“Yaxın Şərq xeyir və şərin mübarizə meydanına çevrilib”- Səudiyyəli nazir müavini

“Bədxah qüvvələr ölkəmizi və regionumuzu dağıtmağa cəhd edir”.

APA-nın xəbərinə görə, bunu Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər nazirinin müavini Əbdülrəhman Əli Əl-Rassi Qoşulmama Hərəkatının (QH) Bakıda keçirilən XVIII Zirvə Görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, QH dünyada sülh, sabitlik, inkişaf və çiçəklənmənin tərəfdarı olan ölkələrin seçimi olub. “Bunu nəzərə alaraq, mənim ölkəm bir daha bu beynəlxalq təşkilatın prinsiplərinə sadiqliyini təsdiq edir. Qoşulmama Hərəkatı hər zaman sabitlik qütbü olub. Geosiyasi kontekstdə mürəkkəb məsələlərə baxmayaraq, biz çətinliklərin öhdəsindən birgə gəlməliyik. Mənim ölkəm dünyada vacib rol oynadığını başa düşür. Biz həm də regionda vacib aktyoruq və üzərimizə düşən vəzifələr – sülh və sabitliyin qorunmasına sadiqliyimizi bir daha bəyan edirik”.

Nazir müavini bu gün Yaxın Şərqin münaqişələr və onun ağır nəticələri ilə üzləşdiyini deyib. Əlavə edib ki, sülh və sabitlik dialoq və tolerantlıq vasitəsilə bərpa oluna bilər və ölkəsi bunu dəstəkləyir: “Yaxın Şərq xeyirxah və bədxah qüvvələrin mübarizə meydanına çevrilib”.

Nazir müavini deyib ki, ölkəsi dünyanın müxtəlif regionlarına ən çox humanitar yardım edən ölkələrdəndir. “Biz dini meyarları nəzərə almadan 43 ölkəyə təxminən 39 milyard dollar dəyərində yardım etmişik. Bu vəsait təhsilə, ölkələrdə infrastrukturun qurulmasına xərclənib. Ölkəmiz humanitar yardımlar göstərməyə davam edir. Biz Yəmən xalqına humanitar yardım göstəririk. İndiyədək bu ölkəyə BMT xətti ilə 14 milyard dollar maliyyə yardımı etmişik”.

XİN başçısının müavini bildirib ki, ölkəsi üçün Fələstin məsələsi fundamental problem olaraq qalır. “Biz paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını və İsrailin işğalçılıq siyasətinə son qoyulmasını tələb edirik”.

O, ölkəsinin Qərbi Saxara məsələsinin də siyasi nizamlama yolu ilə həllini dəstəklədiyini, Mərakeşin mövqeyinə anlayışla yanaşdığını bildirib.

Natiq Səudiyyə Ərəbistanının ötən ay hücuma məruz qaldığını da xatırladıb. Nazir müavini bildirib ki sentyabr ayında ölkəsinə məxsus “Aramco” neft şirkətinin neftayırma zavoduna hücum edilib, qurğular dağıdılıb, nəticədə dünya bazarına 5 milyon barel daha az xam neft çıxarılıb. “Bu hücum beynəlxalq və regional sülhə və təhlükəsizliyə ciddi zərbə idi”, – deyə o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş Prokurorluq aydınlıq gətirdi:

Sonrakı məqalə

Ərdoğan xəbərdarlıq etdi: