“Azərbaycanda parlamentin formalaşması səlahiyyəti birmənalı şəkildə Azərbaycan vətəndaşlarına məxsusdur. Seçicilər kimlərin parlamentdə təmsil olunmasını istəsələr, onlara da səs verəcəklər və onlar da parlamentdə Azərbaycan xalqını təmsil edəcək”.
Azpost.info bildirir ki, bu sözləri YAP icra katibi, Baş nazirin müavini Əli Əhmədov Trend-ə müsahibəsində növbədənkənar seçkiləri şərh edərkən deyib.
Onun sözlərinə görə, seçilənlər gənc və ya orta yaşlı nəslin nümayəndəsi olacaq, bunu seçicilərin müstəsna səlahiyyəti müəyyənləşdirəcək: “Taktikamız ondan ibarətdir ki, imkan dərəcəsində gənc insanların namizədliyini irəli sürək. Yerdə qalan məsələni isə seçicilər müəyyən edəcəklər”.
Ə.Əhmədov deyib ki, Azərbaycan cəmiyyətində yeni, yüksək təhsilli, geniş dünyagörüşə malik və dərin vətənpərvərlik ruhunda tərbiyə almış gənc nəsil formalaşıb: “Bu gənc nəsil Azərbaycanın inkişafına öz töhfəsini verə bilər. Biz onların imkanlarından, potensialından istifadə etməliyik”.