Yer kürəsinin enerji disbalansı 2025-ci ildə yeni pik həddə çatıb.
Azpost.info bildirir ki, bu barədə Dünya Meteorologiya Təşkilatının (DMT) 23 mart – Dünya Meteorologiya Günündə dərc olunmuş “Qlobal İqlim Vəziyyəti” hesabatında deyilir.
Bu göstərici ilk dəfə olaraq əsas iqlim göstəriciləri sırasına daxil edilib. Bu, Yer kürəsinə gələn günəş enerjisi ilə onun kosmosa geri atılması arasındakı fərqi əks etdirir. Normalda bu dəyərlər balanslaşdırılmalıdır. Lakin istixana qazlarının – karbon qazı, metan və azot oksidinin – artan konsentrasiyası bu balansı pozub.
DMT-nin məlumatlarına görə, bu qazların səviyyəsi hazırda ən azı son 800.000 ildə ən yüksək səviyyədədir. Enerji balanssızlığı 1960-cı ildən bəri durmadan artır və artım son iki onillikdə sürətlənib.
DMT-nin baş katibi Seleste Saulo insan fəaliyyətinin planetin iqlim sisteminə getdikcə daha çox təsir etdiyini və nəticələrinin yüzlərlə və minlərlə il ərzində hiss olunacağını vurğulayıb. O, ekstremal hava hadisələrinin getdikcə daha çox baş verdiyini qeyd edib.
Hesabatda həmçinin qeyd olunur ki, artıq istiliyin 91%-dən çoxu okean tərəfindən udulur və bu da quru temperaturunun yüksəlməsini yumşaldır. 2025-ci ildə okean istiliyinin miqdarı rekord həddə çatıb və onun istiləşmə sürəti əvvəlki onilliklərlə müqayisədə iki dəfədən çox artıb.