Zərdüşt Əlizadə:“Müxalifət  guruldayır, amma “yağa” bilmir”

“Ölkədə aparılan islahatlardan çox da böyük gözləntim yoxdur. Müəyyən kadr dəyişikliyi baş verir. Ramiz Mehdiyevi çıxarırlar və yerinə gənc bir şəxsi təyin edirlər. Mahiyyət dəyişmir. Məsələn, Müsavatın başqanı İsa Qəmbər getdi, Arif Hacılı gəldi. Nəsə dəyişdimi? Odur ki, bu məsələlər mənim üçün maraqlı deyil”.

Azpost.info-nun məlumatına görə, bunları“AzPolitika.info”-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O, qeyd edib ki, Azərbaycanın ənənəvi müxalifətinin də potensialı yoxdur: “Guruldayırlar, amma yağmırlar. Məsələn, Milli Şuranın son qərarlarına baxdım. Hamısı “malı”, “məli” ilə bitən sözlərdir. Yəni hökumət seçkini demokratik keçirməlidir, seçkini demokratikləşdirməlidir, vətəndaşların özünü ifadə etməsinə şərait yaratmalıdır. Mən də sual edirəm ki, niyə etməlidir? “Malı”, “məli” hökumətin nəyinə lazımdır? “O olmasın, bu olsun” filmindəki “Ey, kimsən orda, aç qapını, aç qapını gəlib səni öldürüm” mahnısı qədər gülməli və mənasızdır. Lakin musiqili komediyada bu yarayır, amma siyasətdə yaramır. Sən müxalifətsən, gərək gücün, xalq arasında hörmətin olsun. Amma sən deyirsən ki, bunları edin, seçkidə iştirak edək. Yapışmısan ki, hökumət bunu etməlidir. Hökumət maksimum neyləyə bilər? Necə ki, 1993-cü ildən sonra 1995-ci il seçkilərində Elçibəyin xahişi ilə Mirmahmud Fəttayevə, Əli Kərimliyə mandat vermişdilər, indi də mandat verə bilər. Amma bu mandatı o zaman verirlər ki, siz onların siyasi xəttini və davranışı gözləyəsiniz. Əgər bunu etməyib, hoppanıb düşürsünüzsə, elə o tərəfdə növbəyə durublar da. Ümid Partiyası, Sosial Demokrat Partiyası s. Üstəlik, siz inandırsanız ki, əgər biz boykot etsək, bu seçkilər qeyri-legitim hesab olunacaq… Amma əslində bu da boş söhbətdir. Siz özünüz müxalifət sıralarına o qədər adam salmısınız ki, onlar artıq müxalifət adını qazanıb və ondan hökumət yeri gəldikdə istifadə edir, ortaya çıxarıb deyir ki, bu müxalifətdir. Odur ki, bu cür əqidəsiz, məsləksiz və nəzəriyyəsiz müxalifət heç nəyə yaramır. Və heç nə də edə bilməyəcək. Gücü, pulu, tərəfdarı, strukturları da yoxdur”.

 Zərdüşt Əlizadə sual da edib: “Nəzəri baxımdan sabah hakimiyyət seçki komissiyasını paritet əsaslarla formalaşdırmaq niyyətinə düşərsə, müxalifət partiyaları bu qədər seçki komissiyaları üçün savadlı və əqidəli üzv tapacaqmı? Mən sonuncu dəfə 2005-ci ildə seçkilərdə müşahidəçi kimi iştirak etmişəm. Onda Səbail Seçki Dairəsində rəhmətlik Həsən Kərimov namizəd idi. Onun nümayəndəsi məntəqə komissiyasında əyləşmişdi və şıdırğı karusel gedirdi. Bu cavan oğlan da əyləşmişdi və heç nədən başı çıxmırdı. Gəlib dedim ki, ay cavan oğlan, sən burada neyləyirsən? Heç seçki mexanizmindən xəbəri yox idi. Tez zəng etdirib Həsən Kərimovu məntəqəyə dəvət etdim. Komissiya sədri də cuşa gəlib üstümə çəmkirdi ki, siz neyləyirsiniz, istəyirsiniz yenə bunlar gəlsin? Belə bir şey oldu. Onlar inadcıl və davamlı iş görmək imkanında deyillər. Əhali ilə işləməyi bacarmırlar, müasir texnologiyalarla işləmirlər”.

 Zərdüşt Əlizadənin fikrincə, bu müxalifətin niyyəti cəmiyyəti dəyişmək deyil: “Sadəcə olaraq, bu hakimiyyət zümrəsini kənarlaşdırıb, özləri oturmaq istəyirlər. Amma idarə edəcəkləri sistemin indiki kimi qalmasını istəyirlər. Necə ki, gəlib bir il oturdular və şəxslərdən başqa heç nə dəyişmədi. Sonra da ağaları gəlib hamısını qovaladı. Müxalifətin əsas günahı ümidlərin puça çıxarılmasıdır. İndi xilas üçün uzun yol gedilməli, xalq arasında yenidən ciddi iş aparılmalı, strukturlar yaradılmalı, xalqa aşılanmalıdır ki, gündəlik siyasi iş nədən ibarətdir. Çıxıb mitinqlərdə “istefa” deməklə heç nə həll edilmir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rubl və lirə dollara nisbətdə ucuzlaşacaq

Sonrakı məqalə

“Fitch”: