ALDP sədrindən YAP-a birləşməklə bağlı xəbərə reaksiya –"5 min üzvlə bağlı problemimiz yoxdur"

“Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Yeni Azərbaycan Partiyasına birləşəcəyi ilə bağlı xəbər həqiqətə uyğun deyil”.

Bu sözləri ALDP-nin sədri Fuad Əliyev yayılmış  məlumatı Azpost.info-ya şərh edərkən bildirib

F.Əliyevin sözlərinə görə ALDP heç vaxt YAP-ın siyasi kursunu dəstəkləməyib: “Biz müxalifət partiyası olaraq daim onların siyasətini tənqid etmişik. Bu gün də daxili siyasətlə, sosial problemlərlə bağlı tənqidi çıxışlar edirik. Biz hansısa partiya ilə birləşmək fikrimiz yoxdur”.

F.Əliyev deyib ki, Liberal Demokrat Partiyası ilə kimlər birləşmək istəyərsə, təklifləri müzakirə etməyə hazırdırlar: “Siyasi Partiyalar haqqında” yeni qanuna uyğun olaraq, hər bir partiya 5 min üzvün qeydiyyatını aparmalıdır. Bu istiqamətdə heç bir çətinliyimiz yoxdur, kifayət qədər üzvümüz var, sənədləri vaxtında Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.

Azpost.info bu gün yaydığı məlumata görə, “Siyasi partiyalar haqqında” yeni Qanunun təsdiqlənməsindən sonra ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyalar hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək qərarı verib. Həmin partiyaların bu addımı yenidən qeydiyyat problemi ilə bağlıdır.

 

Azpost.info bildirir ki, ALDP 1999-cu ildə qurulub. Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının sədr müavini olub. 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz edərək partiyadan istefa verib.

1999-cu ilin yanvar ayının 30-da ALP-dən istefa vermiş keçmiş partiya üzvləri  Azərbaycan Liberal Demokrat Partiyasının yaradıldığını bəyan ediblər. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçib.

Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaradıb. Zakir Məmmədov 2000-ci ildə zəlzələdə ALDP-nin yerləşdiyi binanın çökməsi nəticəsində ağır yaralanıb və 15 dekabr 2000-ci ildə vəfat edib.

Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşib və o 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda partiyanın sədri seçilib.

Azpost.info

Əvvəlki məqalə

Zəlzələ Türkiyədə seçkilərin nəticələrinə təsir edəcəkmi? –

Sonrakı məqalə

Bütün növ pensiyalar 14,7 faiz artırılıb