Zəlzələ Türkiyədə seçkilərin nəticələrinə təsir edəcəkmi? –EKSPERT ŞƏRHİ

“Zəlzələnin Türkiyədə gözlənilən seçkilərin nəticələrinə birbaşa təsiri barədə bu mərhələdə konkret fikir söyləmək çətindir”.

Bu barədə Azpost.info-ya siyasi şərhçi Şahin Cəfərli bildirib.

Onun sözlərinə görə, emosiyalar bir qədər soyuduqdan sonra yəqin ki, Türkiyənin sosioloji araşdırma mərkəzləri zəlzələdən sonra əhalinin əhval-ruhiyyəsinin nə şəkildə, hansı istiqamətdə dəyişdiyini və bunun seçici davranışlarına necə təsir etdiyini müəyyənləşdirmək üçün sorğular keçirəcəklər.

Həmin sorğuların nəticələrini görmədən bu barədə qəti rəy bildirmək spekulyativ iddia olardı: “Amma Türkiyədə zəlzələdən əvvəlki vəziyyət və tendensiyalar məlum idi. Müstəqil mərkəzlərin keçirdiyi çoxsaylı sorğulara əsasən iqtidar bloku – Cumhur İttifaqı ilə onun əsas alternativi olan Millət İttifaqı (“altılı masa” partiyaları) arasında səs nisbəti yuvarlaq rəqəmlə 40-ın 45-ə müxalifətin xeyrinə idi. HDP-nin stabil 10% səsi var idi. Qalan 5%-lik seçici kütləsi Zəfər Partiyası (Ümit Özdağ), Yenidən Rifah Partiyası (Fatih Ərbakan), Məmləkət Partiyası (Məhərrəm İncə) və Türkiyə Dəyişim Partiyası (Mustafa Sarıgül) arasında bölünürdü.

Prezidentlik sorğularında isə durum belə idi: HDP-nin Millət İttifaqının vahid namizədinə dəstək verəcəyi halda bu namizədin ortalama 55% səs alaraq ilk turda qələbə qazanacağını göstərən bir tablo var idi. HDP-nin öz namizədi (texniki namizəd deyil, güclü siyasi fiqur) ilə seçkiyə qatılacağı halda isə prezident seçkiləri 2-ci tura qalırdı”.

Şahin Cəfərli bildirib ki, ötən ilin payızından etibarən hökumət bir sıra populist xarakterli qərarlar qəbul etməyə başlayıb. Minimum əməkhaqqı artırılıb, azgəlirli təbəqələr üçün sosial evlər layihəsinə start verilib, pensiya stajını dolduran, lakin yaş səbəbi ilə təqaüdçü statusu ala bilməyən vətəndaşların (emeklilikte yaşa takılanlar) probleminin həlli ilə bağlı müvafiq addımlar atılıb, banklara 2000 TL-yə qədər borcu olan və bunu ödəyə bilməyən vətəndaşların həmin borcu silinib, vergi borcları restukruzasiya edilib, hətta yol-nəqliyyat hadisələrinə görə cərimələr ləğv olunub.

“Bütün bunlar hakim partiyanın və prezident Ərdoğanın reytinqində müsbət dinamikaya (4-5%-lik) gətirib çıxarmışdı. Bu yüksəliş qələbə üçün kifayət etməsə də, iqtidar çevrələri düşünürdü ki, seçkiyə qədər müsbət trendi davam etdirə biləcəklər, bu isə parlament çoxluğunu qorumağa və prezident seçkilərinin 2-ci turunda qələbəyə zəmin yaradacaq”, – deyə siyasi şərhçi əlavə edib.

Şahin Cəfərlinin sözlərinə görə, zəlzələ və ondan sonra ortaya çıxan çox acı mənzərə, hökumətin xilasetmə tədbirlərinə, yardımlara gec başlaması, bu məsələdə yetərsiz qalması, ümumilikdə bu krizisi pis idarə etməsi iqtidarın reytinqindəki müsbət dinamikanın dayanmasına səbəb olacaq: “Yəni AKP və Ərdoğanın reytinqində azalma olacağını hələ ki söyləyə bilmərəm, amma ən azından yüksəliş trendinin dayanacağını təxmin etmək olar. Bir sözlə, zəlzələdən əvvəl hakim partiyanın və prezidentin seçkilərdə qələbə şansı az idi, zəlzələdən sonra isə bu şansın daha da azaldığını güman edirəm”.

Abbas

 

Əvvəlki məqalə

Azərbaycan Seysmoloji Mərkəzi əhaliyə müraciət etdi –

Sonrakı məqalə

ALDP sədrindən YAP-a birləşməklə bağlı xəbərə reaksiya –