Xarici İşlər Nazirliyi Ermənistanın Kəlbəcər istiqamətində növbəti təxribatı barədə məlumat yayıb.
Bəyanatda bildirilib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub:
“Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik.
İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.
Allah Şəhidimizə rəhmət eləsin!”