Koronavirus pandemiyasına görə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da müxtəlif kateqoriyaya mənsub insanlara, şirkətlərə müəyyən ödənişlər, yardımlar edildi.
Karantin rejimində 600 mindən çox insana 190 manatlıq yardım edildi. Artıq yumşaldılma ilə bağlı bir çox iaşə obyekti fəaliyyətinə başlayıb.
Bəs görəsən, karantin rejimi davam etdiyi müddət ərzində hələ də fəaliyyəti bərpa olunmayan müəssisələrin əməkdaşları və aztəminatlı insanlara 190 manatlıq yardım edilə bilərmi?
Məsələ ilə bağlı deputat Musa Quliyev sonxeber.az-a açıqlama verib.
Deputat bildirib ki, bu edilə bilməz və edilməli də deyil: “Çünki insanları yavaş-yavaş əməyə istiqamətləndirməliyik. İnsanlarımız işləməlidirlər və eyni zamanda iqtisadiyyatımız davam etməlidir.
Çünki koronavirusun nə qədər davam edəcəyini hələ bilmirik. Bəlkə də biz bu virusla uzun müddət yaşayacağıq. Ona görə də həyatımızı evə qapatmalı deyilik.
Karantin rejiminin əks-epidemik tədbirlərinə riayət etməklə yavaş-yavaş fəal həyata qayıtmalıyıq. Dünyanın bir çox ölkələrində artıq fəal həyata qayıdırlar. İnsanlar da öz əməkləri ilə məşğul olmalı, iqtisadiyyatımıza kömək etməli və özlərinin sosial həyatını yaxşılaşdırmaq barədə düşünməlidirlər.
Yəni biz bu yayı da işləməsək payızda, qışda daha ciddi ərzaq qıtlığı ilə üzləşə bilərik. Bunlar hamısı nəzərə alınmalıdır. Şübhəsiz ki, təcrid rejimindən çıxıb artıq sosial məsafə rejiminə keçməliyik. Sosial məsafəni qorumaq və qoruyucu vasitələrdən istifadə etməklə həyatımızı davam etdirməliyik. Artıq bütün dünya olaraq yeni bir yaşam tərzinə keçmişik.
Bu yaşam tərzinin şərtlərinə uyğun həyatımızı davam etdirməliyik”.