“Bu erməniləri ADP-yə üzv qəbul etməyə hazırıq” –SƏRDAR CƏLALOĞLU /MÜSAHİBƏ

 Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azpost.info-ya müsahibə verib.

Müsahibəni oxuculara təqdim edirik:

 

-Bir vətəndaş və partiya sədri olaraq, Azərbaycanın Qarabağın tamamında suverenliyini qısa zamanda bərpa edəcəyini gözləyirdinizmi?

– Belə qısa müddətdə yox, amma 2025-ci ilədək Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edəcəyini, Xankəndi də daxil olmaqla, Qarabağın tamamında suverenliyini bərpa edəcəyini gözləyirdim. Arxayın idim ki, 2025-ci ilədək məsələ tam həllini tapacaq. Amma Qarabağdakı separatçılar polislərimizə qarşı terror törətdilər. Bu, Azərbaycan Ordusunun antiterror tədbirlərinə başlaması üçün qığılcım oldu. Bütövlükdə, inandırıcı idi ki, Azərbaycan ərazilərinin tamında suverenliyini bərqərar edəcək. 44 günlük Vətən müharibəsi, Azərbaycan Ordusunun gücü, qüdrəti bizim buna inamımızı tam təmin etmişdi.

Hadisənin özünə isə qiymətim belədir ki, 200 illik problem kökündən həll olundu. Bu günlər Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir. Ağaməhəmməd şah Qacardan sonra Prezident İlham Əliyev Azərbaycan tarixinə öz adını yazdırmış oldu. Yanlışlıqlara, səhvlərə baxmayaraq, tarixdə Azərbaycan ərazilərini işğaldan qurtaran, Qarabağ problemini həll edən lider kimi qalacaq.

-Azərbaycan müstəqilliyi tarixinin siyasi prosesləri demək olar ki, Qarabağ münaqişəsinin başlaması ilə start götürdü. Müxalifətli, iqtidarlı –partiyaların siyasi xəttinin mərkəzində Qarabağ məsələsi dayanırdı. Bundan sonra müxalif qüvvələr siyasətində hansı dəyişiklikləri etməlidirlər, yaxud da ki, dəyişiklik olmalıdırmı?

-Azərbaycan elə bir strateji, qlobal məsələlərin kəsişdiyi coğrafiyada yerləşir ki, ətrafımızda siyasi oyunlar davam edəcək. Birincisi, Qərbi Azərbaycan məsələsi var, ikincisi, Cənubi Azərbaycan məsələsi var. Digər yandan Dərbənd məsələmiz var. Azərbaycanın məsələsi bir, yaxud iki deyil ki… Qarabağ problemi ən yaxın və bir qədər də həlli olan məsələ idi. Amma Azərbaycanın birləşdirilməsi kimi, qlobal məsələmiz var ki, biz bunu gələcəkdə həll etməliyik. Bu məsələnin gündəmdə qalması, həlli istiqamətində siyasətimiz davamlı olmalıdır. Eyni zamanda, Qərbi Azərbaycana soydaşlarımızın qayıtması, lazım gələrsə, o ərazilərin – itirilmiş ərazilərimizin qaytarılması  məsələmiz var. Mənə elə gəlir ki, xarici siyasətimizdə, dövlətçilik siyasətimizdə strateji hədəflərimiz çoxdur.

Bununla yanaşı, daxili siyasətimizdə də çox ciddi problemlərimiz mövcuddur. Bunların həlli istiqamətində də siyasi partiyalar fəaliyytlərini davam etdirməli, daha da aktiv olmalıdırlar.

-Hazırda Qarabağın erməni sakinlərinin reinteqrasiya məsələləri gündəmdədir, müzakirələr gedir, rəsmi Bakının reinteqrasiya təklifləri var. Bunları necə qiymətləndirirsiniz?

