XİN Ermənistanın Zəngilan istiqamətində törətdiyi təxribatla bağlı açıqlama yayıb

12 fevral tarixində Ermənistan Silahlı Qüvvələrinin növbəti hərbi təxribatı nəticəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Ermənistan tərəfinin bu təxribatı Azərbaycan-Ermənistan arasında sülh prosesinə ciddi zərbədir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 4-5 ay ərzində sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan edilən sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir.

Eyni zamanda, bu kimi təxribatın məhz Ermənistandakı Avropa İttifaqı Missiyasının müşahidə həyata keçirdiyi ərazidən baş verməsi bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradır.

Azərbaycana qarşı baş verən bu kimi təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.

Xatırladaq ki, Ermənistan bu gün Zəngilan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanıb.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Əvvəlki məqalə

Sobçakın holdinqinin kommersiya rəhbəri 7,5 il həbs cəzası aldı

Sonrakı məqalə

Argentina Prezidenti Roma Papasından üzr istəyib