Xarici ölkələrdə tərtib edilmiş sənədlərin notariuslarda qəbul edilməsi qaydası dəyişir

Notariusların xarici ölkələrdə tərtib edilmiş sənədləri qəbul etmələri ilə bağlı məsələlər (apostil, leqallaşdırma) təkmilləşdirilir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Notariat haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna əsasən, xarici hakimiyyət orqanlarının iştirakı ilə xaricdə tərtib edilmiş və ya onların göndərdiyi sənədləri notariuslar bu şərtlə qəbul edirlər ki, həmin sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında leqallaşdırılmış olsun. Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və sazişlərdə nəzərdə tutulduğu hallarda notariuslar bu cür sənədləri leqallaşdırılmadan qəbul edirlər.

Layihəyə əsasən, notariuslar artıq “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya” ilə müəyyən edilmiş hallarda xarici rəsmi sənədə kağız və elektron formada həmin Konvensiya ilə nəzərdə tutulan şəhadətnamə (apostil) verildikdə də xarici ölkələrdə tərtib edilmiş sənədləri qəbul edəcəklər.

Bu zaman elektron formada verilmiş şəhadətnamə (apostil) “Notariat haqqında” qanunda nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq yoxlanıldıqdan sonra qəbul ediləcək.

Əvvəlki məqalə

Almaniya əcnəbilər üçün iş imkanları açır 

Sonrakı məqalə

Hirkan Milli Parkında yanğın söndürülüb