-Rəsmi Bakının reinteqrasiya ilə bağlı apardığı siyasəti alqışlayıram. Baxın, hətta heç bir beynəlxalq təşkilat Azərbaycana irad tuta bilmir. Amma burada bəzi məsələlər var ki, Azərbaycan ehtiyatlı olmalıdır. Bu da Qarabağda ermənilərin kompakt yaşaması, ermənilərin idarəçilikdə olması məsələləridir. Məsələn, yaxşı olar ki, Azərbaycanın hər hansı rayonuna erməni millətindən biri rəhbər təyin edilsin, amma Qarabağdakı rayonlara, şəhərlərə rəhbər mütləq azərbaycanlı təyin edilməlidir. Bundan başqa, Qarabağın ermənilər yaşayan hissəsində də təhsil-tədris Azərbaycan dilində getməlidir. Danışıq dili kimi erməni dilindən istifadə edə bilərlər. Amma bütünlükdə təhsil, yazışmalar Azərbaycan dilində olmalıdır. Nə erməni qrafikası ilə yazıla bilər, nə də erməni dilində tədris ola bilər.

-Bakının reinteqrasiya şərtlərində erməni dili məsələsinə yer verilir…

-Danışıq dili kimi erməni dilində danışmalarına icazə verilə bilər. Lakin erməni dilinin rəsmi dil kimi istifadəsinə qəti imkan vermək olmaz. Çünki separatizmin inkişafında ermənilər dilləri və qrafikalarından istifadə edirlər.

-Məsələn, Bakının reinteqrasiya şərtlərindəki bəndlərdən birində də erməni sakinlərin daxili işlər orqanlarında işə cəlb edilə biləcəyi qeydi var. Axı daxili işlər orqanı güc strukturudursa, ermənilərin bu strukturda işləməsi nə qədər mümkündür?

-Bunlar gələcək perspektiv üçün nəzərdə tutulan məsələlərdir. Yaxın gələcəkdə erməninin daxili işlər orqanlarında işləməsi mümkünsüz görünür. Hələ bunlar vətəndaşlıq almalıdırlar, inteqrasiya olunmalıdırlar. Demək olar ki, bu gün Azərbaycana və azərbaycanlılara qarşı düşmənçilik etməyən erməni yoxdur. Ola bilsin ki, gələcək nəsillər arasından elə şəxslər olacaq ki, onların dövlət idarəçiliyində, dövlət orqanlarında fəaliyyətinə imkan vermək olar. Mənə elə gəlir ki, yaxın 10-15 ildə onları dövlət orqanlarında fəaliyyətdən kənarda saxlamaq lazımdır.

Reinteqrasiya şərtlərində vergidə, gömrükdə güzəştlər də nəzərdə tutulduğu bildirilir. Bunu necə dəyərləndirmək olar?

-Bilirsiniz, Azərbaycan reinteqrasiya aparmaqda maraqlı olduğunu göstərir. Bu, beynəlxalq ictimaiyyətə Bakının mesajıdır ki, Azərbaycan milli, dini, irqi ayrıseçkilik siyasəti aparmır, bütün vətəndaşlar kimi cinayət törətməmiş ernmənilər də hüquqlarından istifadə edəcəklər. Onların müəyyən çətinlikləri olarsa, güzəştlər, köməklər ediləcək. Amma eyni zamanda, hüququn aliliyi var, kimsə cinayət törədibsə, erməni, yaxud başqa millətdən olsun, qanuna uyğun şəkildə cəzalandırılacaq.

-Artıq Azərbaycan vətəndaşlığı üçün müraciət edən ermənilərin olduğu rəsmi şəkildə açıqlanıb. Bu proses necə gedəcək, onların sayları arta bilərmi?

-Müraciət ediblər, lap yaxşı. Müraciətlərə baxılacaq, lazımi qərar veriləcək. Mənə elə gəlir ki, ya vətəndaşlığı qəbul edib yaşayacaqlar, ya da oranı tərk edəcəklər, başqa variantları yoxdur. Orada qalan ermənilər o ermənilərdir ki, onların köçmək üçün maşınları yoxdur, yaxud fiziki imkanları yoxdur, getməklərə yerləri yoxdur və s. Onlar Qarabağın tör-töküntü erməniləridir ki, qalıblar. Mən inanmıram ki, Ermənistanda evi-eşiyi olan, imkanı olan, xaricdə qohumları olan ermənilər Qarabağda qalsınlar. Onlar mənəvi cəhətdən də azərbaycanlılarla birgə yaşamaq haqqında deyillər.

-Sizcə, Qarabağı tərk edən ermənilərdən geri qayıdan olacaqmı?

