Elə həmin gün­lərdə bu telefon danışığının respublika­nın “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilməsi tövsiyə olundu.

Bir maraqlı faktı deyim: O illərdə ta­nınmış ədəbiyyatşünas alimimiz Abbas Zamanov öz təşəbbüsü ilə, gizli yollarla xarici kitabxanalarla əlaqə yaratmışdı və bu yolla vaxtaşırı Azərbaycan ədəbiy­yatının nümunələrini, həmçinin Bəxtiyar Vahabzadənin əsərlərini Türkiyəyə gön­dərirdi. 1960-cı illərdə Abbas Zamanov tədbirlərin birində Ermənistanda Naxçı­vanla bağlı qaldırılan iddialara qarşı kəs­kin tənqidi fikirlər söylədiyinə, ermənilərə qəti etiraz etdiyinə görə onu Kommunist Partiyası sıralarından xaric etmiş və Bakı Dövlət Universitetinin müəllimliyindən kə­narlaşdırmışdılar. Bir neçə il uzanan mü­zakirələrdən sonra onu partiya sıralarına bərpa etdilər.

 

Mən artıq Gəncədə işləyəndə Abbas Zamanov bir neçə dəfə ora gəlmişdi və biz, demək olar ki, dostlaşmışdıq. 1981-ci ildə mən ideologiya üzrə katib seçilən­də Abbas müəllimlə əlaqələrimiz daha müntəzəm və sıx oldu. Müəyyən vaxtdan sonra – 1971-ci ildə Abbas Zamanovu Türkiyə Dil Qurumuna üzv seçdilər. Bu və bunun kimi bir çox səbəblərdən onu Dövlət Təhlükəsizlik Komitəsinin ciddi nəzarətinə götürdülər.

Bunlarla yanaşı, Rüstəm Əliyevlə də, demək olar ki, Nizami Gəncəvi mövzusu ilə bağlı sıx əməkdaşlıq edirdim. Bütün bu işlərimdən xəbər tutan bir nəfər mənə dostluq siqnalı göndərdi ki, Heydər Əli­yev sənin bu əlaqələrindən razı olmaya bilər. Çox düşünəndən sonra qərara al­dım ki, dediyim adamlarla sıx əməkdaş­lıq etmək üçün birbaşa Heydər Əliyev­dən icazə almayım. Düşüncəmdə ona əsaslanırdım ki, icazə almağım Heydər Əliyevin ziyalılarımıza qarşı inamsızlığı­na dəlalət edər, bu da ona toxunar. Mən sadəcə tez-tez ziyalılarımızla əməkdaşlı­ğımızdan danışanda onların, hətta “dissident” kimi tanınan başqa ziyalılarımızın adlarını çəkərdim. Belə hallarda Heydər Əliyevin reaksiyası mənə aydın göstə­rirdi ki, kənarda düşünülən, söylənən fikirlər, baxışlar səhvdir. Əslində hər şey mənim düşündüklərimin doğru olduğunu göstərirdi. Həqiqətdə Heydər Əliyevin bizim ziyalılarımıza münasibəti onların milli maraqlarımıza olan sədaqətindən irəli gəlirdi. Bu dərs Heydər Əliyevlə ilk görüşlərimizdə Nəriman Nərimanova aid mövqeyini açıqlayanda mənə aydın olmuşdu.

Bir gün də Sovetlər Birliyi Yazıçılar İttifaqının qərarı ilə Anar və Elçin Türkiyəyə ezam olundular. Lakin Moskvada Dövlət Təhlükəsizilik Komitəsi buna rəsmi etiraz etdi. Ancaq Heydər Əliyevin məsələyə müdaxiləsindən sonra onların ikisi də Türkiyəyə getdi”.

