YAP Milli Şuranın təşkil etdiyi icazəsiz aksiya ilə bağlı tədbir keçirib

Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov oktyabrın 19-da qanunsuz aksiyanın keçirilməsini pisləyib. 

Ə. Əhmədov deyib ki, mitinqin keçirilməsi cəhdi bir daha onu göstərir ki, ölkədə daxili sabitliyi pozmağa yönəlik müxalif partiyalar mövcuddur: “Bu, AXCP və Milli Şura deyilən, heç bir amalı olmayan təşkilatdır. Hakim partiya olaraq, hər hansı partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyilik. Amma nəyin bahasına olursa hakimiyyətə gəlmək ölkəni xaos və anarxiyaya sürükləyir. Bu, dünyanın heç yerində məqbul sayılmır. Bunun nəticəsi də ürəkaçan olmaz”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqın istəkləri ilə üst-üstə düşür: “Ölkəmizdə xalq-iqtidar birliyi möhkəm dayaqlara söykənir. Məhz belə bir birliyə xələl gətirmək məqsədilə ölkə daxilindəki radikal müxalifətin, xaricdə isə bir sıra qüvvələrin fəaliyyətini qanunsuz aksiyanın keçirilməsində müşahidə etdik”.

Komitə sədri təəssüflə qeyd edib ki, bir sıra Qərb təşkilatlarının, səfirliklərinin nümayəndələrinin qanunsuz toplantının keçirilməsi və prosesə müdaxiləsi ilə bağlı artıq təkzibolunmaz sübutlar var.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə bildirib ki, Azərbaycan dəfələrlə beynəlxalq təşkilatların ikili standartları ilə üzləşib: “Ən faciəlisi isə odur ki, bunu demokratiya, insan haqları, qanunun aliliyi pərdəsi ilə örtməyə cəhd edirlər”.

Tədbir daha sonra çıxışlarla davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa Şurasının Komissarı Milli Şuranın mitinqi ilə bağlı bəyanat verdi  

Sonrakı məqalə

Azərbaycanın 11 rayonunda su qıtlığı yaranıb