Wi-Fi siqnallarından istifadə etməklə insanların üzünü, telefonunu və ya başqa cihazını görmədən onları tanımaq mümkün ola bilər. Araşdırmaçılar insanın smartfon, noutbuk, ağıllı saat və ya şəbəkəyə qoşulmuş hər hansı cihazı yanında olmadan belə, Wi-Fi siqnalları vasitəsilə şəxsiyyətini müəyyənləşdirməyə imkan verən texnologiya nümayiş etdiriblər.
Araşdırma adi Wi-Fi şəbəkələrinin potensial olaraq insanları izləmək və tanımaq üçün istifadə edilə biləcəyini göstərir.
C14 məlumatına görə, metod Wi-Fi cihazları ilə marşrutlaşdırıcılar arasında ötürülən radio siqnallarının təhlilinə əsaslanır. Söhbət şüaformalaşdırma zamanı yaranan əks əlaqə məlumatlarından gedir. Bu məlumatlar müəyyən hallarda şifrələnmədən ötürülə bilər.
Wi-Fi insanın “radio təsvirini” yaradır
İnsan Wi-Fi şəbəkəsinin əhatə dairəsinə daxil olduqda onun bədəni radio dalğalarının yayılmasına təsir göstərir. Sistem bu dəyişiklikləri təhlil edərək insanın bir növ “radio təsvirini” yarada və həmin şəxsə xas xüsusiyyətlər əsasında onu sonradan yenidən tanıya bilər.
Texnologiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, insanın özünün Wi-Fi şəbəkəsinə qoşulmasına ehtiyac yoxdur. Lazımi məlumatları əldə etmək üçün marşrutlaşdırıcı ilə ona qanuni şəkildə qoşulmuş digər cihazlar arasındakı adi rabitədən istifadə oluna bilər.
Bu isə o deməkdir ki, evlərdə, ofislərdə, mağazalarda və kafelərdə fəaliyyət göstərən Wi-Fi şəbəkələri potensial informasiya mənbəyinə çevrilə bilər.
Tədqiqatçı Julien Todt bildirib ki, bir insan müntəzəm olaraq eyni Wi-Fi şəbəkəsinin əhatə dairəsində yerləşən obyektin yanından keçirsə, nəzəri baxımdan həmin şəxs aşkar edilə və sonradan xəbəri olmadan tanına bilər.
197 nəfər üzərində sınaq keçirilib
Alimlər texnologiyanın effektivliyini 197 nəfərin iştirakı ilə keçirilən eksperimentdə yoxlayıblar. Təqdim olunan nəticələrə görə, sistem iştirakçıları 100 faizə yaxın dəqiqliklə tanıya bilib.
Yeni texnologiya şəxsi məlumatların və məxfiliyin qorunması ilə bağlı ciddi suallar yaradır. Bu üsul geniş tətbiq olunarsa, mövcud Wi-Fi infrastrukturu gələcəkdə təkcə məlumat ötürmək üçün deyil, həm də insanların hərəkətini gizli şəkildə izləmək məqsədilə istifadə oluna bilər.
Karlsrue Texnologiya İnstitutunun professoru Torsten Ştrüpe bu cür sistemlərin inkişafının məxfiliyin qorunması mexanizmləri ilə müşayiət olunmasının vacibliyini vurğulayıb. Tədqiqatçılar gələcək Wi-Fi standartları hazırlanarkən bu risklərin nəzərə alınmasına çağırıblar.
N.Talıblı