 

**

“…Avropa ölkələrində tez-tez Azərbaycan mədəniyyət günləri keçirilirdi. Moskvanın qərarı ilə Azərbaycanda İordaniya mədəniyyət günləri keçiriləndə Heydər Əliyev onların nümayəndə heyətini qəbul etdi. Görüş qonaqlara elə təsir etmişdi ki, qayıdandan sonra İordaniyada Azər­baycan haqqında ərəb dilində kitab nəşr etdirmişdilər. Bu kitab da bizim iordaniya­lılara verdiyimiz, Heydər Əliyevin 1980-ci ildə nəşr olunan kitabı əsasında hazır­lanmışdı. Sonra respublika Kommunist Partiyasının Mərkəzi Komitəsinin məsul işçisi Namik Axundov müxtəlif yollarla İordaniya ilə əlaqə saxlamağa nail oldu. Kitab nəşr olunduqdan sonra bizə də göndərdilər və mən onu Heydər Əliyevə təqdim etdim. Moskva bundan xəbər tu­tanda mənə zəng etdilər və narazı şəkil­də soruşdular ki, buna kim icazə verib. Mən də soyuqqanlılıqla cavab verdim ki, İordaniya dövləti kitablar nəşr edəndə razılığını bizdən almır”.

“Azərbaycanda da dissidentlər fəaliyyətdə idilər”

“…Heydər Əliyevin Moskvada çox böyük hörməti var idi. Çünki İttifaq dövlətinin başında olanlar, onu yüksək dəyərləndirirdilər. İkinci sırada olan yüksək mövqeli məmurlar və siyasi xadimlər onunla he­sablaşmağa məcbur idilər. Amma Heydər Əliyev Moskvaya gedəndən sonra, Kremldəki partiya məmurları Azərbaycanda milli mədəniyyətimizə aid baş verən müsbət hadisələri daha qısqanc və tənqidi şəkildə dəyərləndirməyə başladılar. Məsələn, mənim ideologiya üzrə katib vəzifəsindən kənarlaşdırılıb, tikinti sahəsinə keçirilməyim elə bunun bariz nümunəsi idi. Söylədiklərim tarixin 80-ci illərində baş verirdi. Moskva artıq xalqla deyil, dissident adlandırılan seçmə insanlarla mübarizə aparırdı. Bir neçə mövzu üzrə dissidentlər var idi. Bunlardan dövlət üçün daha qorxulu olanlar, yəni birbaşa Kommunist Partiyası və Sovet hakimiyyətinə qarşı çıxış edənlər idi. Azərbaycanda da dissident kateqoriyasına aid edilən şəxslər fəaliyyətdə idilər. Məsələn, daha çox Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı, Abbas Zamanovu, Anarı və onun rəhbərlik etdiyi Qobustan jurnalını bu ka­teqoriyaya aid edirdilər. Fərq onda idi ki, Azərbaycan dissidentləri fəaliyyətlərini, daha çox milli maraqlarımız uğrunda mübarizəyə yönəldirdilər”.

“Heydər Əliyev soruşdu: Necə yəni Yeni Gəncə?”

**

“…Heydər Əliyevin dəstəyi və özünün gördüyü işlər mənə də sirayət edirdi. Məsələn, o vaxt Kirovabadda (Gəncə) iki rayon yaradıldı. Hə­min illərdə bu şəhərdə 250 min əhali yaşayırdı, onun da 50 mini erməni idi. Rayonlara bölgü söhbəti düşəndə, mənə dedilər ki, əvvəllər də şəhərdə rayon böl­güsü olanda ərazi Gəncə çayının sağ və sol sahilinə bölünüb. Mən dərhal düşün­düm ki, belə olan halda, bir tərəf 50 min erməninin kompakt yaşadığı ərazi ola­caq. Onda da rayonun rəhbərliyinin əksə­riyyəti gərək erməni olsun. Mən oranı elə bölürdüm ki, şəhərdə yaşayan azərbay­canlılar, ermənilər və ruslar eyni sayda iki yerə bölündülər. Bundan sonra bir çox şikayətlər də oldu, hətta Heydər Əliyevə də narazılıqlar bildirilmişdi. Ancaq Hey­dər Əliyev bunu çox normal qəbul etdi.

