“Hazırda xarici ölkələrdə dini təhsil alan azərbaycanlıların sayı 400 nəfərdən çox deyil”.
Azpost.info-nun məlumatına görə, bunu oxu.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
“Amma bu, təxmini rəqəmlərdir. Hazırda dəqiqləşdirmələr aparılır. Onların arasında İranda dini təhsil alanlar çoxluq təşkil edir. Amma İraq, Misir, Səudiyyə Ərəbistanı və Türkiyədə də dini təhsil alan azərbaycanlılar var”.
G.İsmayılov onu da vurğulayıb ki, xaricdə dini təhsil alan azərbaycanlılar arasında qızların sayı çox azdır.
“Bizim müşahidə və təhlillərimizə əsasən, xaricdə dini təhsil alan azərbaycanlıların sayı ilbəil azalır. Bunun əsas səbəbi ölkədə dini təhsil sahəsində ciddi və uğurlu tədbirlərin həyata keçirilməsi ilə bağlıdır”-deyə Komitə rəsmisi vurğulayıb.
O xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması dini təhsil sahəsində dönüş nöqtəsi oldu.
“Artıq normal və ödənişsiz dini təhsil almaq üçün xaricə getməyə ehtiyac yoxdur. Bu baxımdan, zaman keçdikcə xaricdə dini təhsil alanların sayı daha da azalacaq”, – deyə G.İsmayılov əlavə edib.