“Xilasedici”nin biabırçı gedişi –12 ildən sonra Ağ Evə qaytarılan Bolton özünü kim hesab edirmiş? (TƏHLİL)

Uğurlu sahibkar qaydalarından biri belə səslənir: “Qova bilməyəcəyin şəxsi işə götürmək olmaz”.  Sentyabrın 10-u Donald Tramp (Donald Trump) özünəməxsus tərzdə – qəfil və “Twitter” vasitəsilə məhz belə bir adama daha onun xidmətlərinə ehtiyacı olmadığını yazıb.

Bu barədə Yaxın Şərq üzrə ixtisaslaşmış rusiyalı ekspert Maksim Suçkov “RBC” agentliyində yazır.

“2000-ci illərdə Bolton (John Bolton) Respublikaçılar Partiyasının ABŞ-ın beynəlxalq məsələlərdə güc dominantlığını müəyyənləşdirməyə yönəlmiş ideallaşdırılmış qanadının –neo-mühafizəkarların (Dik Çeyni/ Dick Cheney, Donald Ramsfeld/ Donald Henry Rumsfeld, Pol Vulfoviç/ Paul Wolfowitz) “arzu komandası”nın (dream team) bir hissəsi olub. Bu komandanın güclü aparatı, lobbi və maliyyə resursu olub. Neo-mühafizəkarlar hesab edirdilər ki, nisbətən zəif, onların təsiri altında olan prezident və respublikaçı konqresin köməyi ilə istənilən xarici siyasi eksperimentə yol verə və bu zaman nəticələr haqqında düşünməyə bilərlər. Nəticə etibarilə, onların yürütdüyü siyasət ölkə sakinlərinin çoxunda xoşagəlməz hiss yaradıb, artıq 2000-ci illərin ortalarında ABŞ-ı çıxılmaz vəziyyətə salıb və “Pax Americana” eroziyasının başlamasına səbəb olub. Lakin bütün bunlar yalnız sonradan məlum olub”, – məqalədə deyilir.

Bolton Buşun (George Bush) komandasını 2006-cı ildə tərk edib. 12 ildən sonra başqa respublikaçı administrasiyaya geri qayıdıb. Ötən ilin mart ayında prezident Tramp onu milli təhlükəsizlik məsələləri üzrə müşavir təyin edib. Qeyd edək ki, Bolton bu postda üç il ərzində dəyişilən sayca üçüncü müşavir olub. Taleyinin ironiyasından, “Amerikanı yenidən qüdrətli etmək”, Əfqanıstan problemini həll etmək, Rusiya və İran “təhlükələri”nə müqavimət göstərmək bu “təhlükələrin” meydana çıxmasında əli olan şəxsə tapşırılıb. Boltonun özü isə elə düşünürdü ki, ABŞ-ı silaha nəzarət sazişlərinin məsuliyyətindən azad etmək, İranda ayətullah rejimini sıxışdırmaq, Əfqanıstanda terrorçuları məhv etmək, Şimali Koreya, Suriya və Venesuelada diktatorları devirmək, Qərbi Avropadakı müttəfiqləri özlərinə gətirmək, Şərqi Avropadakı müttəfiqləri gücləndirmək, Moskvanın təcavüzkar coşğusunu sakitləşdirmək və Pekinlə mübarizə aparmaq məqsədilə kompleks infrastruktur yerləşdirmək kimi 2000-ci ildə başlatdığı işləri  tamamlamaq üçün geri qayıdıb.

Lakin artıq ötən ilin noyabr ayında Boltonla Tramp arasından ilk qara pişik keçib. Boltonun Milli Təhlükəsizlik Şurasındakı müavini Mira Rikardel (Mira Radielovic Ricardel) birinci xanım Melania Trampla (Melania Trump) aralarında yaşanan münaqişədən sonra Ağ Evi tərk etmək məcburiyyətində qalıb. Amma ən ciddi fikirayrılıqları Şimali Koreya problemində üzə çıxıb. Tramp danışıqlar istəsə də, Bolton ultimatumlarda israr edib. Tramp Kim ilə görüş arzusunda olsa da, Bolton Şimali Koreya liderinin təcrid olunmasını məsləhət görüb. Nəticədə ABŞ və KXDR liderlərinin Sinqapurda baş tutan tarixi sammitindən sonra Tramp müşavirini uzağa – Monqolustana göndərib.

Məqalədə deyilir ki, İranla bağlı ziddiyyətlər daha böyük rezonans doğurub. Tramp Boltonun təsiri altında qəbul etdiyi, İran ərazisində obyektlərə zərbə endirmək qərarını ləğv edib. Müşavirin yerində hərbi düşüncəsi daha zəif bir şəxs olsaydı, bütün vəziyyəti əvvəldən ABŞ-ın imicinə daha az ziyan vuracaq şəkildə düz-qoş etmək olardı. İndi isə Amerikanın rəqibləri bilir ki, Tramp gücdən istifadə məsələsində lovğalanır, təhdidlərini reallaşdırmaqdan qorxur. Boltonun gedəcəyi bu ilin yazından, öz şərtləri daxilində getmək istədiyi isə bu ilin yayından bəlli idi.

Onun gedişi çətin ki, Tramp siyasətinin ümumi vektorunda dəyişiklik etsin. Siyasi ətalət, ənənəvi qrupların təsiri və ABŞ-ın beynəlxalq dominantlığını qoruyub saxlamaq istəyi çox güclüdür. Ancaq Amerika və dünyanın müasir siyasi tarixinin indiki yolla irəliləməyə başladığı faciəvi gündən 18 il sonra birqütblü əsrdə ABŞ-ın xarici siyasətinin ən xoşagəlməz tərəfinin simvoluna çevrilən şəxs siyasi səhnəni tərk edib. (Xpressa.net)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazir müavini fermerlərin yalanının üstünü açdı:

Sonrakı məqalə

“Fotoxronika”: Tahir Salahovun 50 il gizlədilmiş əsəri –