Hələ Gəncə adının bərpası zamanı nələr olmadı. Mərkəzi Komitənin məsul işçilərindən biri – Əzimov familiyalı şəxs mənə göstəriş verdi ki, yaradılan iki ra­yondan birinin adını “Sovetski”, birinin də “Leninski” yazıb sənədləri təcili Mərkəzi Komitəyə göndər. Dedim ki, axı Azərbay­canda artıq Lenin adına rayon var. Sovet adı da elə respublikamızın adında həkk olunub. O adam narazı və sərt şəkildə qayıtdı ki, yəni sən Sovet və Lenin ad­larına zidd gedirsən? Məsuliyyətini hiss edirsən? Cavab vermədim və söhbətimiz bununla bitdi. Çox fikirləşəndən sonra Bakıya göndərmək üçün hazırladığım sənəddə ad göstərmədim, sadəcə, yaz­dım “Rayon nömrə 1”, “Rayon nömrə 2”. Mənə təzyiq edən adam – Əzimov MK-da təşkilat şöbəsində müdir müavini idi. Sənədi alan kimi mənə telefon açdı ki, bu nədir burda yazmısan? Dedim ki, siz de­mirsiniz “Sovetski”, “Leninski”? Mən belə yazıram, siz nə ad istəyirsiniz onu da qoyun, səlahiyyət sizindir. Həmin adam başa düşmüşdü ki, bu məsələdə yana bilər və mənimlə mübarizəni dayandırdı. Amma yazdığım sənədləri Heydər Əli­yevə məruzə etmişdilər. Heydər Əliyev mənə zəng vurdu və çox təmkinlə dedi: – Həsən, sən burda yazırsan “Rayon nöm­rə 1”, “Rayon nömrə 2”. Bu nə deməkdir belə? Belə də rayon adı olar?

Demədim ki, bəs, şöbə müdirinin müavini mənə belə təklifi verib. İstəmə­dim vəziyyəti gərginləşdirim, əlavə int­riqalar olsun. Dedim ki, Heydər Əliyeviç, bu səlahiyyət sizindir, hansı adı istəyirsi­niz onu da verə bilərsiniz.

Dedi: –Sən düz deyirsən, qərar ver­mək səlahiyyəti bizimdir, ancaq təklif vermək səlahiyyəti sənindir. Sən təklifini ver, biz baxaq. De görüm, sən nə ad fi­kirləşmisən?

Bu sözün deyiliş tonu, Heydər Əliyevin siyasi xəttinə, onun içindəki Vətən təəssübkeşliyinə yaxından bələd olma­ğım məni cəsarətləndirdi.

Dedim: − Biri Nizami adına rayon”.

Dedi: − Lap yaxşı. Bəs ikincisi?

Dedim: − İkincisi də Yeni Gəncə.

Dedi: − Necə yəni Yeni Gəncə?

Dedim: − Yeni Gəncə də.

Axı nə deməkdir, Yeni Gəncə − deyə, soruşdu.

Mən isə dedim ki, Heydər Əliyeviç, yadınızdadır, Siz bura gələndə yeni sal­dığımız parka baxdınız. Onun yanında bir yaşayış sahəsi var. Oranın adı indi Yeni Gəncədir.

Dedi: − Bəs rayonun adı niyə Yeni Gəncə olmalıdır?

Bu məqamda elə düşündüm ki, onun Gəncə sözünə etirazı var. Çünki həmin illərdə Gəncə sözünü dilə gətirmək belə, sanki, Sovet hakimiyyətini inkar etmək demək idi. Yəni sən Gəncə deyirsənsə, deməli “yoldaş Kirova” hörmətsizlik edir­sən. Bir müddət o soruşdu, mən cavab verdim. Baxdım yavaş-yavaş içimdə həyəcan qalxır. Düşündüm, indi deyəcək ki, Həsən ağ eləmə, nə Gəncə? Axırda qayıtdı ki, Həsən, mən bilmək istəyirəm ki, bu “yeni” sözü nədir axı? Dedim: − Heydər Əliyeviç, bunu bayaqdan deyin, az qalmışdı infarkt olam. Elə bildim Siz Gəncə sözünə irad bildirirsiniz. Heydər Əliyev gülümsəyərək dedi: − Yox, Gəncə adı kifayətdir, ona nəsə əlavə etməyə ehtiyac yoxdur.