-Böyük əksəriyyəti yəqin ki, qayıtmayacaq. Çünki onları Fransa, Rusiya, ABŞ dəvət edir, müəyyən həvəsləndirici təkliflər verir. Bunda məqsəd də Azərbaycana təzyiq aləti kimi gəkləcəkdə istifadə etməkdir. Çox güman ki, Qarabağdan köçən ermənilər orda-burda yerləşdiriləcəklərsinlər. Ermənilər də yüksək həyat perspektivini qoyub yenidən Qarabağa qayıtmaqda maraqlı olmayacaqlar. Ermənilərin belə bir prinsipi var: “həyat harada yaxşıdırsa, vətən oradır”. Qarabağdan gedən ermənilərin böyük əksəriyyəti də bu prinsiplərlə yaşayırlar.

-Onların Xankəndidə, digər şəhərlərdə evləri, mülkləri olub. Sizcə, əmlak məsələləri necə həllini tapmalıdır?

-Əgər könüllü gediblərsə, bizimlə əmlak davası edə bilməzlər. Məcburi şəkildə çıxarılsaydılar, o zaman kompensasiya tələb edə bilərdilər. Amma Azərbaycan etnik təmizləmə aparmayıb, onları Qarabağdan zorla çıxarmayıb ki, əmlak davası aparsınlar, kompensasiya istəsinlər. Əksinə, Azərbaycan vətəndaşlığı qəbul edən hər bir erməninin hüquq və təhklükəsizliyinin qorunacağına söz verir, əmlakının toxunulmaz olduğunu bəyan edir. Qarabağdan köçənlər könüllü şəkildə köçüblər, bunu sübut edən videofaktlar da yüzlərlərdir. Azərbaycan qalmalarını təklif etdi, rəsmi şəkildə çağırış etdi ki, qalsınlar. Onlar qalmırlarsa, könüllü gedirlərsə, onları zorla saxlamaq kimi öhdəliyimiz yoxdur ki…

Amma müəyyən dairələrdən Azərbaycana qarşı “etnik təmizləmə” ittihamları səslənir…

-Mənasız ittihamlardır. BMT də, ABŞ da inkar etdi ki, Qarabağda etnik təmizləmədən söhbət gedə bilməz. Heç bir erməninin burnu belə qanamayıb, ermənilərin əmlakına ziyan dəyməyib, könüllü şəkildə bölgəni tərk ediblər. Ona görə də heç kəs Azərbaycanı etnik təmizləmədə ittiham edə bilməz.

Azərbaycan vətəndaşlığını qəbul etmiş bir Qarabağ ermənisi müraciət etsə ki, sizin partiyaya üzv olmaq istəyir, buna reaksiyanız necə olar?

-İndiki nəsil ermənilərdən kiminsə siyasi partiyalara üzvlüyə qəbulu düzgün olmaz. Amma gələcəkdə yeni nəsil ermənilərdən – Azərbaycan təhsil sistemində yetişmiş, Azərbaycan tərbiyəsi almış və Azərbaycan tarixini doğru-düzgün mənimsəmiş, xəstə erməni ideologiyasının təsiri altında olmayan istənilən ermənini partiyamıza üzv qəbul etməyə hazırıq.

-Qarabağdakı Rusiya sülhməramlılarının bundan sonrakı taleyini necə görürsünüz?

-Sülhməramlılar Qarabağ tam azad olunan gündən sonra qeyri-qanuni şəkildə ərazilərimizdədirlər. Bu gün onların Qarabağda heç bir statusu yoxdur. Sülhməramlı deyilən kontingent işğalçı qoşunun tərkib hissəsidir və dərhal ərazilərimizdən çıxmalıdırlar. Rusiya hərbçilərinin Qarabağdakı varlığı Azərbaycan suverenliyinin məhdudlaşdırılması deməkdir.

– Demək istəyirsiniz ki, sülhməramlılar 2025-ci ildən əvvəl Qarabağı tərk etməlidirlər?

