“Yaxın günlərdə COVID-19-la bağlı ikinci Strateji Hazırlıq və Cavab Planı açıqlanacaq”

- ÜST
10 Aprel 2020 - 15:11

“COVID-19-la bağlı yaxın günlərdə yayımlanacaq ikinci Strateji Hazırlıq və Cavab Planımız bu pandemiyaya cavabın növbəti mərhələsində milli və beynəlxalq strategiyaların həyata keçirilməsi üçün lazım olan mənbələri qiymətləndirəcək. Biz COVID-19-un daha həssas ölkələrə vura biləcəyi zərbəni hələ görməmişik. Bunun baş verməməsi üçün əlimizdən gələni etməyə hazırıq. Bu pandemiya sağlamlıq böhranından da artıq bir şeydir, bütün hökumətlərin və cəmiyyətlərin reaksiyasını tələb edir. Son 100 gün ərzində COVID-19 nəyə qadir olduğunu varlı, inkişaf etmiş ölkələrə vurduğu zərərlə bizə göstərdi”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə deyib.

Baş direktor bildirib ki, COVID-19 qlobal səviyyədə yayılmağa başladığı andan etibarən Türk Şurası ölkələrinin rəhbərləri sıx əməkdaşlıq edirlər: “Buraya tibbi ləvazimatları bölüşdürmək, humanitar yardım və sınaq dəstləri ilə təminat, kliniki təcrübə və tibbi dəstək mübadiləsi daxildir. COVID-19 pandemiyası meydana çıxdığı andan ÜST Türk Şurası ölkələrinə də individual qoruyucu ləvazimatlar və test dəstləri göndərib.

Ölkələrinizin hər biri xəstəliyin fərqli mərhələsində olsa da, hamı eyni məqamları diqqət mərkəzində saxlamalıdır: epidemiyanın səhiyyə sistemlərinə, sosial xidmətlərə və iqtisadi fəaliyyətə təsirini minimuma endirmək üçün səyləri genişləndirmək.

Məhdudlaşdırıcı sosial tədbirlər bizə yalnız vaxt qazandırır. Koronavirusun yayılmasını dayandırmaq testlər aparmaq, təcrid etmək, qayğı göstərmək və hər bir yoluxmanı izləmək üçün hərtərəfli strategiya tələb edir.

Eyni zamanda, həssas qrupların səhiyyə xidmətlərinə bərabər çıxış vacibdir. COVID-19 dövründə həyati əhəmiyyətli sağlamlıq xidmətlərinə giriş hamı üçün təmin edilməlidir. Əks təqdirdə, situasiyanı idarə etmək daha çətin olacaq və hamı risk altına düşəcək”.

Baş direktor milli strategiyaların 5 əsas istiqamətdə beynəlxalq səviyyədə dəstəklənməli olduğunu deyib, qeyd edib ki, bu istiqamətlərin ÜST-ün diqqət mərkəzindədir: “Bu istiqamətlər ölkələri hazırlamaq üçün onlara dəstək vermək, epidemioloji analiz və risk kommunikasiyasını hazırlamaq, təchizat zəncirinin əlaqələndirilməsi, texniki ekspertizanın təmin edilməsi və tibb işçilərini səfərbər etmək, elmi-tədqiqat işləri, yenilik və bilik mübadiləsidir. COVID-19 pandemiyasını dayandırmaq üçün artıq sizin öz aranızda nümayiş etdirdiyiniz əməkdaşlığı davam etdirməli və inkişaf etdirməliyik. Hamımız bu məsələdə bir yerdəyik və bizim qarşımızda hələ uzun yol var. Bu ümumi təhlükəni yalnız həmrəylik və əzmlə aradan qaldıracağıq”.