Bu söhbətdən sonra, Heydər Əliyevin qərarı ilə rayona Gəncə adı verildi. Belə­liklə, gəncəlilərin, təxminən, yarım əsrlik Gəncə sözünə olan həsrətləri aradan gö­türüldü. Sovet hakimiyyətinin qərarı ilə, 1934-cü ildə şəhərin adından götürülən Gəncə adı, elə Sovet dövründə 1980-ci ildə şəhərin bir hissəsinə qaytarıldı və qanunla təsdiqləndi. Üfüqdə yeni dövrün əlamətləri görünməyə başladı”.

“Həsən, Qromıkonun oğlu ilə ehtiyatlı davran…”

**

“…1981-ci ildə xəbər gəldi ki, SSRİ Xarici İşlər naziri, Sov. İKP MK Siyasi Bürosunun üzvü Andrey Qromıkonun oğlu Anatoli Qromıko Bakıya gəlməyə hazırlaşır. O, SSRİ Elmlər Akademiyasının Afrika Tədqiqatları İnstitutunun direktoru vəzifəsində çalışırdı. Onun gəlişinin məqsədi Azərbaycanla tanış olmaq idi. Bunun proqramını Heydər Əliyevlə razılaşdıranda mənə dedi ki, bununla gəzəndə və danışanda nəzərə al ki, o gördüklərinin və eşitdiklərinin hamısını atasına söyləyəcək. Atası da Siyasi Büronun başqa üzvlərinə bildirəcək.

Başa düşdüm ki, özfəaliyyətə yol vermək olmaz və cəhd edib soruşdum: – Bəlkə, mən, elə atasına aid məsələ qaldırım?

Heydər Əliyev gülümsəyərək soruşdu: – Yəni sən dünya siyasətinə düzəliş etmək istəyirsən?

Mən də gülümsəyərək cavab ver­dim: – Yox, Heydər Əliyeviç, oralarla mənim işim yoxdur. – Sonra əlavə etdim, – Bəlkə deyim, niyə Ermənistana xarici ermənilərlə geniş əlaqə yaratmağa hərtərəfli şərait yaradılır, imkan verilir, bizə isə yox?

Heydər Əliyev dərhal reaksiya verərək dedi: – Soruş, amma nəsə sərt cavab versə və yaxud cavabından razı qalmasan, mübahisə etmə.

Anatoli Qromıko mənə çox ünsiyyətcil şəxs təsiri bağışladı. Özü də səmimiyyətlə davranırdı, ölkədə olan vəziyyətdən də söhbət salırdı. Buna baxmayaraq, mən danışığımda və verdiyim suallarda çox ehtiyatlı idim. Amma fürsət tapıb sual verdim ki, ermənilərin və azərbaycanlıların ikisinin də sovet xalqı olduqları halda, nə üçün onların diaspor ilə əlaqələrində belə böyük fərq var. Bunları deyərkən mən daxildən çox həyəcanlı idim, o isə heç bir həyəcan keçirmədən və gözlənil­mədən mənə cavab verdi: “Darıxmayın, zaman çatıb, ola bilər ki, sizin nəsil, artıq sərhədlərin sərbəstləşməsini görəcək və xaricdə yaşayan həmyerlilərinizlə doyunca görüşüb ünsiyyətdə olacaqsınız”. Mən cavabdan təəccübləndim və mövzunu dəyişdim. Bu məlumatı olduğu kimi, Heydər Əliyevə söylədim. Heydər Əliyev məndən soruşdu: – Bəlkə o sənin reaksiyanı gözləyirdi?

Dedim: – Mən heç bir reaksiya vermədim.

Gülümsəyərək soruşdu: – Niyə reaksiya vermədin?

Dedim: – Çünki onun cavabı çox gözlənilməz oldu.

Heydər Əliyev bir anlıq fikrə daldı, sonra dedi: – Yəqin atası ilə söhbətlərindən belə nəticəyə gəlib.

Çünki 1981-1982-ci illərdə artıq dün­yada ciddi dəyişikliklər olacağı haqda fikirlər dolaşırdı…”

 

Azpost.info

Əvvəlki məqalə

Mədəniyyət sahəsində Dövlət proqramı hazırlanacaq

Sonrakı məqalə

Malatyadakı zəlzələdə 2 nəfər ölüb