Yasamal rayonunda su borusu partlayıb, ərazidən keçən avtobusların hərəkətində gecikmələr yaşanıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Əsəd Əhmədov küçəsində su borusunun partlaması səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Hal-hazırda qeyd olunan marşrtlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Əsəd Əliyev küçəsində yüksək təzyiqli yeraltı xətt deşilərək 1,5-2 metr hündürlüyündə fontan vurub, küçəni su basıb. Nəticədə ərazidəki bir sıra obyektlərə ziyan dəyib.
Dərhal ərazidə xidmət aparan polis əməkdaşları məsələyə müdaxilə edib. Vətəndaşlara dəyən ziyanın qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Daha sonra polis əməkdaşları hadisə yerinə aidiyyəti dövlət qurumlarının cəlb olunması istiqamətində onları məlumatlandırıblar.
Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.