“Wolt” kuryer şirkəti haqsız rəqabət aparmaqda ittiham olunur –

İqtisadiyyat Nazirliyi araşdırmalara başlayıb
22 Aprel 2021 - 10:27

“VOLT AZƏRBAYCAN” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, COVID-19 pandemiyası şəraitində müəyyən xidmət sahələrinə, o cümlədən çatdırılma (kuryer) xidmətlərinə tələbat artdığından, bu sahədə yeni bazar subyektləri fəaliyyətə başlayıb və rəqabət daha da artıb.

Artan tələbatı nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən çatdırılma (kuryer) xidmətləri bazarında sağlam rəqabət şəraitinin qorunması üçün həmin sahəyə nəzarəti daha da artırılıb.

Araşdırmalar zamanı çatdırılma xidmətləri bazarında rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına təsir göstərməklə haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib.

Bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “VOLT AZƏRBAYCAN” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılmasının nəticəsi olaraq müvafiq qərar qəbul edildikdən sonra bu barədə ictimayətə əlavə məlumat verilcəkdir.

Rəqabətin pozulması və haqsız rəqabət halları ilə rastlaşan sahibkarlar 498-15-01, 498-15-04 nömrəli telefonlar vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər.