Yeddi ayda ölkəyə “Şahdəniz” yatağından 1 milyard dollar gəlir gəlib –NEFT FONDU

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında “Şahdəniz” layihəsi çərçivəsində dövlətin payına düşən mənfəət 1 milyard 72 milyon ABŞ dolları təşkil edib ki, bu da müvafiq dövrlə müqayisədə 15,1 dəfə çoxdur.

ARDNF-in məlumatına görə, “Şahdəniz” layihəsindən əldə olunan gəlirin 252 milyon 725 min dolları kondensat satışından, 819 milyon 275 min dolları isə təbii qazın satışından əldə edilib.

Qeyd edək ki, 2021-ci ilin yekununa görə, Azərbaycan dövlətinə “Şahdəniz” layihəsindən ümumilikdə 884 milyon 793 min dollar mənfəət daxil olmuşdu.

İndi bu ilin yeddi ayı ərzində Azərbaycanın mənfəəti “Şahdəniz”dən əldə olunan ötənilki gəlirləri 21,16% üstələyib. Dünya bazarlarında qazın qiymətindən asılı olaraq, bu il Azərbaycan “Şahdəniz”dən ikinci milyard mənfəətini əldə edə bilər.

Azərbaycanın qaz gəlirlərinin artması çox vacibdir, çünki şirkətlər “Şahdəniz-2” layihəsinin işlənməsinə əsaslı məsrəflərə təqribən 24 milyard dollar sərmayə qoyub və satış bazarlarında qazın qiyməti nə qədər yüksək olsa, Azərbaycan öz xərclərini bir o qədər tez qaytara bilər.

Əvvəlki məqalə

Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir –

Sonrakı məqalə

Sülhməramlılar Ermənistanda “Zəngəzur dəhlizi”nin keçdiyi yolu nəzarətə götürdü-