Qarabağ tarixən Azərbaycanın inkişaf etmiş bölgələrindən biri olub. Bu ərazilərin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalması ilə barışa bilməyən Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi ədaləti ‒ ərazi bütövlüyünü bərpa etdi. Şanlı Qələbənin əldə edilməsində birlik və həmrəylik göstərən xalqımız artıq öz Vətəninə, doğma Qarabağa bu torpaqlarda əbədi yaşamaq üçün qayıdır.
Bu fikirlər Prezident İlham Əliyevin 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı builki sərginin işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, milli iqtisadiyyata sürətli inteqrasiyası və dayanıqlı inkişafı, habelə bu istiqamətdə faydalı işgüzar əlaqələrin qurulması baxımından önəmini vurğulayıb. Qeyd edib ki, postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, burada dayanıqlı məskunlaşma, habelə bölgənin yenidən ölkəmizin inkişaf etmiş guşəsinə çevrilməsi qarşıda duran ən mühüm məqsədlərdəndir.
Məktubda daha sonra deyilir: “Azərbaycan bütün gücünü bu ali məqsədin uğurla reallaşdırılmasına yönəldibdir. İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz yaşayışın təmini, şəhər, qəsəbə və kəndlərin tikintisi, strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, yerli və xarici dəyər zəncirlərinə inteqrasiya, habelə ətraf mühitin bərpası istiqamətində qabaqcıl nümunələr yaradılır. Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması isə regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək. Bir sözlə, işğaldan azad edilmiş ərazilər sürətli şəkildə bərpa olunur, Böyük Qayıdışla bağlı hədəflərimiz uğurla reallaşdırılır”.