-Təbii ki. Nəinki 2025-ci ildən əvvəl, indi, dərhal çıxmalıdırlar. İndiki situasiyada rus hərbçilərinin Qarabağda qalmasına heç bir səbəb yoxdur. Əvvəl nəzərdə tutulmuşdu ki, ermənilər Qarabağda yaşayacaqlar, bunlar onları qoruyacaqlar və s. İndi Qarabağ erməniləri bölgəni kütləvi şəkildə tərk ediblər, az miqdarda erməni qalıb ki, onlar da ya vətəndaşlığı qəbul edəcəklər, ya da gedəcəklər. Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə bütün əlaqələri kəsmək siyasəti aparır, 10 noyabrda imzalanan Üçtərəfli Birgə Bəyanat qüvvədən düşüb. Bu sənədin siyasi əhəmiyyəti qalmayıb. Belə olan halda sülhməramlıların Qarabağdakı varlığı qanunsuzdur. Ümumiyyətlə, bu günədək Azərbaycan hökuməti Rusiya sülhməramlılarının bölgədəki statusunu tanımır.

-Sülhməramlıları çıxarmaq asandırmı?

-Çox asandır. Necə olur ki, Ermənistan hər zaman vassallıq etdiyi Rusiyaya indi buynuz göstərə bilir? Hansı ki, bu günədək Rusiya Ermənistanı himayə edib, qoruyub. Azərbaycana qarşı hər zaman düşmənçilik edən Rusiyanın hərbçilərini Qarabağdan çıxarmaq bizim üçün niyə çətin olmalıdır ki?!

Bu halda Rusiyanın Azərbaycana təzyiqləri real görünmür?

-Fərqi yoxdur, təzyiq edəcək, ya etməyəcək. Azadlıq belədir, qurban tələb edir. Təzyiq edəcək, biz də mübarizə aparacağıq, lazım olan addımları atacağıq. Amma düşünmürəm ki, elə də təzyiq olsun. Azərbaycan qəti mövqeyini ortaya qoyduqdan sonra ruslar Qarabağdan çıxacaqlar.

Bütün baş verənlərdən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması perspektivini necə görürsünüz?

-Bu gün sülh sazişinin imzalanmasına əngəl olacaq heç bir səbəb qalmayıb. Sadəcə subyektiv amillər qalıb ki, bunlar müqavilənin imzalanmasını ləngidir. Məsələn, Prezident İlham Əliyev Qranadaya səfərdən, Paşinyanla dördtərəfli görüşdən imtina etdi. Çünki Ermənistana havadarlıq, Azərbaycana düşmənçilik edən Fransanın lideri masadadır, amma Azərbaycanın dostu Türkiyənin masada oturması tələbini rədd edirlər. Belə çıxır ki, yenə də Azərbaycanı təkləmək, milli maraqlarımıza zidd olan hansısa prosesləri başlatmaq istəyirlər. Bu amillər də sülh sazişinin imzalanmasına mane olur. Obyektiv baxanda isə sülh sazişinin imzalanmasına mane olan məqam yoxdur. 200 ildir yaşanan problem aradan qalxıb. Düşmənçiliyə son qoymaq istəyiriksə, gələcəyə baxmaq istəyiriksə, sülh sazişi imzalanmalıdır.

-Bakı düşmənçiliyə son qoymaqda, sülhdə maraqlıdır, amma İrəvan yox…

-Ermənistan cəmiyyətinin əksəriyyəti sülhdə maraqlıdır. Sülhə qarşı olanlar Rusiyanın təsir dairəsində olanlardır. Bəllidir ki, Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil.

Mənə elə gəlir ki, sülh sazişinin imzalanması prosesi o qədər də uzun çəkməyəcək. Bu gün ABŞ-ın Ermənistana ciddi təsirləri var. Vaşinqton isə prosesin başa çatmasında maraqlı görünür. Azərbaycanın şərtləri qəbul edildikdən, Türkiyənin də prosesdə iştirakı təmin olunduqdan sonra sülh sazişinin imzalanmaması üçün bəhanə qalmır. Ümumiyyətlə, sülh sazişinin imzalanmasının gecikməsinin Azərbaycana o qədər də təsiri yoxdur. Azərbaycan ərazilərinin tamında suverenliyini bərpa edib, məsələ bitib. Sülh sazişi bizdən çox Ermənistana lazımdır. Müqavilə olmasa bir qədər kommunikasiyalar baxımından məhdudiyyətlər qalacaq. Bunun da mənfi təsirləri Ermənistan üçün daha çoxdur.

Anar ABDULLA

 

 

Əvvəlki məqalə

Ədəbiyyat üzrə Nobel mükafatı norveçli dramaturqa verildi

Sonrakı məqalə

Müharibə başlayandan Rusiyanın 92 təyyarəsi məhv edilib