“Xarici ezamiyyətlər üçün Tarix institutuna 50 min manat ayrılıb” –Direktor Kərim Şükürov

“2023-cü il büdcəsi üzrə xarici ezamiyyətlər üçün Tarix institutuna 50 min manat, daxili ezamiyyətlər üçün 10 min manat vəsait ayrılıb. Xarici ölkələrə ezamiyyət zamanı əməkdaşların, əsasən, kitabxana və arxivlərdə işləməsinə, Azərbaycan tarixinə dair elmi dövriyyəyə yeni sənəd və materiallar gətirilməsinə üstünlük verilir”.
Azpost.info bildirir ki, bu barədə AMEA Tarix İnstitunun direktoru Kərim Şükürov Meta-da bildirib.
Onun sözlərinə görə, AMEA-nın elmi-tədqiqat institutlarında, o cümlədən Tarix institutunda əməkdaşların elmi ezamiyyətləri mühüm yer tutur. Elmi ezamiyyətlərin maliyyə təminatı institutun xərclər smetası (büdcəsi) vasitəsilə həyata keçirilir.
Hazırda institutun Qədim dövr tarixi şöbəsinin böyük elmi işçisi Ramin Əlizadə Ankara universiteti Dil, Tarix, Coğrafiya fakültəsinin Qədim dillər bölümünün nəzdində olan kitabxana və arxiv fondlarından istifadə etmək məqsədi ilə Türkiyə Cümhuriyyətinin Ankara şəhərinə ezamiyyətə (21 may-1 iyun 2023-cü il) göndərilib.
İnstitutun icraçı direktoru, tarix elmləri doktoru İlqar Niftəliyev Daşkənd şəhərinə elmi ezamiyyətə (21-25 may 2023-cü il) gedib. Bu ezamiyyətin maliyyə xərcləri dəvət edən tərəfindən ödənilib.
İnstitutun şöbə müdiri akademik Nərgiz Axundova, şöbə müdiri tarix elmləri doktoru Tofiq Nəcəfli və tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi, dosent Sahibə Budaqova 1-ci Uluslararası İpək Yolu Konqresində məruzələr ilə çıxış etmək məqsədi ilə Naxçıvan şəhərinə (25-28 may 2023-cü il) ezam olunacaq.
İnstitutun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov və həmin şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov azərbaycanlıların Ermənistandan deportasiyasının tarixinə dair sənəd və materiallar toplanması və nəşrə hazırlanması üçün Moskva şəhərinə elmi ezamiyyətə (15-20 iyun 2023-cü il) göndəriləcək.
AMEA Rəyasət Heyətinin qərarına uyğun olaraq institutların 2023-cü ilin elmi ezamiyyət planında gənc alimlərə də yer ayrılması nəzərdə tutulur. Tarix institutu üzrə Gənc Alimlər və Mütəxəssislər Şurasının tövsiyəsi ilə Qədim dövr tarixi şöbəsinin kiçik elmi işçisi Selcan Həşimovanın elmi ezamiyyətə göndəriləcək.
Əvvəlki məqalə

Çinin çip istehsalçıları Rusiya üçün qiymətlərini 3 dəfə artırıblar

Sonrakı məqalə

Azərbaycanın pambıq ixracından gəliri nə üçün 55 faiz azalıb?