“YAŞAT” Fondu 970 şəhid ailəsinin 1310 üzvünün ehtiyaclarını ödəyib

“YAŞAT” Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlarına üz tutmaqla bərabər bu kateqoriyadan olan şəxslərin ehtiyaclarını qarşılamağa davam edirlər.

“ASAN xidmət”dən verilən məlumata görə, bu günə qədər 2594 şəhidin 11 minə yaxın ailə üzvü ilə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Şəhid ailələrinin ehtiyacları ilə bağlı aparılan təhlillərin nəticəsi olaraq  970 şəhid ailəsinin 1310 nəfər ailə üzvünə Fond tərəfindən ödənişlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, 534 şəhid ailəsinin 737 ailə üzvünün tibbi müalicə xərclərinin, 313 şəhid ailəsinin 410 ailə üzvünün borc öhdəliklərinin və 25 şəhid ailəsinin 25 ailə üzvünün təhsil haqqının ödənilməsinə, eyni zamanda, 48 şəhid ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına (evin təmiri), 10 şəhid ailəsinin məişət şəraitinin yaxşılaşdırılmasına (istilik, kommunal və s)  başlanılıb.  40 şəhid ailəsinin 80 ailə üzvünün  isə işlə təminatı məsələsi nəzarətə götürülüb. Bu məsələ müvafiq qurumlarla koordinasiya olunacaq.

Yardımlar barədə ətraflı hesabat Fondun yaxın günlərdə istifadəyə veriləcək portalında yerləşdiriləcək.

Müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının qarşılanması davam etdiriləcək. Xatırladaq ki,  Fondun əməkdaşlarından ibarət 69 qrup zəruri planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır. “YAŞAT” Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

“YAŞAT” Fondunun bank rekvizitləri ilə  http://vxsida.az/az/annouces/1493  keçidi vasitəsi ilə tanış olmaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bir qrup hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib –

Sonrakı məqalə

Azərbaycan və Rusiya Baş nazirləri Dağlıq Qarabağın bərpasını müzakirə edib